“Bu gün Azərbaycanın yüksək səviyyədə əlaqələrə malik olduğu Avropa ölkələrindən biri də Almaniyadır. Martın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasının Kansleri Olaf Şoltsun dəvəti ilə bu ölkəyə etdiyi işgüzar səfəri də, şübhəsiz, mövcud əlaqələrin bundan sonra daha sürətli inkişafına xidmət edəcək. Prezident İlham Əliyev tərəfindən təqdim olunan aydın strateji istiqamətlər, bu və ya digər sahələr üzrə qeyd edilən konkret rəqəmlər alman biznesinin nümayəndələri üçün son dərəcə maraqlı perspektivlərin olduğunu nümayiş etdirdi.”
Bu sözləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov bildirib.
Onun sözlərinə görə, dövlət başçımızın alman biznesinin aparıcı təmsilçilərinə təqdim etdiyi məlumatlarda Azərbaycanın iqtisadi cəhətdən tam müstəqil olması faktı öz əksini tapmış oldu ki, bu da ən mühüm cəhətlərdən biridir.
"Prezidentimiz birmənalı olaraq vurğuladı ki, ölkəmiz iqtisadi cəhətdən müstəqildir və bu, ötən illər ərzində dövlətin ən əsas hədəflərindən biri olub. Dövlət başçımızın açıqlamalarında son iyirmi il ərzində əsasən enerji sektoru sayəsində sürətli iqtisadi artımın olduğu, bu gün yeni hədəf kimi iqtisadiyyatımızın daha çox şaxələndirilməsinin müəyyən edildiyi qeyd olundu. Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Azərbaycana qaz təchizatı və ya mövcud qaz təchizatının artırılması ilə bağlı 10-dan çox Avropa ölkəsindən müraciət olunub. Bunun müqabilində ölkəmiz tərəfdaşlarının ehtiyaclarını qarşılamaq üçün hər şeyi edir. İri xarici şirkətləri maraqlandıra biləcək perspektivli fəaliyyət istiqamətlərindən biri də 30 il ərzində işğal altında olmuş Qarabağ və Şərqi Zəngəzurun azad edilmiş torpaqlarında aparılan yenidənqurma işləri ola bilər.”
Deputat qeyd edib ki, martın 14-də Prezident İlham Əliyevin Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerlə və kansler Olaf Şoltsla keçirdiyi təkbətək və geniş tərkibdə görüşlərin gedişində bir çox mühüm məsələlər müzakirə olunub.
“Almaniyanın dövlət və hökumət başçıları ilə keçirilən görüşlərdən sonra Azərbaycan Prezidenti və Almaniyanın kansleri keçirdikləri mətbuat konfransında müzakirə olunan məsələlərə dair açıqlamalar verdilər. Bu zaman bir daha qeyd olundu ki, Azərbaycan və Avropa İttifaqı Şərq Tərəfdaşlığı çərçivəsində daha da sıx əməkdaşlıq etmək istəyir. Bu istiqamətdə çox önəmli addımlar atıldığını qeyd edən dövlətimizn başçısı keçən il Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış enerji təhlükəsizliyi üzrə strateji tərəfdaşlığa dair anlaşma memorandumunun əhəmiyyətini bir daha vurğuladı. Mətbuat konfransında Ermənistan-Azərbaycan münasibətlərinin mövcud durumu barədə açıqlama verən dövlətimizin başçısı 30 ilə yaxın müddət ərzində davam edən erməni işğalı, xalqımızın məruz qoyulduğu etnik təmizləmə nəticəsində torpaqlarımızın 20 faizinin işğal altına düşdüyünü və bir milyon azərbaycanlının Ermənistan tərəfindən öz doğma torpaqlarından qovulduğunu, qaçqın-köçkün vəziyyətinə düşdüyünü bir daha Avropa ictimaiyyətinin diqqətinə çatdırdı. 2020-ci ilin sentyabr-noyabr ayları ərzində Azərbaycanın apardığı ədalətli Vətən müharibəsi nəticəsində öz ərazi bütövlüyünü döyüş meydanında bərpa etdiyini vurğulayan Prezident İlham Əliyev 28 il ərzində BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini icra etməyən Ermənistanın cəmi 44 gün ərzində öz məğlubiyyəti ilə barışmalı olduğunu qeyd etdi. Lakin bu gün Azərbaycan Ermənistanla münasibətlərində ədavət səhifəsini çevirməyə hazırlaşdığını bütün dünyaya nümayiş etdirir. Dövlətimizin başçısı mətbuat konfransındakı çıxışında da birmənalı olaraq bildirdi ki, bu gün sülhün zamanı çatıb. Bu məqsədlə Azərbaycan Ermənistana 5 prinsip əsasında sülh müqaviləsini təklif edib. Ermənistan bu şansı qaçırmamalıdır və Cənubi Qafqazda sülh və əməkdaşlıq dövrü başlanmalıdır”.