“Nə qədər çalışsam da evin qapısı açılmır. Azyaşlı uşğım evdə bağlı qapılar arasında qalıb. Xahiş edirik, hadisə yerinə təcili xilasedici göndərəsiniz”.
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin 112 saylı Çevik Reaksiya İdarəsinə vaxtaşırı bu məzmunda məlumat daxil olur. Məlumat dərhal operator otağından əməliyyat otağına ötürülür, oradan isə eyni operativliklə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinə göndərilir.
Xidmətdə dərhal əməliyyat qrupu hazırlanır və hadisə yerinə yola salınır. Xilasedicilərinin yardımı nəticəsində uşaq sağ-salamat xilas olunaraq sahibinə təhvil verilir.
Biz də bağlı qapı arxasında, liftdə qalan, quyuya düşən, intihara cəhd edən və başqa fövqəladə hallarla üzləşmiş insanların xilasına çalışan Xüsusi Riskli Xilasetmə Xidmətinin fəaliyyəti ilə tanış olmaq üçün idarənin Nərimanov rayonu ərazisindəki binasındayıq.
Vaxt itirmədən hadisə yerində
İdarəyə gələnə kimi düşünürdüm ki, belə bir çətin və məsuliyyətli sahədə çalışan insanlar söhbətə meyl göstərməyəcəklər. Amma gördüklərim yanıldığımı göstərdi. Xüsusi Riskli Xilasetmə Xidmətinin heyəti bizi gülərüzlə qarşıladı.
Əvvəlcə 8 ildir burada işləyən Xüsusi Riskli Xilasetmə Xidmətinin dəstə rəisi Toğrul Məmmədovla söhbətləşdik. Rəis idarənin iş qaydası haqda ətraflı məlumat verdi: “Paytaxt və respublika ərazisində hansısa fövqəladə hal, qəza baş verəndə 112 saylı “qaynar xətt”ə məlumat daxil olur, Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları dərhal hadisə yerinə göndərilir və təbii ki, mən də onlarla bərbər oluram. Hadisə idarənin hansı bölgəsinə yaxın baş veribsə, ora həmin ərazi üzrə xidmətin əməkdaşları gedir. Xilasedici olaraq biz hadisə yerinə ən geci 5-6 dəqiqəyə çatırıq.
Xüsusi Riskli Xilasetmə Xidməti 2008-ci ildə 3 qurumun birləşməsindən yaranıb. Bakıda və Abşeron yarımadasında xidmətin 9 postu var. Həmin postlar elə yerləşdirilib ki, onlar arasında məsafə böyük olmasın. Bu səbəbdən hadisə yerinə tez çatmaq mümkün olur. Amma xilasedici heyət bəzən problemlərlə üzləşir. Məsələn, yollardakı tıxaclar bizə ciddi maneədir. Üstəlik, şəhərdəki naşı sürücülərin etinasızlığı da xilasedicilərin hərəkətinə əngəl yaradır”.
Vətəndaş köməyi
Xidmətin dəstə rəisi fövqəladə hadisə baş verən əraziyə vaxt itirmədən tələsən xilasedici qrupa hər bir vətəndaşın kömək etməli olduğunu bildirdi: “Tutaq ki, hansısa ərazidə ağır qəza baş verib, avtomobil ağaca çırpılıb. Sürücü maşında sıxılmış halda qalıb. Əgər xilasedici qrup qəza yerinə 4 dəqiqəyə çata bilsə, sürücünün sağ qalma şansı daha böyük olur.
Yollardakı maneələr isə bəzən gecikmələrə gətirib çıxarır ki, nəticədə insan həyatını itirir. Ətrafdakılar bunu anlamalı və bizim maşınların yollarda hərəkətinə şərait yatarmalıdırlar. Bu, hər bir vətəndaşın borcudur”.
Toğrul Məmmədov əslində bütün hadisələrin riskli olduğunu deyir: “Məsələn, evin qapısı bağlıdır, biz xilasedicilər evə daxil olduqda içəridə hansı hadisəylə qarşılaşacağımızı bilmirik. Bu səbəbdən, hadisə yerinə yola düşəndə polis orqanına və təcili tibbi yardım xidmətinə də xəbər veririk. Biz qapını açıb insanı xilas etdikdən sonra Xüsusi Riskli Xilasetmə Xidmətinə aid hissə aktlaşdırılır. Qalanı isə polis və təcili tibbi yardıma həvalə olunur”.
“Qaynar xətt”ə xəbər gəldi
Xüsusi Riskli Xilasetmə Xidmətinin dəstə rəisi Toğrul Məmmədovla söhbət əsnasında 112 saylı “qaynar xətt”ə məlumat daxil oldu. Xilasedici heyətlə birlikdə biz də Nərimanov rayonu ərazisindəki hadisə yerinə yollandıq. Binanın həyətinə daxil olanda çağırış eləmiş qadının narahatlığı hiss olunurdu. Həyat yoldaşı bağlı qapılar arxasında qalmışdı.
Xilasedicilər ikinci mərtəbəyə qalxdılar və onları səyi nəticəsində bağlı qapılar arxasında qalan kişi xilas edildi. Qadın xilasedicilərə zamanında gəldikləri üçün təşəkkür etməyi də unutmadı.
Geri qayıdarkən xilasedici qrupun komandiri Rəfail Nuriyevlə söhbətləşdik. Dedi ki, hadisənin çətin və ya asan olduğunu yalnız hadisə yerində bilirlər: “Dəstə heyətimiz növbəli şəkildə işləyir. Bu hadisə, belə desək, çətinlik yaradan proses deyildi. Amma eləsi olur, hadisə yerindən ayrıldıqdan sonra bir müddət özümüzə gələ bilmirik. Bu yaxınlarda 8-ci kilometr bazarı tərəfdən 112 saylı “qaynar xətt”ə məlumat daxil olduğu evə getdik. Gördüyüm mənzərə yaddaşımdan silinməyən iz buraxdı. Arvad kimdənsə 200 min pul götürüb evə gətirdiyi üçün kişi uşaqlarının gözü qarşısında qadının başını kəsmişdi. Və öz damarlarını doğrayan məqamda biz evə daxil olub onu xilas elədik. Təsəvvür edin, atanın bu hərəkəti həmin uşağa nə qədər problem yaratmışdı.
Heyət hər bir prosesi başa çatdırıb idarəyə qayıtdıqdan sonra iclas keçirib hadisələri dəyərləndiririk. Məsələn, filan hadisədə nə cür davransaydıq necə alınardı, deyə müzakirə aparırıq. Çalışırıq prosesdə səhvə yol verməyək. Çünki bu işdə buraxılmış səhv insan həyatı bahasına başa gələ bilər”.
“Qorxdunsa xilas edə bilməzsən”
Xilasedici Vahab Ələkbərov deyir ki, çağırışa gedəndə hansı hadisə ilə qarşılaşacağını heç vaxt düşünmür: “Çünki beynimdə yalnız bir şey olur - hadisə yerinə getmək, işi səhvsiz başa çatdırmaq. Kənar şeylər düşünsən, hərəkət edə bilməzsən. Bəzən qapısını açdığımız evdən 3-5 ayın meyiti tapılır. Məndə qorxu hissi yoxdur... Qorxaq adam belə yerdə işləyə bilməz. Sadəcə, belə xilasetmə əməliyyatlarından sonra bir müddət yemək yeməkdə çətinlik çəkirəm”.
Vahab Ələkbərov insanların xilası üçün çalışdıqlarını həm qürur, həm də məsuliyyət hissi ilə vurğulayır: “Dəqiq, həssas, səhvsiz, müəyyən təhlükəsizlik qaydalarına əməl eləməklə işləməyə borcluyuq. Qəzaya düşən avtomobildə sıxılıb qalmış insanı elə çıxarmalıyıq ki, bir əzələsi tərpənməsin. Bizim əməkdaşlar isə xüsusi təlim keçiblər və təhlükəsizlik qaydalarına əməl edirlər”.
Təlim itləri
Qurumun tərkibində xüsusi mütəxəssislər də çalışır. Əməkdaşların hamısı xüsusi psixoloji təlimlər keçiblər. Qurum minaaxtaran avadanlıqlarla, partlayıcı maddələri zərərsizləşdirmək üçün xüsusi aparatlarla təchiz olunub. Bəzi xilasetmə postlarında qar uçqunu altında qalmış insanı tapmaq üçün xüsusi cihazlar da var.
Bundan başqa, xidmətin xüsusi təyinatlı təlim itləri cəsəd çıxarmaq, partlayıcı maddələri, təhlükəli əşyaları müəyyən etmək qabiliyyətinə malikdir.
İlhamə Əbülfət
Foto: Ruslan Allahverdiyev