1 Aprel 2023 13:08
2 056
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nazirlər Kabinetinin qərarına əsasən, növbəti tədris ilindən I-IV sinifləri üçün "Azsaylı xalqların dili" fənni tədris olunacaq.

Elm və Təhsil Nazirliyi hazırda I-IV siniflər üçün "Talış dili", "Saxur dili", "Xınalıq dili" və I sinif üçün "Haput dili" dərslik komplektlərinin çapı üzrə işlər aparıldığını açıqlayıb.

Bu dillərin tədrisinə zərurət nədən qaynaqlanır və hansı formada aparılacaq?

Məsələ ilə bağlı Teleqraf.com-a Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov bildirib ki, Azərbaycanda yaşayan milli azlıqların dillərində dərsliklərin hazırlanması ilk hal deyil.

Onun sözlərinə görə, əvvəlki dövrdə Azərbaycanda yaşayan etnik azlıqlar, o cümlədən talışlarla və digər xalqların nümayəndələrinin dilləri ilə bağlı əsərlər çap olunub: “Bu, davamlı olaraq dövlət tərəfindən həyata keçirilən məsələdir. Ona görə də geniş müzakirələrə lüzum görmürəm. Azərbaycanda yaşayan azlıqların dili ilə bağlı bu əsərlərin qələmə alınması, dərsliklərin nəşri məsələsi uzun illərdir ki, həyata keçirilir. Hazırda Azərbaycanda daha geniş ərazilərdə yaşayan milli azlıqların dillərinin tədrisinə üstünlük verilib. “Ləzgi dili və digər etniklərin dili ilə bağlı dərsliklərin yazılması üçün də addımlar atılır. Zərurət yaranarsa, Azərbaycanda yaşayan digər xalqların dili ilə bağlı da müəyyən əsərlərin, dərsliklərin yazılması məsələsi gündəmdə ola bilər”.

Ceyhun Məmmədov onu da qeyd edib ki, bir sıra ölkələrin təhlükəsizlik orqanları Azərbaycanda sabitliyi pozmaq üçün milli amildən istifadə etməyə və ölkəmizdə yaşayan xalqları dövlət əlehinə qaldırmağa çalışırlar: “Bunu xüsusilə Ermənistan edir. Ermənistanda universitetlərdə Talış dili kafedraları var, bu dildə televiziyalar fəaliyyət göstərir. Təbii ki, bu da məqsədlidir. Zaman-zaman bu istiqamətlərdə müəyyən cəhdlərin şahidi oluruq. Ona görə də vətəndaşlarımız məsələyə sağlam yanaşmalıdırlar. Qeyd etdiyim kimi Azərbaycanda yaşayan xalqlarla bağlı uzun illərdir bu işlər aparılır, gələcəkdə təhlillərlə digər etniklərin dilində də dərslik yazılması, tədrisi mümkün ola bilər”.

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, təhsil eksperti Etibar Əliyev isə etniklərin dilinin tədrisini məqsədəuyğun hesab etmir: “Qərar qəbul edilibsə, sözügedən dillər tədris olunacaq. Mən isə düşünürəm ki, Konstitusiyamıza uyğun olaraq tədris dili Azərbaycan dilidir və tədris bu dildə aparılmalıdır.

Müxtəlif xalqların dillərinin tədrisi təşkil olunacaqsa, diqqət yetirmək lazımdır, həmin dillərdə ədəbiyyat varmı?! Təbiət elmləri sahəsində ədəbiyyat yoxdur axı. Ona görə də, yalnız Azərbaycan dilində tədrisə təraftarıyam. Bu dillərdə ibtidai təhsil pilləsində dərsiliklər olsa belə, ondan sonra hara adlamaq olar? Bu dillərdə tədrisin qurulmasındansa, düşünürəm ki, məktəbdə keçirilən fizika, kimya fənninin saatını artırmaq daha yaxşıdır”.

Etibar Əliyev qeyd edib ki, universal təhsil üçün universal dil lazımdır: “Hətta Azərbaycan dilində ədəbiyyatlarda çatışmazlıqlar var. Bu sahədə kifayət qədər boşluq müşahidə olunur. Üstəlik tərcümə işi o qədər zəifdir ki, bədii ədəbiyyatı belə qüsurlu tərcümə edirlər. Təbii ki, Azərbaycanda yaşayan bütün xalqlara hamımızın böyük hörməti və rəğbəti var. Talışlar, ləzgilər və başqa etnik qruplar 44 günlük Vətən müharibəsində döyüşüb canlarından keçdilər. Amma düşünürəm ki, tədris dili Azərbaycan dili olaraq qalmalı və onu daha da zənginləşdirməliyik".


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər