Şuşada səfərdə olan media nümayəndələri - britaniyalı müxbir Eror Alexsandar və serbiyalı fotoqraf Knezevic Nemanja Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası ilə tanış olarkən yolun humanitar məqsədlər üçün açıq olduğuna şahidlik ediblər.
Teleqraf.com xəbər verir ki, bu barədə "Report"un aksiyanı işıqlandıran əməkdaşı xəbər verir.
Əcnəbi media nümayəndələri söhbət əsnasında etiraz aksiyası barədə məlumatlandırılıblar. Onlara aksiyanın məqsədi və etirazçıların tələbləri haqda informasiya verilib.
Qeyd edilib ki, aksiyanın keçirilməsində məqsəd ekoloji cinayətlərə son qoyulmasıdır.
Bildirilib ki, yol humanitar məqsədlər üçün tam açıqdır və heç bir blokadadan söhbət gedə bilməz.
Həmçinin xarici media nümayəndələrinə aksiyanın dinc şəkildə keçirildiyi barədə məlumat verilib.
Bununla yanaşı, əcnəbi jurnalistlər Azərbaycanın işğaldan azad olunan ərazilərində, xüsusən də Şuşada aparılan bərpa və yenidənqurma işləri barədə məlumatlandırılıb.
Həmçinin xarici jurnalistlər Azərbaycanın mədəniyyət paytaxtında mövcud olan tarixi yerləri ziyarət ediblər. Onlar işğal dövründə şəhər ərazisində ermənilər tərəfindən törədilən vandalizm nümunələri ilə əyani şəkildə tanış olublar.
Qeyd edək ki, xarici media nümayəndələri bu gün Füzuli rayonunun işğaldan azad olunmuş ərazilərinə də səfər edəcəklər.