27 Aprel 2023 15:37
1 650
12 Punto 14 Punto 16 Punto 18 Punto

27 aprel 1920-ci ildə rus ordusu Bakıya daxil olaraq Azərbaycan Cümhuriyyətini işğal edib. Mühacirətdə istiqlal mübarizəsini davam etdirən Məhəmmədəmin Rəsulzadə bu istila münasibətilə mütəmadi yazılar qələmə alıb. Həmin yazılardan birini təqdim edirik:

***

Məhəmmədəmin Rəsulzadə

Rədd olsun işğal

(27 aprel münasibətilə)

Qanlı rusluğun qırmızı ordusu bu gün Bakıda şənliklər keçirir. Bütün Azərbaycan xalqı da zorla bu şənliklərə qoşulur. Min hiylə və hoqqabazlıqlarla millət üçün qara gün təşkil edən bu tarixə ümumi bir bayram süsü verilmək istənilir.

Bəli, bu sadəcə istila və sırf işğaldan başqa bir şey olmayan məşum 27 aprel hadisəsini rus bolşevizmi müsəllət olduğu xalqa həqiqi hürriyyət və istiqlal kimi həzm etdirmək istəyir. Fəqət beyhudə!!

Bundan 13 il əvvəl zor və hiylə ilə yurduna soxulan ordunun vəhşi bir istila qüvvəti olduğunu Azərbaycan xalqı çox əla bilir. Bunu o, hələ o zaman etdiyi qanlı qiyamlar ilə göstərmiş və keçən bu müddət əsnasında dəxi eyni idrak və şüurla qaldığını zaman-zaman, yer-yer baş verən üsyanlarla olduğu kimi həyatın hər səfhəsində göstərdiyi ciddi müqavimətləri ilə də isbat etmişdir.

27 aprel hadisəsi milli istiqlal fikrinə endirilmiş bir zərbədir. Getdikcə xalqın bütün zümrə və təbəqələri arasında daha dərin köklər salan bu fikri düşmən bir zərbə ilə öldürmək istəmişdi. Halbuki istiqlal fikri bu hadisədən sonra, əksinə daha ziyadə canlandı. Bu zərbə mərhum dostumuz Abdullah Cövdət bəyin yenə bu gün münasibətilə “Odlu yurd” üçün yazdığı bir məqalədə dediyi kimi: “Azərbaycan millətinin varlığında “həyatın gözətçisi” olmaq üzərə “müqəddəs bir yara” açdı. Bir yara ki, hər 27 apreldə təzələnməlidir. Beləliklə, həyasız düşmən, bədbəxt vətənin əsirliyə düşmüş bəldələrində istilanı hürriyyət, işğalı istiqlal şəklində göstərərək “hurra”lar qopardıqca Azərbaycanın istiqlalına vurulmuş bu zərbənin yarası təzələnir və qanayır”.

Azərbaycan yüz ildən artıq davam edən əsirlik dövrünə rəğmən çarlıq çökərkən bir millət və dövlət olaraq xilas oldu. Sözün tam mənası ilə milli bir cümhuriyyət qurdu. İslam və Türk dünyasının bu ilk cümhuriyyəti müstəqil bir dövlət və millət halında yaşamaq üçün bütün şərtlərə malikdi. Bu xüsusdakı ləyaqətini o, iki il sürən hakimiyyəti əsnasında göstərdi. Bütün dünya bu ləyaqəti təsdiq etdi, o dərəcədə ki, qahir qüvvəti və şeytani intriqasına güvənərək beyləlmiləl vəziyyət və hərbi birliklərin hərəkətindən faydalanaraq Qafqazı yenidən Rusiyaya qoşmaq üçün gələn qırmızı imperializm belə bu keyfiyyəti nəzərə almaq məcburiyyətində qaldı: istila mahiyyətinə istiqlal şəklini verdi: Azərbaycan Rusiyaya bitişdirilsə də, qondarma “müstəqil Sovet Azərbaycanı” guya ki öz istək və iradəsi ilə “Rusiya Sosialist Sovet Cümhuriyyətləri İttihadı”na girmiş oldu.

Sovet diplomatiyasının bu uydurmasını və Bakının tutduqdan sonra qiyam edən “Azərbaycan fəhləsi” namına qırmızı orduçuların Leninə teleqram vuraraq “Sovet Azərbaycanı”na yardım istədikləri manevrini bilməyən yoxdur.

Bəli, bu belədir. Keçən illərdəki əmsalı ilə bilirik ki, bu yalan yenə təkrar olunacaqdır. Bolşeviklər bu il dəxi Bakı küçələrində edəcəkləri mitinqlərdə və bu gün münasibətilə çıxaracaqları qəzetlərdəki məqalələrdə Azərbaycan xalqının əsl bu gündür ki, müstəqil olduğundan bəhs edəcək və xalqın 27 aprel rejimini gözəl surətdə qarşıladığını söyləyəcəklərdir.

Nə qızarmaz yalanlar, nə utanmaz sözlər!...

Fəqət əsl bu yalanlar və bu sözlərdir ki, “müqəddəs yara” ilə sızlayan milli Azərbaycan şüuruna duz səpəcək, onu yaxacaqdır.

O şüur ki, yaşanan cəhənnəm şəraiti və misli tarixlərdə tapılmayan qanlı terror idarəsinə rəğmən Azərbaycan xalqının müxtəlif təbəqələri içindən çıxardığı mücadilə ünsürlərini, gün yoxdur ki, meydana qoymasın və hadisələrin bəlağətli dili ilə Moskofların qırmızı yalanlarını həyasız üzlərinə vurmasın!

Kür və Araz çayları ilə Xəzərin dalğalı sularını al qanlara boyayan hürriyyət şəhidləri və şair Gültəkin bəyin “buzlu cəhənnəm” dediyi Solovka yollarını yıpranmış vücudları ilə boylayan istiqlal mücahidləri – davamızın parlaq dəlilləri bunlardır!...

Bunlar kafi deyilsə, varılsın hələ də silahlarını buraxmayan kəndlilərə, dağlardan enməyən partizanlara sorulsun!...

Keçənlərdə mühüm qismi Kommunist firqəsinə mənsub kəndli, fəhlə, “sovxoz”, “kolxoz” müəssisələri ilə bağlı olan zümrələrin hökumət və mərkəz əleyhində olduqları üçün “qara lövhə”yə keçirildiyini Bakı qəzetləri xəbər vermişdi. Bizzat Sovet hökuməti tərəfindən “qara lövhə”yə yazılan bir məmləkətin qara yazılı 27 aprel zərbəsini yaxşı gözlə qarşıladığına inanmaq qabilmi?! Əsla!..

Bəli, heç bir yalan, heç bir yaldız, heç bir hiylə və heç bir nümayişlə həqiqi vəziyyəti Azərbaycan xalqından gizlətmək olmaz. Buna imkan yoxdur!

Aprel yarası hələ sağalmadı. Bugünkü şənliklər, onun üzərindəki közü qoparır, bu yara qanayır. Qaranlıq qış gecələrinə rəğmən baharın gələcəyinə, sabahın açılacağına və günəşin doğacağına inanan adam qənaəti ilə məmləkətinin üfiqində təkrar görünəcək istiqlal günəşinin doğacağından bir an üçün olsun şübhə etməyən və bu imkanın verdiyi ümid və qüvvətlə istiqlal uğrundakı mücadilədən qətiyyən vaz keçməyən Azərbaycan xalqının yaşayan şüuru istilaçıların o uğursuzluq dolu üzsüz surətinə bağıraraq deyir ki:

  • Yalan söyləyirsiniz: bu istiqlal deyil, istiladır; hürriyyət deyil, əsirlikdir! Siz də qanlı istilaçılar və yad düşmənlərsiniz!

Bu bağıran şüur eyni qüvvətlə davam edir və onlara deyir:

  • Azərbaycan müstəqil idi və sizin rədd ediləcəyiniz gün təkrar müstəqil olacaq!

Bəli, belədir. Bu bir həqiqətdir. Doğrudur ki: Əsirlik dövrünün qaranlıq gecəsi keçəcək, hürriyyətin aydınlıq sabahı açılacaq və istiqlalın parlaq günəşi doğacaqdır.

Doğacağı haqq olan bu günəşə bir an əvvəl qovuşmaq üçün vətənsevər azərilərə düşən vəzifə əl-ələ vermək və bu şüar ətrafında birləşməkdir:

  • Yaşasın istiqlal, rədd olsun işğal!...

“İstiklal” qəzeti, sayı 33, aprel 1933


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər