Rusiya, Belarus və Ukraynadan Azərbaycana idxal olunan 63 tona yaxın kartof məhsulunda zərərvericilər aşkarlanıb.
Bu barədə Teleqraf.com-a Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, nəzarət tədbirləri çərçivəsində fiziki şəxs Süleymanov Ramin Zahid oğlunun idxal etdiyi Belarus Respublikasının “Экономфрукт” şirkətinə məxsus 21 ton, Ukrayna Respublikasının “Внешняя торговля и переработка" şirkətinə məxsus 21 ton və Rusiya Federasiyasının “Агромир” şirkətinə məxsus 20,95 ton kartof məhsulundan Agentlik əməkdaşları tərəfindən nümunələr götürülərək təhlükəsizlik göstəricilərinin müəyyən edilməsi məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Müayinələr nəticəsində hər 3 partiya məhsulda karantin tətbiq edilən zərərvericilər − kartof yumrularında halqavarı çürümə (Clavibacter michiganensis subsp. sepedonicus) və kartof gövdə nematodu (Ditylenchus destructor Thor.) aşkarlanıb.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb. İstehlaka yararsız məhsullar məişət tullantıları poliqonunda məhv edilib.