Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi tərəfindən “Heydər Əliyev İli”nə həsr olunmuş “Gənc xilasedici və yanğınsöndürən” X Ümumrespublika yarışlarının zona birinciliyi keçirilib.
Bu barədə Teleqraf.com-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə keçirilən birinciliyin əsas məqsədi şagirdlərin fövqəladə hallara hazırlıqla bağlı fiziki və intellektual səviyyəsinin yoxlanılması, məktəblilərdə fərdi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin artırılması və yetişməkdə olan gənc nəslin nümayəndələrinə sağlam həyat tərzinin aşılanmasından ibarət olub.
Əvvəlcə, tədbir iştirakçıları Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Daha sonra çıxış edən Qarabağ Regional Mərkəzinin rəisi polkovnik Mirəli Feyziyev yarışın əhəmiyyətindən danışıb, iştirakçılara uğurlar arzulayıb. Yarışın “Heydər Əliyev İli”nə həsr olunmasını qeyd edən M.Feyziyev xalqımızın ümummilli lideri Heydər Əliyevin Vətən, xalq qarşısında tarixi xidmətlərindən danışıb, müstəqilliyimizin qazanılması və qorunub saxlanılmasında Ulu Öndərin titanik fəaliyyətindən bəhs edib.
Sonra yarışa start verilib. Yarışda Qarabağ Regional Mərkəzinin əhatə etdiyi şəhər və rayonların təhsil müəssisələri iştirak ediblər.
Yarış “Kombinə edilmiş yanğın estafeti”, “Maneələr zolağı” və “Gənc ekspertlər” adlı üç mərhələdən ibarət olub.
Gərgin mübarizə şəraitində keçən yarışların yekunlarına əsasən, Laçın rayon Taxtakörpü qəsəbə tam orta məktəbinin komandası I yerə, Ağdam rayon Quzanlı qəsəbə tam orta məktəbin komandası II yerə, Bərdə rayon 6 nömrəli tam orta məktəbin komandası isə III yerə layiq görülüb.
Qeyd edək ki, qalib komanda “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının respublika birinciliyində iştirak etmək hüququ qazanıb.