29 Mart 2023 18:54
3 001
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təxminən yeddi-səkkiz il öncə Türkiyədəki hərracların birindən Əhməd bəy Ağaoğlunun qızı, Qarsın millət vəkili, məntiq və fəlsəfə üzərinə kitablar yazmış Tezer Ağaoğluna (Taşkıran) aid mühüm materialların olduğu qovluq satın almışdım. Həmin qovluqda bir zərfin üzərində “Daşkənd səyahətinə aid rəsmlər. Holland nümayəndə yolladı” yazılmışdı, içərisində 6 fotoşəkil vardı. Özbək qadınların olduğu bu rəsmə bir məna verə bilməmiş, Tezer xanımın hansı tarixdə Daşkənddə olduğunu tapa bilməmişdim. Daha sonra isə bu şəkilləri tamamilə unutmuşdum. Ta ki dünən Türkiyə arxivlərində Tezer xanımın bu səyahətlə bağlı Türkiyənin Xarici İşlər Nazirliyinə yazdığı raportun mətni ilə tanış olana qədər...

***

1956-cı ilin martında Birləşmiş Millətlər Təşkilatının İqtisadi və İctimai Heyətinin qadınlarla bağlı komissiyasında qadın haqları sahəsində çalışan şəxslərin təcrübələrini bölüşmələri üçün növbəti il seminarlar keçirilməsi qərara alınıb. Sovet İttifaqının təmsilçisi bütün məsrəfləri öz ölkəsinin qarşılayacağını bildirib və toplantının Moskvada keçirilməsini istəyib.

14 sentyabr 1957-ci ildən 3 oktyabr 1957-ci ilə qədər davam edən seminarda Türkiyəni Əhməd bəy Ağaoğlunun qızı Tezer Taşkıran təmsil edib.

Tezer xanım səyahətdən qayıtdıqdan sonra 8 iyun 1957-ci ildə 19 günlük səfəri ilə bağlı Xariciyyə Vəkalətinə raport təqdim edib. Həmin raportda seminar çalışmalarının hər biri haqqında detallı bilgi verilib, rus təmsilçilərin oxuduğu raportlar təfsilatlı şəkildə təqdim olunub. Tezer xanımın yazdığına görə, seminara 37 ölkədən gələn nümayəndələr qatılıb: “Onlardan bir qismi birbaşa ölkələrinin müxtəlif qadın təşkilatlarını, bir qismi də millətlərarası təşkilatları təmsil etməkdə idilər. Diqqətçəkən bir xüsus Amerika Birləşmiş Ştatlarının seminara qatılmaması idi. Yalnız Dünya Səhiyyə Təşkilatını təmsilən seminara qatılan və bu təşkilatda ana və uşaq sağlamlığı bölməsinin sədri olan xanım amerikalı idi. Bütün nümayəndələrin millətlərarası və ya milli bir təşəkkülü təmsil etdiklərini gördüyüm üçün mən də Türkiyədə olan müxtəlif qadın təşkilatlarının nümayəndəsi olduğumu söyləmək məcburiyyətində qaldım. Seminar çalışmaları Moskvada nümayəndələrin müsafir qaldıqları “Sovietiskaya” hotelinin alt mərtəbəsində keçirildi. “Sovet Rusiyada qadın bərabərliyi” başlığını daşıyan seminar 15 sentyabrda başladı və altı gün davam etdi... Nümayəndələrə fransızca və ingiliscə olaraq verilən raportlar bunlardı:

  1. Sovet Rusiyasında qadınlar kişilərlə eyni siyasi haqlara malikdirlər və hökumətdə fəal rolları vardır.

  2. Sovet qadınları kişilərlə eyni mədəni haqlara malikdirlər.

  3. Sovet qadınlarının iqtisadi sahədəki bərabərliyi.

  4. Sovet Rusiyasında ictimai müavinət

  5. Sovet Rusiyasında səhhət, analıq və uşaqların müdafiəsi

  6. Sovet Rusiyasında qadınların təhsil haqları

  7. Elm, mədəniyyət və sənətdə Sovet qadınları

Seminarın açılış nitqini Birləşmiş Millətlərdə qadın komissiyasında Sovet Rusiya təmsilçisi Nina Spiridonovva etdi, Birləşmiş Millətlərdə bu cür seminar fəaliyyətlərindən gözlənilən faydalardan bəhs etdi. Onun ardınca Seminarı Tənzimləmə Komitəsinin sədri Nina Popova danışdı, nümayəndələrə ölkəsi adına təşəkkür etdi. Ondan sonra masa başında əyləşən məşhur rus qadınları təqdim olundu. Onların arasında bir neçə nazir, akademiya üzvləri, elmi sahədə və sənətdə seçilən bir çox qadınlar vardı”.

Tezer xanım raportunda seminardakı hər çalışma barədə əhatəli məlumatlar verib. Məsələn, “Sovet Rusiyada qadınlar kişilərlə eyni siyasi haqlara malikdirlər və hökumətdə fəal rolları vardır” başlıqlı raport haqqında yazıb: “... Bu raporta və verilən əhatəli məlumata görə, Sovet Rusiyasında 1917-ci il inqilabından sonra qadınlara hər sahədə olduğu kimi siyasi sahədə də kişilərlə tamamilə bərabər haqlar verilmiş və Leninin “hər ev qadını dövlətin necə idarə edildiyini bilməlidir” sözü geniş miqyasda əksini tapmışdır... 1936-cı ildə gizli səslə seçki sistemi hakim olunca və qadınların da kişilər kimi seçə biləcəkləri və seçilə biləcəkləri açıqlanınca qadınlar seçim kampaniyalarında fəal rol almışdılar. Hazırda seçki komissiyalarında çalışan qadınların sayı üç milyona yaxındır... Yerli Sovet təşkilatına seçilmiş qadınların sayı da son seçimlərə görə 340314-dür... Hazırda Ali Sovet Şurasında 348 qadın vardır. Bunlar Şura üzvlərinin 25,8 faizini təşkil edir. Onlar arasında Özbəkistan Universitetində professor olan Məsudə Sultanova, Zaura Omarova, Zorakan İmankalikovanın adlarının üstündə xüsusilə dayanıldı. Onlardan ikincisi mühəndis bir qazax qadın, üçüncüsü isə bir qırğızdır...”.

“Atatürk çox yaxşı adam”

Tezer xanımın raportda adı çəkilən qırğız qadınla olan söhbəti olduqca maraqlıdır: “Həmin gün günortadan sonra Kremldə Rusiyanın siyasi sahədəki məşhur qadınları və bəzi kişiləri ilə tanış edildik. Bu məşhur qadınlar arasında yuxarıda adı çəkilən gənc qırğız qadın mənim yanımda əyləşdirilmişdi. Onunla çətinliklə də olsa, türkcə danışdıq. Mənə təkrar-təkrar “Atatürk çox yaxşı adam” (mətndə: “Atatürk çoh yahşi adam” – D.Ə) dedi. Nümayəndələr tərəfindən verilən sualların ən diqqətçəkənini gənc bir Sudan nümayəndəsi soruşdu. Bu gənc qız dedi: “Hər şeyiniz mükəmməldir, buna rəğmən nə üçün tək partiya ilə idarə edilirsiniz?”. Rusiya səyahətində rusların bu cür sualların heç xoşlarına gəlmədiklərini müşahidə etdim. Gənc qızın sualı da sovetlərin üzlərində əcaib bir məmnuniyyətsizlik və təbəssüm yaratdı. Cavab verən şəxs ölkələrində siniflərin olmadığını, buna görə də çarpışan mənfəətlərin bəhs mövzusu ola bilməyəcəyini, bütün rusların eyni dərəcədə haqqa malik olduqlarını, beləliklə digər partiyalara ehtiyacları qalmadığını, fəqət bu sözlərinin tənqidin olmadığı mənasına gəlməyəcəyini və xüsusilə icraatda çox şiddətli tənqidlər olduğunu söylədi”.

Seminarda daha sonra tək mühazirəçi kişi olan professor Qurşenin “Sovet qadınları kişilərlə eyni mədəni haqlara malikdirlər” mövzusunda çıxış edib. Professor məruzəsində evlilik və mədəni haqlar məsələsinə toxunub. “Sovet qadınlarının iqtisadi sahədəki bərabərlikləri” mövzusunda çıxış edən Ali Sovet Şurası üzvü, Sovet Ticarət Birlikləri Mərkəzi heyətinin katibi Nina Papova 1917-ci il inqilabından sonra kişilər və qadınlar üçün eyni işlərə eyni maaş əsasını qəbul etdiklərini bildirib.

Tezer xanım hər mövzu ətrafında müvafiq təcrübi sahəyə aparıldıqlarını yazıb. O, bir məhkəmə prosesində, tütün fabrikində, uşaq bağçasında olub.

Tezer xanım təhsil və uşaqların müdafiəsi mövzusunda verilən bilgiləri raportunda daha detallı şəkildə yazıb. Rusiyadakı məktəblər, universitetlər, araşdırma institutları, kitabxanalar, kino salonları, muzeylər, teatr binaları, konservatoriyalar haqqında statistik bilgilər də təqdim edib. Qonaqlar Moskva Universitetinə ziyarətə aparılıblar, rektor onlara təhsil müəssisəsi haqqında geniş bilgilər verib.

21 sentyabrda nümayəndələr iki istiqamətə yola düşüblər: Leninqrad və Stalinqrad. Tezer xanım 32 nəfərlik heyətlə Stalinqrada uçub. Stalinqradda heyətə İkinci Dünya müharibəsində şəhərin müdafiəsindən bəhs edilib, yaradılan muzeylə tanış edilib. Stalinqradda verilən ziyafətdə Tezer xanım da qonaqlar qarşısında ingiliscə ümumi çıxış edib.

Daşkənd səyahəti

Sentyabrın 24-də Tezer xanım Özbəkistana gedib. Daşkənddə təyyarə meydanında özbək qadınları onları qarşılayıb. Daşkənd barədə Tezer xanım bunları yazıb: “Şivə və kəlmələrdə fərqlər olmaqla yanaşı Daşkənddə ancaq türkcə danışdım. Hətta digər millətlərin xanımları ilə onlar arasında tərcüməçilik də etdim. Qərbdən gələn çox ziyalı xanımlar da özbəklərlə bizim münasibətimizin heç fərqində deyildilər və onlarla anlaşa bildiyimə heyrət edirdilər. Burada da qadın sahəsində böyük miqyasda irəliləyiş olduğu görülürdü. Nazir, nazir müavini, deputat, professor qadınlar var. Çadranın tamamilə ləğvi və tək arvaddan çox qadınla evlənmənin tarixə qarışdığı söylənilir.

Özbəklər özlərinə “Sovet özbək” deyirlər. Özbəkistanın əhalisi yeddi milyon yarım imiş. Mərkəzi Daşkənddə bir milyon əhali varmış. Ən məşhur küçələrinin adı Əlişir Nəvaidir... Yeni tikilmiş opera binasının divarları Buxara, Səmərqənd, Daşkənd sənət əsərləri ilə bəzədilmiş, divarlarda “Leyli və Məcnun”, “Tahir və Zöhrə”, “Əsli və Kərəm” rəsmləri var. Bu adların hamısını bilməyim özbəkləri təəccübləndirirdi. Özbək xanımların mənə daha yaxın münasibəti heyətə qatılan ruslar tərəfindən xoş qarşılanmırdı, zənnində idim”.

Özbək qadınların bu istiqanlı münasibətinə görə ziyafət zamanı həmişə ön sıralarda yer verilən Tezer xanıma daha kənar bir masa ayrılıb: “Bununla da, bəlkə, yerli xalqa Türkiyəyə əhəmiyyət verilmədiyi görüntüsünü vermək istəyirdilər”. Daha sonra Səhiyyə nazirinin müavini olan qadın Tezer xanımı süfrənin orta qisminə gətirə bilib. Özbək qadınlar Türkiyədə özbəklərin, azərbaycanlıların necə adlandırıldığını soruşublar, “Özbək türkləri”, “Azərbaycan türkləri” kimi ifadələr istifadə edildiyini eşitdiklərində təəccüb içində qalıblar. Maraqlıdır ki, özbək qadınlar ziyafətdə verilən kabab, mantı, plov kimi yeməklərin Tezer xanıma tanış olmasına da heyrətləniblər. Taşkıran onlara eyni kökdən olduqlarını, Orta Asiyanın hamımızın mənşəyi olduğunu bildirib.

Mikoyanla söhbət

Tezer xanım SSRİ səfərinə daha çox Orta Asiyanı görmək üçün getdiyini, lakin burada xəstələndiyi üçün istədiyi kimi gəzə bilmədiyini yazıb. Oradan Soçiyə, daha sonra Moskvaya qayıdıblar. Kremldə heyətə verilən ziyafətə Molotov, Malenkov və Mikoyan da qatılıb. Tezer xanım SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Mikoyanla arasında keçən dialoq haqqında bunları yazıb:

“Məni əvvəlcə Malenkova təqdim etdilər. Daha çox ümumi surətdə və çox nəzakətli danışdı. Sonra Mikoyana təqdim edilmək üçün tərcüməçi bir xanım və seminar idarəçilərindən biri ilə onun yanına getdik. O əsnada Mikoyanın ətrafında isveçrəli, belçikalı, holland, fransız xanımlar vardı və onlarla danışırdı. Məni türk nümayəndəsi olaraq təqdim etdikləri zaman bütün bu xanımları bir tərəfə buraxdı. Böyük bir məmnuniyyətlə təkrar-təkrar əlimi sıxaraq dedi: “Buraya bir türk xanımının gəlməsindən nə qədər məmnunam, kaş ki biləsiniz. Biz Türkiyə ilə yaxşı dostluq münasibətləri istəyirik. Tarixdə bu və ya digər səbəblə aramızda acı şeylər keçmiş ola bilər. Bunları unudaq. Yaxşı dostluq, yaxşı qonşuluq münasibətləri quraq. Karaçidə baş nazirinizi gördüm. Ona da söylədim”. Mən ona “Rusiyaya siyasi bir vəzifə ilə gəlmədiyimi, ancaq qadın təşkilatlarının nümayəndəsi olaraq seminara qatıldığımı, fəqət bir türk vətəndaşı olaraq ölkəmin siyasətini təbii olaraq bildiyimi və azadlıq və istiqlalımıza hörmət edilməsi şərti ilə qonşularımızla və bütün dünya millətləri ilə dostluq istədiyimizi və bütün millətlərin rifah və səadətini dilədiyimizi” söylədim. Məni çox diqqətlə dinlədi. Şəxsim haqqında çox nəzakətli sözlər söylədi”.

Tezer xanım daha sonra Molotovla tanış olub. O da qısa olaraq Mikoyan kimi danışıb. Digər xanım nümayəndələr Molotovla şəkil çəkdirmək üçün sıraya dursalar da, Tezer xanım oradan uzaqlaşıb.

Raportunun sonunda Tezer xanım bəzi məsələlər barədə də ayrıca məlumat verib: Fatma adlı rus pilotla evli olduğunu deyən türk xanımdan, daima ona Nazim Hikməti mədh edən rus qadından. Tezer xanım Nazim Hikməti tərifləyən sözlərə reaksiya vermədiyini bildirib. Taşkıran xüsusi olaraq onu da vurğulayıb ki, Rusiyada ziyafətlər xaric əsla sərbəst qalmayıblar: “Bu səyahətdə bizə nə göstərdilərsə, ancaq onu görə bildik. Kiminlə istədilərsə, onlarla təmas qura bildik... Müsafir edildiyimiz hotelin yemək siyahısından və girdiyimiz dükanlardakı qiymətlərdən həyatın çox bahalı olduğu bariz olaraq görüldüyü halda həyatın ucuz olduğu və hər kəsin kürü yeyə bildiyini dedilər”.

Tezer xanım yazır ki, seminarın ilk günü bütün nümayəndələrə Rusiya səyahəti üçün 500 dollar pul vermişdilər: “Mən bu pulun bir qismini bir bazar günü ziyarət etdiyimiz ortodoks kilsəsinin yardım qutusuna, bir qismini nümayəndələr adına qoyduğumuz çələnglərə, bir qismini də qaldığımız hoteldə çalışan xidmətçilərə verdim”....


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər