Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzi tərəfindən “Heydər Əliyev İli”nə həsr olunmuş “Gənc xilasedici və yanğınsöndürən” X ümumrespublika yarışlarının zona birinciliyi keçirilib.
Bu barədə Teleqraf.com-a FHN-in Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, nazirliyin təşkilatçılığı, Elm və Təhsil, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə keçirilən yarışın əsas məqsədi şagirdlərin fövqəladə hallara hazırlıqla bağlı fiziki və intellektual səviyyəsinin yoxlanılması, məktəblilərdə fərdi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin artırılması və yetişməkdə olan gənc nəslin nümayəndələrinə sağlam həyat tərzinin aşılanmasından ibarət olub.
Əvvəlcə tədbir iştirakçıları Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Daha sonra çıxış edən FHN-in Cənub Regional Mərkəzinin rəisi polkovnik-leytenant Müsəddiq Əsədov yarışın əhəmiyyətindən danışıb, iştirakçılara uğurlar arzulayıb. Yarışın “Heydər Əliyev İli”nə həsr olunmasını qeyd edən M.Əsədov xalqımızın Ümummilli Lideri Heydər Əliyevin müstəqilliyimizin qazanılması və qorunub saxlanılmasında tarixi rolundan danışıb, canından artıq sevdiyi Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən bəhs edib.
Sonra yarışa start verilib.
Yarışda Cənub Regional Mərkəzinin əhatə etdiyi şəhər və rayonların təhsil müəssisələrinin komandaları iştirak ediblər.
Yarış “Kombinə edilmiş yanğın estafeti”, “Maneələr zolağı” və “Komandaların təqdimatı” adlı üç mərhələdən ibarət olub.
Gərgin mübarizə şəraitində keçən yarışın yekunlarına əsasən, Lənkəran rayon V.Qasımov adına Digah kənd tam orta məktəbin komandası I yerə, Cəlilabad şəhər Akademik Z.Əliyeva adına 7 nömrəli tam orta məktəbin komandası II yerə, Astara şəhər Z.Bünyadov adına 2 nömrəli tam orta məktəbin komandası isə III yerə layiq görülüb.
Qeyd edək ki, qalib komanda “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının respublika birinciliyində iştirak etmək hüququ qazanıb.