“Bizdə belə bir məlumat var idi ki, hökumət dərman vasitələrinin qiymətləri ilə əlaqəli xüsusi layihə hazırlayır. Lakin uzun müddət keçməsinə baxmayaraq həmin layihə barədə hələ də heç bir məlumat yoxdur. Çünki dərmanların qiymətlərinin baha olması ciddi problemlərdən biridir”.
Teleqraf.com xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vahid Əhmədov parlamentin aprelin 11-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.
Parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deputat həmkarının dediklərinə cavab olaraq bildirib ki, tək dərmanların qiyməti yox, eləcə də keyfiyyəti, əlçatanlığı və bu sahədə olan digər problemlərlə bağlı Səhiyyə Nazirliyi və hökumət birlikdə sənəd üzərində iş aparır:
“Sənədin hazırlanması ilə bağlı işlər artıq başa çatmaq üzrədir. Güman edirəm ki, yaxın vaxtlarda belə sənədi görəcəyik. Bununla da dərman vasitələri ilə bağlı mövcud olan problemlərin həlli nəzərdə tutulur”.
Deputat Razi Nurullayev isə vurğulayıb ki, eynitərkibli və eyniadlı dərmanlar bir aptekdə 10 manata, o birisində isə 120 manata satılır:
"Ölkəmizdə dərmanların satış qaydaları, keyfiyyəti və bu sahədə olan idarəçiliklə bağlı xeyli şok vəziyyəti yaradan hallar var. Əgər bu belə olmasaydı, insanlar arasında filan aptek yaxşıdır deyib, xüsusi olaraq həmin apteklər şəbəkəsini axtarmazdılar. Vətəndaş eşitdiyinə, gördüyünə, təcrübəsinə, özü və qohumları üzərində yaşadığı faktlara əsaslanır. Bizim apteklərdə satılan dərman vasitələri çox baha olmaqla bərabər, bir sıra hallarda həm də çox keyfiyyətsizdir. Bu səbəbdən də vətəndaşlar daha yaxşı apteklər axtarışındadır. Alman apteklər şəbəkəsi var, Böyük Britanıya dərmanları var və s. Qiymətlər də orada adi apteklərdən 5-10 dəfə daha bahadır. Soruşanda deyirlər ki, bunlar alman, ingilis keyfiyyətidir, ona görə. Bu nə deməkdir? Bu o deməkdir ki, biz hamımız, dövlət, hökumət də qəbul edir ki, bu belədir. Əgər bu belədirsə, o zaman niyə vətəndaşlar aldadılır, onların cibinə girilir? Dərman ətir deyil ki, deyəsən, zövq məsələsidir. Alman, ingilis apteklərinin olmasının əleyhinə deyiləm və açığı onlara etirazım da yoxdur. Mən vətəndaşların aldadılmasına qarşıyam".
Millət vəkili Siyavuş Novruzov isə qeyd edib ki, apteklərdə satılan bəzi dərmanların içərisindəki həblərin sayında fərqlər olur:
"Bununla da dərman satışı ilə məşğul olanlar daha çox gəlir əldə etməyə çalışırlar".
Deputat Tahir Kərimli vurğulayıb ki, dərmanların keyfiyyətini azaltmaq üçün istehsalçı şirkətlərlə əlbir hərəkət edirlər:
"Bunlar faktdır. Amma bunlara son qoyulmalıdır. Ona görə də dərmanlar bahadır, keyfiyyəti də aşağıdır. Təklif edirəm ki, imkansız şəxslər üçün dövlət tərəfindən apteklər açılsın. Şəkər xəstələri üçün ayrılan vəsaitə də nəzarət etmək lazımdır. Bu sahədə sözsüz ki, problemlər çoxdur".
Millət vəkili Etibar Əliyev isə məsələ ilə bağlı bunları deyib: "Dərmanlarla bağlı Türkiyə təcrübəsindən yararlanmaq lazımdır. Dərmanların ekspertizası barədə konkret addım atılmalıdır. Vaxtilə dərmanların keyfiyyətinə ciddi nəzarət var idi".
Milli Məclisin mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva vurğulayıb ki, bu gün Azərbaycana dərman vasitələrinin idxal prosedurunun sadələşdirilməsinə ehtiyac var:
"Bu sahədə ən vacib məsələ inhisarçılığa son qoyulmasıdır".