19 Aprel 2023 18:00
1 860
12 Punto 14 Punto 16 Punto 18 Punto

1920-ci il aprelin 27-də Rusiyanın Azərbaycan Cümhuriyyətini işğal etməsindən sonra Bakıda həbslər başladı, yüzlərlə insan güllələndi, Nargin adasına sürgün edildi. Həmin dövrlə bağlı mühacir Rza Tağının iki xatirəsini təqdim edirik:

***

“Hacı İlyas”ın cinayətləri

Azərbaycan Cümhuriyyətini işğal edən qırmızı hissələr hər hansı bir dövrün, hər hansı bir millətin əsgəri qitələrinə bənzəməyən quldur dəstələri idi. Bir ordunun yerinə şəhərə ayaqları çarıqlı, üstləri-başları cırıq-cırıq olmuş, ordudan ziyadə bir sürü mənzərəsi ərz edən bir kütlə girdi. Bu sürünün hər hansı bir qışlaya ehtiyacı yox idi. Evlərə əl qoymaq yolu ilə ev sahiblərini çölə atır, yeyəcək və geyəcəkləri, ev əşyalarını istədikləri kimi istifadə edirdilər.

Bu arada zəngin bakılılardan birisi olan Murtuza Muxtarzadə evini müdafiə edərkən 2 qırmızı zabiti öldürüb özünü də intihar etmişdi. İşğal qüvvətləri yerləşir-yerləşməz ixtilal hərəkətinə tabe olmayanları tutmaq üçün bir çox təşkilat qurdular. Bu təşkilatın etdiyi zülmlərlə ən çox şöhrət qazananları “11-ci ordu xüsusi təşkilatı” Azərbaycan “ÇeKa”-sı və “11-ci ordu inqilab məhkəməsi” idi. Bu məhkəmənin başında Hacı İlyas adında birisi dururdu.

Hacı İlyasın Bakıya gəlişi xalqı böyük bir qorxuya saldı. Bu adam 5-10 yardımçısı ilə birlikdə evlərə hücum edir, qiymətli şeyləri alıb-götürür və həbs etdiyi kimsələri məhkəmə önünə çıxarmadan öldürürdü. Bəzi kimsələri isə rəisi olduğu məhkəmədən keçirməklə edama məhkum edirdi. Bu uğursuz adamla aramda olmuş bir hadisədən bir qissəni bəhs etmək istəyirəm: Sahibi olduğumuz bina bir müddət əvvəl ÇeKa-nın adamları tərəfindən işğal olunmuşdu. Bu binanı bir gün ziyarət edən Hacı İlyas buranı çox bəyənmiş və mənə xəbər verməyə də lüzum görmədən içindəki adamları çölə atıb bura özü yerləşmişdi.

Onunla ilk qarşılaşmamız belə oldu. Bir axşam binaya gəldiyim zaman qarşıma qısa boylu, əsmər, qalın qaşlı, qorxunc bir şəkildə parlayan və heç bir zaman sabit durmayan qara gözlü bir adam çıxdı. Ayağında qırmızı bir şalvar və kürəyində dəri bir pencək vardı. Bu əcaib qiyafətli adam şeytan yuvasına bənzəyən qəribə bir papaq geyinmişdi. Hacı İlyasın günlük həyatı çox qəribə idi. Bu adam axşam saat doqquza qədər olduqca normal bir burjuaya bənzəyərdi. Sabah yeməyini yeyər, ailə ərkanı ilə gülərüz danışar, onların könüllərini alar və olduqca açıq bir üzlə hərgünkü işinə gedərdi. Fəqət axşamları saat 9-a doğru Hacı İlyas yavaş-yavaş dəyişməyə başlardı. Rəngi saralar və səhər hər kəs kimi sakit və normal olan bu adamda əsəb böhranları əlamətləri görünərdi.

Axşam yeməyindən sonra isə Hacı İlyas artıq qana susamış və insandan başqa hər şeyə bənzəyən bir məxluq olurdu. Əlinə bir şüşə konyak alaraq ətrafındakı adamları ilə bərabər evindən çölə çıxar və bütün gecə bir çox adam öldürdükdən sonra sabaha yaxın evinə dönərdi. Bu saatlarda Hacı İlyası tanımağa imkan yoxdu. Çünki qanlı əlləri ilə evə dönən bu canavarın üzü keçirməkdə olduğu əsəb böhranlarından dolayı qapqara bir rəng alardı. Evə girər-girməz arvadına və uşaqlarına ağıza alınmayacaq söyüşlər söyər, uca səslə bağırar və bir az içki içdikdən sonra süst qalardı. Bakı şəhəri bu dəhşətverici hava içində tam altı ay yaşadı. Bu sırada Moskvada başda Nərimanov olmaqla Azərbaycan komissarları işə müdaxilə etdilər.

İnqilabi tribunal rəisi Hacı İlyasın özbaşına hərəkət etdiyini bildirdilər. Moskva ərkanı heyrətlər içində qaldı. Heç kim Hacı İlyas adında bir kimsəni tanımırdı. Hacı İlyasın tutulması üçün əmrlər verildi. Bu xəbəri mən həbsxanada olarkən eşitdim. Həbsxanadan çıxdığım vaxt “domkom”un (ev komitəsi) sədri Hacı İlyasın necə həbs edildiyini mənə danışdı: “Bir gecə əli silahlı on nəfər məni oyadaraq Hacı İlyasın binasına aparmağımı tələb etdilər. “Hacı İlyas məni dərhal öldürər, bu işi edə bilmərəm” dedim. Gələnlərdən biri özünün hərbi tribunalın sədri Teymur Əliyev olduğunu bildirərək vəd etdi ki, Hacı İlyas artıq kimsəni öldürməyəcək, əksinə onun özü güllələnəcək. Qapını açan Hacı İlyas məsələni başa düşdü, qapını örtmək istədiyi zaman silahlı adamlar onu tutdular və əllərini-ayaqlarını bağlayaraq həbsxanaya götürdülər.

Evində axtarış apardılar, otağındakı seyfdə öldürdüyü adamların ağızlarından sökdüyü qızıl dişlər, barmaqlardan çıxardığı brilyant üzüklər, almazlar, cəvahirat ələ keçdi. Aparılan təhqiqat nəticəsində: başına topladığı kimsələrlə quldurluq edən Hacı İlyasın türk və müsəlman olmayıb odessalı İlya adından tələbə olduğu üzə çıxdı. Bayıl həbsxanasında İlya bağıraraq aramsız deyirmiş ki, “mən də başqa kommunistlər kimi hərəkət edirdim, onlar da mənim kimi adamları soyduqdan sonra öldürürdülər”.

Azərbaycanlılara böyük zülmlər vermiş bu quldur üç gün həbs edildikdən sonra edam edildi. Bakılılar Hacı İlyasın 5-10 min arası adam öldürdüyünü deyirlər.

Sovetlərin xalqımıza etdikləri zülm Hacı İlyasın etdiyi zülmün eynisidir. Bəli, başqa çekistlər Hacı İlyasdan geri qalmırdılar. Yejovların, Beriyaların, Bağırovların Hacı İlyasdan fərqi yoxdur.

Rza Tağı

“Azerbaycan” jurnalı, Münxen, sayı 6-7, oktyabr-dekabr 1952

“Azerbaycan” jurnalı, Münxen, sayı 11, aprel 1953

***

Çekada gördüklərim

Bakı bolşeviklərə verildikdən sonra məni və atamı ÇeKaya saldılar. Hər gün cürbəcür əziyyətlərə şahid olurdum.

Bir gün bir molla gətirdilər. “Günahım nədir?” deyə soruşduqda ona dedilər: “Çox köksən, görünür ki, heç bir vaxt işləməmisən. İşləsəydin, sən də fəhlələr kimi arıqlayardın. Səni bir az işlətmək lazımdır”.

Mollaya elə bir vəzifə verdilər ki, səhhəti tam yerində olan şəxs də buna dözə bilməzdi. Molla qaçmasın, yolda divarlanmasın deyə belindən bağlı idi. Səhərlər dan yeri ağarınca aşağı mərtəbədən kərpicləri götürüb dördüncü mərtəbəyə çıxartmalı və axşamüstü də çıxardığı bu kərpicləri aşağıya endirib təkrar suyun içərisinə düzməli idi.

Düz bir aylıq işgəncədən sonra zəifləyən və xəstələnən mollanı Narginə sürgün etdilər. Axırı nə oldu heç cür öyrənə bilmədim.

Bir gün hündürboy, alyanaqlı, məsum simalı bir gənc gətirdilər. Qəzet satan bu gənc onu gözləyən təhlükəni bilmirdi. Bolşeviklərin nəzərində günahı xəbərçilik imiş. Bolşeviklər Azərbaycanı işğal etməzdən əvvəl Bakıya silah göndərirlərmiş. Bu silahların əksəriyyəti dəniz yolu ilə aparılırmış. Məhəlli polis bu göndərişin qarşısını almaqda çox zəiflik göstəribmiş. Bir gün bu göndərişin sahilə çıxarılmasını görən bu gənc bu civarda olan yoldaşlarını xəbərdar edib silahların kimə aid olduğunu öyrənmək istəyir. Bu hadisəyə maraq edən yerlilər, yəni digər vətəndaşlar polisi xəbərdar edərlər. Polis yük və silahları müsadirə edər.

Bolşeviklər Bakını istila etdikdən sonra tez bu gənci həbs edərlər və ÇeKaya göndərərlər. Çox zəkalı və canlı bir gəncdi.

Noyabrın 10-da bolşeviklər “ayaqqabı günü” elan etmişdilər. Bakıya girən əsgərlərin əksəriyyətinin ayaqları çılpaq idi. Bu gəncin 90 yaşında olan atası bolşeviklərə ayaqqabı vermədiyi üçün onu da həbs etdilər. Bu zavallı ixtiyar necə ayaqqabı versin ki? Verə bilməzdi, çünki özü ayaqyalın yürümək məcburiyyətində olacaqdı.

Atasının həbs edildiyini görən gənc olduqca kədərlənərək ailəsindən başqa kimsələrin təhlükədə olduğunu düşünürdü. Lakin eyni gün axşam saat 9-da gənci ölümə apardılar. Oğlunun ölümə aparıldığını görən atanın gözyaşları qurumuşdu. Üzünü oğluna çevirərək dedi: “Övladım, get Allah səninlə olsun. Ölümdən qorxma, bizi düşmənə satana Allah lənət eləsin. Allahın qəzəbinə məruz qalsınlar”. Ardınca özündən gedərək yerə yıxıldı və Allahın rəhmətinə qovuşdu.

***
Bir gün də ÇeKaya on beş yaşında bir uşağı gətirdilər. Günahı nədir bilirsinizmi?

Bolşeviklərin Azərbaycanı istilası zamanı hər əsgər öz pulunu xərcləyə bilirdi. Fəqət bu pulların heç biri bir-birinə bənzəməzdi. Daimi bir qorxu içərisində yaşayan əhali onları qəbul etməyə məcbur idi. Xalq bu pulu qəbul etmədən öncə bunun saxta olub-olmadığını soruşardı. Çünki bolşevikləri dəqiqədə bir bu və ya digər pulun saxta olduqlarını elan edirdilər.

Bir gün qəhvəxanaya gələn bir adam uşağa orada olan zabitdən bir pulun saxta olub-olmadığını anlaması üçün soruşmasını istəyir. Zabit isə uşaq və adamı polisə təslim edir. Bütün məsələ budur.

Bir axşam zavallı uşağı apardılar. Zavallı ÇeKaya gəldikdən iki gün sonra əbədiyyən həyata əlvida etmişdi.

Bu hadisənin ən çirkin tərəfi isə pul və qəhvəxananın sahiblərinin bir gün sonra azad edilmələri idi. Görünür ki, onların arxası varmış, halbuki zavallı uşağın heç kimsəsi yoxmuş.

Budur “proletar ədaləti”.

Rza

“Azerbaycan” jurnalı, Münxen, sayı 1, 1951


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər