Mühacir şair Almas İldırım ömrünün sonlarında Türkiyənin Malatya şəhərində yaşayıb, orada da vəfat edib. Yaşadığı bölgənin yerli mətbuatı ilə əməkdaşlıq edən Almas İldırım Malatyada Kale bucağının müdiri olub. Türk Milliyyətçilər Dərnəyinin Malatya şöbəsinə üzv olan şair şəhərdə çıxan “Demokrat Malatya” qəzeti ilə əməkdaşlıq edib. Bu yazıda Almas İldırımın Malatya həyatından və “Demokrat Malatya” qəzetindəki yazılarından bəhs edəcəyik.
***
Almas İldırımın əməkdaşlıq etdiyi “Demokrat Malatya” qəzetinin ilk sayı 23 fevral 1951-ci ildə işıq üzü görüb. Sahibi Kemal Özmumcu (daha sonra Mustafa Saltoğlu), idarəçisi Yılmaz Hamikoğlu (daha sonra məsul müdiri Yüksel Sezel, yazı işləri müdiri Bahaeddin Erdem) olub. Türkiyədə 1950-ci il seçkilərində Demokrat Partiyanın (DP) iqtidarı qazanması nəticəsində bölgələrdə bu partiyanı dəstəkləyən mətbu orqanlar qurulub. Qəzetin çıxdığı dövrdə Malatyanın valisi Turqut Babaoğlu idi.
Bu şəxs DP hökumətində Baş nazirin müavini olan Səməd Ağaoğlunun həyat yoldaşı Nəriman xanımın qardaşı idi. Bu qohumluğa görə artıq müxalifətdə yer alan CXP-lilər bu vəziyyəti tənqid ediblər. Ona görə də qəzetin 16-cı sayında (13 mart 1951) M.İhsan Yazman imzası ilə “Ağaoğlu kimdir? Babaoğlu kimdir? Kimə nə etmişlər!” başlıqlı məqalə dərc olunub. Yazıda hər iki şəxs haqqında tərifli sözlər yazılıb, eləcə də Əhməd bəy Ağaoğlunun şəxsiyyəti ilə bağlı müsbət fikirlər ifadə edilib: “Qüvveyi-milliyyədən bəri bütün məmləkətin və millətin, hətta dünyanın tanıdığı Qars millət vəkili, elm adamı mərhum Əhməd Ağaoğlunun oğludur... Atası dövrün ən intriqalı dönəmlərində pul qazanmağı, sərvət toplamağı istəmədiyi və sevmədiyi üçün övladlarına da belə bir sənət buraxmamışdır...”.
Hökumətdə təmsil olunan Səməd bəy 17 aprel 1951-ci ildə Malatyaya səfər edib, xalq önündə nitq söyləyib. Ehtimal ki, həmin vaxt Almas İldırım bu şəhərdə olmayıb. Daha sonra Şefik San vali təyin edilib, 1953-cü ilədək bu vəzifəni daşıyıb. Almas İldırım böyük ehtimalla 1951-ci ilin sonlarında Malatyaya gəlib. Onun bu qəzetdəki aktivliyi də həmin ilin sentyabrından etibarən başlayır. “Mefkure” qəzetindəki nekroloqda 1951-ci ilin iyulundan Tuncelinin İresi bucağı müdiri olduğu, vəfatından bir ay əvvəl Malatyanın Kale bucağı müdirliyinə təyin edildiyi bildirilib.
22 oktyabr 1951-ci ildə Türk Milliyyətçilər Dərnəyinin Malatya şöbəsinin açılış mərasimi keçirilib. Cəmiyyətin sədri Lütfi Beydağı və müavini Nevzat Bulundan sonra Almas İldırım “Moskvanı yakacağım” adlı şeirini oxuyub.
24 noyabr 1951-ci ildə Türk Milliyyətçilər Dərnəyinin Malatya şöbəsində tədbir keçirilib. Almas İldırım bu gecədə şeirlərini səsləndirib.
CXP-nin iqtidarı itirməsi, DP-nin güclənməsi Almas İldırımın sərt müxalif mövqe seçməsinə səbəb olub. Bu qəzetə qədər Almas İldırımın siyasi yazılarına, eləcə də siyasiləri tənqid edən şeirlərinə təsadüf olunmur. 1951-ci ilə qədər şairin daha çox Vətən həsrəti, rus zülmü ilə bağlı əsərlərini görürük. Böyük ehtimalla 1944-cü ildə Almas İldırımın böyük simpatiya bəslədiyi, SSRİ-nin əleyhinə fəaliyyət göstərən, çıxardıqları mətbu orqanda ona da yer verən türkçü camiənin repressiyaya uğraması, eləcə də özünün bu prosesdə təzyiqlərə məruz qalması onda CXP-yə qarşı hədsiz kin yaradıb.
Xüsusilə “Dönək qardaş” şeirini yazması CXP iqtidarı dövründə 1945-ci ildə Avropdan Türkiyəyə sığınan və içərisində azərbaycanlıların da olduğu əsirlərin SSRİ-yə verilməsinə bir üsyan idi. İldırımın məqalələrini oxuduqda bu cür sərt yazıları yazmasının iqtisadi səbəblərini də görürük. Çünki məqaləsinin mövzularına baxdığımızda bölgələrdə susuzluğa, yolsuzluğa, uşaq ölümünə, bahalığa, haqsız xərcləmələrə etiraz olduğunu anlayırıq. Anadoluda müxtəlif yerlərdə çalışan şair böyük ehtimalla xalqın yaşadığı vəziyyətdən narazı olub, yeni iqtidar dövründə tənqid etmək fürsəti əldə edib.
“Demokrat Malatya” qəzetində bəzi yazıları Elmas Yıldırım, bəziləri isə sadəcə E.Y imzası ilə dərc olunub. “E.Y” imzasının Almas İldırıma aid olması şübhə doğurmamalıdır. Çünki bu imza ilə kommunizm əleyhinə də yazılar var, onların isə ancaq mühacir şairin qələmindən çıxdığını rahat təsbit etmək olur. Almas İldırım qəzetdə “Kommunizmlə mübarizə” köşəsi də açıb, özünün də nümunə götürdüyü Əmin Abidin Gültəkin ləqəbi ilə yazdığı iki şeiri dərc etdirib. Qəzetdə Mirzəbala Məhəmmədzadənin də bir məqaləsinə rast gəldik. Bunu da Almas İldırımın dərc etdirməsi mümkündür.
Almas İldırımın bu dərgidəki ilk əsəri “Yaygaracı Yalmana” adlanan şeiridir. 9 aprel 1951-ci il tarixli şeirdə Türkiyənin tanınmış jurnalistlərindən Əhməd Emin Yalman sərt şəkildə tənqid olunub. 13 aprel 1951-ci il tarixli sayda dərc olunan “Nə derlər” adlı altı bəndlik şeirdə CXP iqtidarı dönəmi ilə bağlı kəskin ifadələr səsləndirilib. Qəzetin 21 avqust 1951-ci il tarixli 149-cu sayında İldırımın CXP tənqid edən daha bir şeiri (“Zormu gəldi sizlərə?...”) dərc olunub. Şeirin sonunda yazıldığı yer olaraq Elazığ qeydi verilib. Bu da onu göstərir ki, Almas İldırım hələ ki Malatyaya gəlməyib. Qəzetin 24 avqust 1951-ci il sayında isə yenə eyni mahiyyətli “Yedilər... İçdilər...” şeiri dərc olunub.
1951-ci ilin sentyabr-dekabr aylarında Almas İldırımın bu qəzetdə “Lənət damğası”, “Qafaları əziləcək qızıl ilanlar”, “Həzin bir etiraf”, “Düşündürücü rəqəmlər”, “Kommunistlərə ölüm” və s. yazıları işıq üz görüb. Qəzetdə şairin yeddi hissəli “Dəhşətli ölüm düşərgələri” və iki hissəli “Kölə olmaq istəyirsiniz?” adlı məqalələri xüsusilə önəmlidir və SSRİ-nin mahiyyətini ifşa edib. Almas İldırımın bu qəzetdəki və ümumiyyətlə son yazısı 31 dekabr 1951-ci ildə dərc olunan “Nankorluq məsələsi” adlı yazısıdır.
“Demokrat Malatya” qəzetində “İki nöqtə” imzası ilə 4 misralıq siyasi həcvlər də dərc olunub. Şairin vəfatı ilə bağlı həmin bölmədə çap olunan şeirdən aydın olur ki, onların bir çoxunu, bəlkə də hamısını Almas İldırım yazıb. Bu bölmə şairin vəfatından sonra da davam etdiyi üçün dəqiqləşdirmək imkanımız olmadı. Vəfatı ilə bağlı yazılmış şeir bu şəkildədir:
İki nöqtə rəmzilə həqiqətlər yazardın
Moskof denən düşməni qələminlə əzərdin
Açdığın cığırından gedəcəyik Almasım
Həpimizin əməli Kremlini yaxalım.
Almas İldırım 14 yanvar 1952-ci ildə Malatyada vəfat etdiyi zaman əməkdaşlıq etdiyi qəzet ona vəfa borcunu ödəyib, haqqında maraqlı bir məqalə dərc etdirib. Bu barədə sabahkı yazımızda bəhs edəcəyik.
“Demokrat Malatya”da dərc olunan şeirlərindən birini təqdim edirik:
Yedilər... İçdilər...
Yedilər, içdilər, süfrə qapandı,
İçilən su belə bal oldu getdi...
Lənət damğasıyla kirlənən üzlər,
Yıxandı zəmzəmlə al oldu getdi..
Bu gün günahsızmış dünkü yamanlar
Qovuşmuş rahata o kodamanlar
Göylərə dırmanan apartımanlar
Babadan qalma bir mal oldu getdi.
Dünkü suçlu bu gün haq istər durur
Dünkü səfil qudurduqca qudurur.
Dün işdən vuranlar, arxadan vurur.
Bu fəqir xalqa bir hal oldu getdi..