29 Dekabr 2014 13:19
700
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hazırda 30 ölkədə qanlı toqquşmalar gedir. Onların 12-i dini zəmindədir, etik və ideoloji zəmində də toqquşmalar var. Dini konfessiyalar və dindaxili toqquşmalar da mövcuddur”.

Teleqraf.com xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı YAP-ın saytına müsahibəsində deyib. O, bildirib ki, təəssüf ki, belə toqquşmalar islam ölkələrində çoxdur. Dini zəmində toqquşmaları isə radikal cərəyanlar törədir: “Təkcə ötən 14 il ərzində planetimizdə baş vermiş toqquşmalarda 1 milyon 200 min nəfər həlak olub. Bunların da xeyli hissəsi dini toqquşmalar nəticəsində baş verib. Amma Tövrat, İncil, Quran və digər müqəddəs kitabların heç birində müharibəyə çağırış, insanların öldürülməsi çağırışları yoxdur. Müqəddəs kitabların hamısı insanları humanizmə, sülhə, qardaşlığa çağırır. Eyni zamanda, müsəlmanların müqəddəs kitabı olan Qurani Kərim insanları sülhə çağırır. Bu mənada bunlar haqda məlumatları oxuyan 14-15 yaşında gənclər radikalların arxasınca gedə bilməzlər. Bəzi adamlar var ki, Qurandan bir neçə ayə, hədis əzbərləyib meydana çıxaraq özlərini dini dərindən bilən adamlar kimi göstərməyə çalışırlar. Onlar tarixdə baş verən hadisələri bu günə daşımağa çalışırlar. Bu, yolverilməzdir. Hadisələr o zamanlarda qaldı. Tarixdə kimsə nəsə edibsə, indi heç kim ona cavabdeh deyil”.

Mübariz Qurbanlı Qərb dairələrini müsəlman ölkələrində qanlı münaqişələr törətməkdə ittiham edib: “Təəssüf ki, artıq bütün dünyanı ağuşuna alan dini zəmində düşmənçilik dalğası da məhz yeni dünya düzəninin ikili standartlarının təzahürləri, birqütblü dünyaya transformasiyaının süni şəkildə ortaya atdığı avantüradır. Açıq etiraf etməliyik, Qərbin məlum dairələrinin “Böyük Orta Şərq layihəsi” deyilən planında radikal islamçı qrupları səhnəyə daha qabarıq çıxarmaq niyyəti aydın görünür. Onların hərbi hazırlığı, silahlandırılması, maliyyələşməsi və istiqamətləndirilməsi prosesində Qərb emissarlarının birbaşa iştirak etməsi barədə yüzlərlə fakt var. Qərbin bu son intriqası nəticəsində “Allahu əkbər” sədası ilə müsəlman müsəlmanı qətlə yetirir. Sünni şiənin məscidini partladır, şiə də sünnilərə eyni cavabı verir, vəhabilər isə hər ikisinin kəndlərini dağıdır. Yəni bu təriqətlər məhz içlərinə salınmış şeytanın şərinə uyub, məlum şəbəkənin tələsinə düşür və bir-birlərinin qəniminə çevrilirlər. Beləliklə də, yüz minlərlə müsəlman öldürülür, əlil olur, milyonlarla müsəlman isə öz yurdundan didərgin düşür. Və ən dəhşətli məqam odur ki, bu münaqişələrdə qalib gələn heç vaxt nə islam, nə də hansısa təriqətdir, qalib islamı düşmən kimi görənlər və bu təxribatı həyata keçirən şəbəkədir! Acı gerçəklik odur ki, Xaç yürüşləri bu gün də davam edir, amma onu XXI əsrdə müsəlmanı müsəlmana qırdırmaqla həyata keçirirlər!

Bu prosesdə Qərbin strateji mərkəzləri, necə deyərlər, “bir güllə ilə iki dovşan” vururlar. Bir tərəfdən islam dini dünya ictimai rəyində gözdən salınır, digər tərəfdən “idarə olunan xaos” yolu ilə məqsədə nail olunur - ərəb dünyası, Yaxın Şərq qan çanağına çevrilir. Onsuz da ölənlər onlar üçün yadlardır - üzülməyə dəyməz, dağılanlar isə sonradan Qərb şirkətlərinə veriləcək vəsaitlə bərpa olunacaq. Amma ən böyük mənfəət Şimali Afrikadan Cənubi-Şərqi Asiyayadək böyük coğrafi arealın bütün təbii sərvətləri və insan resursları ilə Qərb dünyasının nəzarətinə keçməsidir”.

Ayxan


Müəllif:

Oxşar xəbərlər