Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Nazirliyin İctimaiyyətlə əlaqə idarəsinin “Azərbaycan Maarifçi Gənclər Təşkilatı” İctimai Birliyi ilə əməkdaşlığı çərçivəsində Azərbaycan Gənclər Fondunun dəstəyi ilə çəkilmiş, Xüsusi Riskli Xilasetmə Xidmətinin nümunəvi əməkdaşlarından olan bölmə rəisi gizir Əliyeva Leylanın peşəkar fəaliyyətindən bəhs edən “İncə xətt üzərində” sənədli filminin təqdimatı keçirilib.
Bu barədə Teleqraf.com-a FHN-dən məlumat verilib.
Təqdimat mərasimində filmin yaradıcı heyəti, FHN Akademiyasının rəisi general-mayor Baba Salayev, Bakı Regional Mərkəzinin rəisi general-mayor Məhərrəm Həsənov, İctimaiyyətlə əlaqə idarəsinin rəis müavini polkovnik Məhbubə Mustafayeva, FHN-in yanğın-xilasetmə qurumlarının gənc əməkdaşları iştirak ediblər.
Əvvəlcə, Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, Vətən uğrunda canını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Daha sonra tədbiri açıq elan edən İctimaiyyətlə əlaqə idarəsinin rəis müavini polkovnik Məhbubə Mustafayeva çıxış edərək filmin yaradıcı heyətinə təşəkkürünü bildirib. O, L.Əliyevanın xilasetmə əməliyyatlarında göstərdiyi şücaətlə bağlı tədbir iştirakçılarına məlumat verərək bildirib ki, Nazirliyin xilasetmə qurumlarında çalışan hər bir qadın xilasedici ən mürəkkəb və ağır əməliyyatlarda həyatlarını təhlükəyə ataraq uğurla iştirak edir, insanların həyatını xilas edirlər. Vəzifə borcunu şərəflə yerinə yetirən Əliyeva Leylanın nümunəsində Azərbaycan qadınının həm də xilasedici obrazında istənilən çətin missiyanı yerinə yetirməyə qadir olduğunu görürük.
Çıxış üçün söz verilən “Azərbaycan Maarifçi Gənclər Təşkilatı” İctimai Birliyinin sədri Mərziyyə Aslan filmin ərsəyə gəlməsində göstərdiyi dəstəyə görə Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına təşkilat adından təşəkkür edib və filmin yaradıcı heyəti barədə tədbir iştirakçılarına məlumat verib.
Sonra “İncə xətt üzərində” sənədli filmi nümayiş olunub. Film Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasedicisi gizir Əliyeva Leylanın peşəkar fəaliyyətindən, o cümlədən iştirak etdiyi ən mürəkkəb və riskli əməliyyatlardan bəhs edir.
Filmin nümayişindən sonra tədbirə yekun vuran FHN Bakı Regional Mərkəzinin rəisi general-mayor Məhərrəm Həsənov filmin ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkür edib, L.Əliyevanı təbrik edərək ona peşəkar fəaliyyətində uğurlar arzu edib.