Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi Göygöl rayonunda ərazi mülki müdafiə qüvvələri ilə xəbərdarlıq və toplanış üzrə məşq keçirib.
Bu barədə Teleqraf.com-a FHN-dən məlumat verilib.
Bildirilib ki, məşqə müvafiq idarə və təşkilatlarda yaradılmış ərazi mülki müdafiə qüvvələri, rayon kommunal xidmətlər, ərazi xilasetmə və kəşfiyyat dəstələrinin şəxsi heyət və texnikaları cəlb olunub.
Məşqin keçirilməsində əsas məqsəd fövqəladə hallardan mühafizə və mülki müdafiə sahəsində normativ sənədlərin tələblərinə əməl olunması, rabitə və xəbərdarlıq sisteminin vəziyyəti, fövqəladə hadisələr təhlükəsi yaranan və ya baş verən zaman mülki müdafiə qüvvələrinin xəbərdarlığı və toplanışı üzrə hazırlığının qiymətləndirilməsi olub.
Məşq zamanı Fövqəladə Hallar Nazirliyi Gəncə Regional Mərkəzinin rəisi polkovnik-leytenant Kənan Aşurov, Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev və rayonun aidiyyəti rəhbər şəxsləri tərəfindən qüvvələrə baxış keçirilib.
Təlim uğurla reallaşdırılıb və qarşıya qoyulan məqsədlərə nail olunub.