"Valideynlər ən çox dərmanların nizamlı şəkildə qəbul olunmasına nəzarət etməlidirlər. Tutmaların səbəblərdən biri məhz dərmanın buraxılması və ya özbaşına dayandırılmasıdır".
Teleqraf.com xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, nevroloq Kamran Salayev deyib.
O bildirib ki, digər vacib amil yuxudur: "Uşaq yetərli qədər yuxu almalıdır, yuxu rejiminə ciddi nəzarət olunmalıdır. Yuxusuz qalan epilepsiya xəstələrində tutma ehtimalı yüksəlir. Televizor, telefon və digər vasitələrdən istifadə nəzarət altında olmalıdır".
K.Salayev vurğulayıb ki, uşaqlarda qıcolmaların və ya epilepsiyaların səbəbi müxtəlifdir: "Bunlara genetik səbəblər, baş zədələri, beyin və onun örtüklərinin infeksiyaları, beyinə oksigen çatışmazlığı və digər səbəblər aiddir. Səbəbi tapmaq üçün epilepsiyanın sidromunu müəyyən etmək və neyroradioloji müayinənin nəticələri vacibdir.
Bir çox uşaqlıq dövrə aid olan epilepsiya sindromları xoşxassəli xarakter daşıyır, yəni onlar yetkinlik yaşına qədər davam etmir, uşağın inkişafı və intellekti adətən normal olur. Bu sindromların səbəbi genetik amillərə bağlıdır".
"Tutmaların proqnozu yalnız qismən onların səbəbindən asılıdır. Məsələn, iki uşaq eyni bakteriyaya yoluxa bilər və hər ikisində menengit, beyin və onurğa beynini əhatə edən qışanın infeksiyası var. Bir uşaq ağır epilepsiya ilə qalır, digər uşaq isə heç vaxt qıcolma keçirmir. Fərqli nəticələri necə izah etmək olar? Bu tam aydın deyil. Burda genetik (irsi) amillər və infeksiyanın xüsusiyyətləri rol oynaya bilər.
Epileptik tutma hər bir insanda baş verə bilər. Lakin nəticə etibarı ilə kimdə epilepsiya yaranacaq, kimdə yaranmayacaq, bir çox məlum və hələ də məlum olmayan amillərin bir-birinə təsir etməsindən asılıdır", -nevroloq əlavə edib.