Banklarla bağlı 3 problemi diqqətinizə çatdırmaq istəyirəm.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2022-ci ildəki fəaliyyətinə dair hesabatın müzakirəsi zamanı deputat Vahid Əhmədov deyib.
Vahid Əhmədov bildirib ki, Azərbaycanda bank faizləri kifayət qədər yüksəkdir:
"Kredit faizlərin yüksək olması sahibkarlar üçün problem yaradır. İkinci məsələ, bağlanmış banklarda əhalinin kifayət qədər əmanətləri var və əmanətlərin qaytarılmasında ciddi problemlər var. Üçüncü, vaxtı keçmiş kreditlərin qaytarılmasıdır. Mərkəzi Banka bu problemin həll edilməsini tövsiyə edirəm.
Bazarda inhisarçılıq mövcuddur. Bir ildən artıq vaxt keçməsinə baxmayaraq Rəqabət Məcəlləsi Milli Məclisə daxil olmayıb. Baş nazirdən xahiş edirik ki, bu məsələyə diqqət etsin. Həm ərzaq, həm də gündəlik tələbat malları, həm də dərmanların qiymət artımı kifayət qədər yüksəkdir. Hiss olunur ki, qiymətlərin artması hələ müşahidə ediləcək. Qiymət artımını nə qədər idxal inflyasiyası ilə əlaqələndirsək də, burada əsas süni qiymət artımının qarşısının alınmasından söhbət gedir. Hesab edirəm ki, bu sahədə antiİnflyasiya tədbirləri daha genişləndirilməlidir, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin fəaliyyəti gücləndirilməlidir. Son günlər unun, çörəyin qiymətində müəyyən enmələr hiss olunmaqdadır”.