24 Aprel 2023 15:24
1 340
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəsulzadə ailəsinin tanınmış nümayəndələrindən biri də şairə Ümmügülsüm xanımdır. “Rəsulzadə Ensiklopediyası”ndakı məlumata görə novxanılı Məhəmmədrəsul Rəsulzadənin üç övladı olub: Ələkbər, Əbdüləziz, Dostuxanım. Məhəmmədrəsulun böyük oğlu Ələkbər Məhəmmədəmin Rəsulzadənin atasıdır. Digər oğlu Əbdüləzizin üç övladı olub – Məhəmmədəli, Ümbülbanu, Ümmügülsüm. Məhəmmədəmin Rəsulzadə Əbdüləzizin – öz əmisinin böyük qızı – Ümbülbanu ilə evlənib. Ümbülbanu xanımın bacısı isə tanınmış şairə Ümmügülsümdür ki, onun da həyat yoldaşı yazıçı Seyid Hüseyn olub. Məhəmmədrəsulun qız övladı olan Dostuxanım isə (M.Rəsulzadənin bibisi) 1930-cu ildə vəfat edib, onun övladı olmayıb.

Ümmügülsüm xanım 1900-cü ildə Novxanıda doğulub. Gənc yaşından şeirlər yazan şairənin “İqbal”, “Yeni iqbal”, “Açıq söz”, “Qurtuluş”, “Dirilik”, “Məktəb”, “Qardaş köməyi”, “Azərbaycan” və s. qəzet və jurnallarda əsərləri işıq üzü görüb. 1915-ci ildə şairənin “Qurtuluş” jurnalında “Solğun çiçək” hekayəsi nəşr olunub.

Cümhuriyyət dövründə milli dövləti tərənnüm edən şairənin “Türk ordusuna”, “Ey Türk oğlu”, “Çəkil, dəf ol”, “Əsgər anasına”, “Dərdli nəğmə”, “Yurdumuzun qəhrəmanlığına”, “Yollarını bəklədim” adlı şeirləri dərc olunub. Rusiyanın Azərbaycanı işğalından sonra “Hicran”, “Bayrağım enərkən” kimi şeirlərlə üsyanını bildirib. “Bayrağım enərkən” şeiri 3 may 1920-ci ildə Azərbaycan bayrağının parlament binasından götürülməsi münasibətilə qələmə alınıb.

Yazıçı Seyid Hüseynlə ailə həyatı quran Ümmügülsüm ərinin həbsindən sonra özü də repressiyaya məruz qalıb. Onun həbsi ilə bağlı qərarda yazılıb: “00486 nömrəli əmri əldə rəhbər tutaraq vətən xaininin arvadı kimi Sadıqova Ümmügülsüm Əbdüləziz qızı həbs edilsin və Bakı şəhərində gözətçi nəzarəti altında ümumi həbsxanada saxlanılsın. Mənzilində axtarış aparılsın, silah, qiymətli əşyalar və əksinqilabi ədəbiyyat götürülsün. Qalan əmlakı müsadirə edilsin və dövlət hesabına köçürülsün”.

Hazırlanmış bu arayışdan sonra 1 noyabr 1937-ci ildə AzSSR XDİK DTİ-nin 8-ci şöbəsinin inspektoru Kolçinin imzası ilə SSRİ MİK-in 4 iyul 1934-cü ildə qəbul olunmuş sənədinə əsasən, Sadıqov Seyid Hüseyn Mirkazım oğlunun həyat yoldaşı olduğuna görə Sadıqova Ümmügülsüm Əbdüləziz qızının həbs edilməsi barədə qərar qəbul edildi. Qərarı noyabrın 1-də Az.SSR XDİK müavini DT mayoru Borşov təsdiq etdi. Həmin qərar 4 dekabr 1937-ci ildə Sadıqova Ümgülsümə elan edildi. 2 noyabr 1937-ci ildə Sadıqova Ümgülsümün yaşadığı Zamkovski döngəsi, 74 nömrəli evdə axtarış aparıldı. Lakin evdə XDİK əməkdaşlarının marağını cəlb edən bir şey tapılmadı".

Bayıl türməsinə gətirilən Ümmügülsüm 8 il həbs cəzasına məhkum edilərək, 1938-ci ildə Temlaq əmək islah düşərgəsinə göndərilib. Həbs dövrü ilə bağlı “Qala xatirələrim” və məktubları yadigar qalıb.

1943-cü ildə Ümmügülsüm SSRİ Xalq Daxili İşlər Komissarlığına ərizə ilə müraciət edərək azadlığa buraхılmasını istəyib. 1944-cü ildə buraxılan şairəyə Şamaxıda yaşamağa icazə verilib. 17 sentyabr 1944-cü ildə Şamaxıda vəfat edib.

Ümmügülsüm xanım haqqında 2005-ci ildə Aydın Hüseynzadənin geniş həcmli kitabı işıq üzü görüb, onun həbsi ilə bağlı yuxarıda verdiyimiz bilgi də həmin əsərdəndir. İstər həyatı, istərsə də yaradıcılığı tədqiqatçılar üçün maraqlı olan Ümmügülsüm xanım haqqında davamlı araşdırmalara ehtiyac var. Bir neçə il öncə mühacir şair Almas İldırımın Türkiyədə “Özleyiş” jurnalında onun haqqında yazdığı məqaləni ilk dəfə olaraq ictimaiyyətə təqdim etmişdik. Bu dəfə isə Türkiyənin “Ulus” qəzetində Ümmügülsümün bir şeirinin çapı barədə olan yazını təqdim edirik. Bu kiçik həcmli yazının Ümmügülsüm xanımın araşdırıcıları üçün maraq doğuracağı qənaətindəyik. Bu yazı çıxdığında şairə xanım bir il idi ki vəfat etmişdi.

Türkiyənin “Ulus” qəzetinin 23 dekabr 1945-ci il tarixli sayında “T.İ” imzası ilə “Bir kəlmə, bir qoşma” başlıqlı yazı dərc olunub. Yazıda Ümmügülsüm xanımın yazdığı şeirdəki “soraq” kəlməsi müzakirə olunub. Həmin yazını olduğu kimi təqdim edirik:

***

Bir kəlmə, bir qoşma

Qəzetçilikdə böyük ustadımız mərhum Əhməd Rasimin nəvəsi Osman Nihat Akın rəsmi işlərinin xaricində ədəbiyyat və şeirlə də məşğul olan yoldaşımızdır. Onunla zaman-zaman məktublaşır, görüşürük.

Mənim özünəməxsus bir kolleksiyam vardır. Osman Nihat dədəsinin məşhur gözlüyünü də kolleksiyama ərməğan edib. Ustadın nəvəsindən əvvəlki gün bir məktub gəldi. Bu zərif məktuba bir də mənzuma əlavə edilmişdi. Osman Nihat bu qoşmada keçən “soraq” kəlməsinin (mübahisə etdiyi üçün) mənasını məndən soruşurdu. Məktubda yazılmışdı: “… Azərbaycanlı Ümmügülsüm adlı bir qadın tərəfindən yazıldığı rəvayət edilən bu qoşmadakı “soraq” kəlməsi üzərində ilişib qaldım.

Çıxdım ki yollardan alayım soraq

Dediyinə baxarsaq, “soraq” burada ya “cavab”, yaxud da “xəbər” mənasına gəlməkdədir. Əgər “sormaq” məsdərindən gələn “soraq” sual yerinə işlənilirsə, şair bunu işlədə bilməmişsə bu bizim daha çox işimizə yarar və bundan belə “soraq” kəlməsini zənn edirəm ki, dilimizdə çox yaxşı işlədə bilərik. Məsələn: “Sorağım neçə vaxtdır qarşılıqsız qalmışdır” cümləsi mənə “sualım çox vaxtdan bəri cavabsız qalmışdır” mənasını verə bilər…”.

Kəlməni Türk Dil Qurumunun son vaxtlar çıxartdığı “Sözlük”də axtardım, tapa bilmədim. Fəqət “Tarama” dərgisində “soraq” və “sorağ” kəlmələri osmanlıcanın bu kəlmələri ilə qarşılanmaqdadır: “Anket, xəbər, istifsar, istihbar, isticvap, istintaq, məlumat, nişan, təhərri, təhqiq, təhqiqat, təftiş…”. Ayrıca “sorağ”ı da “isticvap” demək olduğu kimi “soraqlamaq” məsdəri də “sual etmək”, “təftiş etmək” mənalarına gəlir.

Kəlmənin müxtəlif mənalarını verdikdən sonra bu qoşmanı da təkrarlamaq fəna olmayacaq:

Bir solğun çiçəyəm, bir sarı yarpaq,

Candan şikayətkar, canandan iraq.

Çıxdım ki, yollardan alayım soraq,

Xəbər verən yoxdur, sorma dedilər.

Ayrılınca hilal qaşlı yarımdan,

Mən yaslara yatdım, geymədim əlvan.

Düşünüb o yıldız gözləri hər an,

Ardınca qoşarkən, varma dedilər.

Könül şəkvəsini kimə söyləsin?

Qəlbimin dərdini kimlər dinləsin?

Səni sevən, sənsiz ömrü neyləsin?

Ağlarkən özünü yorma dedilər.

Mənim göylərimdən günəş çəkildi,

Parlaq həyatıma zülmət töküldü.

Vərəmli qəlbimə oxlar dikildi,

Qoy axsın qanları, sarma dedilər.

Günəşim bir daha doğmayacaqmı?

Vəhşi qaranlığı qovmayacaqmı?

Kölgələri şəfəq boğmayacaqmı?

Sordum, ümidini qırma dedilər.

T.İ.


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər