Türk Hava Yolları təxminən 200 nəfər azərbaycanlının Yeni ili planlarını alt-üst etdi. ANS PRESS-in məlumatına görə, Gəncə - İstanbul reysi ilə uçmaq istəyənlər bayramı Gəncə hava limanında keçirməli olublar.
2014-cü ilin son və 2015-ci ilin ilk gününü hava limanında keçirənlər Türk Hava Yollarının bayram kampaniyalarından yaralanmaq istəyənlərdir. Bu şəxslər kampaniyanın şərtlərinə uyğun olaraq 99 AZN ödəyib avia şirkətin 31 dekabr saat 09:35-də havaya qalmalı olan reysinə bilet alıblar və səhər saat 7-dən Gəncə hava limanındadırlar.
Kampaniyadan yaralanmaq istəyən Bakı sakini Orxan Əliyev ANS PRESS-in qaynar xətti ilə əlaqə saxlayaraq iki gündür ac-susuz gözlədiklərini bildirdi: "Dünən səhər tezdən buradayıq. Sərnişinlərin çoxu evlərinə geri dönüb. Yaşlıar, xəstələr və uşaqlar üçün daha çətindi. Hazırda 140 sərnişin Gəncə Hava Limanında gözləyir. Biz pul vermişik ki, Yeni ili İstanbulda qarşılayaq, bayramı fərqli qeyd edək. Amma elə alındı ki, Yeni ili hava limanında qarşılamalı olduq. Kampaniya biletlərinin 99 manat olmasına aldandıq".
Bizə deyirlər ki, hava şəraitinin pis olması ilə əlaqədar uçmuruq. Amma burada hava normaldır və biz buna inanmırıq. Azərbaycana məxsus təyyarə havaya qalxdı, səhv etmirəmsə Moskvaya uçurdu. Bizi isə hələ də gözlədirlər".