İndiki Ermənistan ərazisindən zorla çıxarılmış və hazırda dünyanın müxtəlif ölkələrində məskunlaşmış azərbaycanlıların nümayəndələri mayın 7-də Almaniyanın paytaxtı Berlin şəhərində qayıdış hüququ mövzusunda konfrans keçiriblər.
Qərbi Azərbaycan İcmasından Teleqraf.com-a bildirilib ki, Almaniya Azərbaycanlıları Alyansı və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə keçirilmiş tədbirdə dünyanın müxtəlif ölkələrində məskunlaşmış yüzə yaxın Qərbi azərbaycanlı fəalı iştirak edib.
Tədbirdə Qərbi Azərbaycan İcmasının sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Əziz Ələkbərovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib. Nümayəndə heyətinin tərkibinə İcmanın İdarə Heyətinin sədr müavini, deputat Ramil Həsən və İcmanın sözçüsü Ülviyyə Zülfiqar daxil idi.
Aparılmış müzakirələr zamanı Qərbi Azərbaycan mövzusu, Qərbi Azərbaycan İcmasının geri qayıdış hüququnun reallaşması sahəsində həyata keçirdiyi fəaliyyət, sözügedən insan hüquqları məsələsinə dünya ictimaiyyətinin dəstəyinin əldə edilməsi üçün atıla biləcək addımlar ətrafında fikir mübadiləsi aparılıb.
Tədbirin yekununda Bəyannamə qəbul edilib. Bəyannamədə bildirilir:
“Biz indiki Ermənistan ərazisindən zorla çıxarılmış və hazırda dünyanın müxtəlif ölkələrində məskunlaşmış azərbaycanlıların nümayəndələri 2023-cü il mayın 7-də tarixi vətənimizə qayıtmaq hüququmuzu və dünyanın bizim haqq işimizə dəstəyini gücləndirmək məsələlərini müzakirə etmək üçün Berlin şəhərində toplaşdıq.
Xatırladırıq ki, Ermənistan hakimiyyəti beynəlxalq hüquq və insan haqlarını pozaraq yüz minlərlə azərbaycanlını etnik təmizləməyə və kütləvi deportasiyaya məruz qoyub. Bu qəddar və sistemli kampaniya nəticəsində bu gün Ermənistanda bir nəfər də olsun azərbaycanlı qalmayıb. Qaçqın düşmüş azərbaycanlıların əksəriyyəti Azərbaycanda sığınacaq tapıb, bir qismi isə başqa ölkələrdə, o cümlədən Avropada məskunlaşıb.
Biz bir daha təsdiq edirik ki, bizim Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Pakt, Qaçqınların Statusuna dair Konvensiya və çoxsaylı digər beynəlxalq aktlara uyğun olaraq, vətənimizə qayıtmağa dair əzəli hüququmuz var.
Biz Cənubi Qafqaz regionunda davamlı sülh və sabitliyin bərqərar olması üçün geri qayıtmaq hüququmuzun həyata keçirilməsinin vacib olduğunu vurğulayırıq. Biz hesab edirik ki, Ermənistanda azərbaycanlılarla ermənilərin qarşılıqlı hörmət, tolerantlıq və dialoq əsasında birgə yaşaması mümkün və arzu olunandır.
Biz Ermənistandan qovulmuş azərbaycanlıların hüquqlarını müdafiə edən ümumi təşkilat olan Qərbi Azərbaycan İcmasına maraqlarımızın qanuni təmsilçisi kimi tam dəstəyimizi bildiririk.
Biz Qərbi Azərbaycan İcmasının evlərindən qovulmuş azərbaycanlıların öz tarixi vətənlərinə sülh yolu ilə, təhlükəsiz və ləyaqətlə qayıtmaları üçün məqsədləri, prinsipləri və fəaliyyətin ümumi çərçivəsini müəyyən edən Qayıdış Konsepsiyasını qəbul etməsini yüksək qiymətləndiririk.
Biz həmçinin Ermənistan hökuməti ilə birbaşa dialoqa təşəbbüs edən Qərbi Azərbaycan İcmasının sülhsevər və hüquqa əsaslanan yanaşmasını alqışlayırıq.
Biz Ermənistan hökumətini beynəlxalq hüquqa və insan hüquqlarına uyğun olaraq Qərbi Azərbaycan İcmasının dialoqa başlamaq və Qayıdış Konsepsiyasının həyata keçirilməsi ilə bağlı çağırışlarına cavab verməyə çağırırıq.
Biz Birləşmiş Millətlər Təşkilatını, Avropa İttifaqını, Avropa Şurasını və onun üzv dövlətlərini, eləcə də digər müvafiq beynəlxalq aktorları bizim haqq işimizə dəstək verməyə və Qərbi Azərbaycan İcması ilə Ermənistan arasında konstruktiv dialoq qurulmasına kömək etməyə, evlərindən didərgin düşmüş azərbaycanlıların qayıdışı reallaşana qədər, qayıdış dövründə və ondan sonra onlara əməli yardım göstərməyə və onları müdafiə etməyə çağırırıq.
Biz Qərbi Azərbaycan İcmasının 2023-cü il martın 27-də UNESCO-ya göndərdiyi, Ermənistanda Azərbaycan mədəni irsinin dağıdılması və mənimsənilməsi məsələsini qaldıran müraciətinə istinad edir və onu dəstəkləyirik. Biz UNESCO-nu Azərbaycan mədəni irsinin, xüsusilə də İrəvanın əvvəllər azərbaycanlılar yaşayan Təpəbaşı məhəlləsinin hazırda davam edən dağıdılmasını dayandırmaq və onun nəticələrini aradan qaldırmaq üçün təcili tədbirlər görməyə çağırırıq.
Biz ümumi işimiz haqqında beynəlxalq ictimaiyyəti məlumatlandırmaq və onun dəstəyini səfərbər etmək üçün Qərbi Azərbaycan İcması ilə birlikdə işləmək niyyətində olduğumuzu bildiririk.
Biz, həmçinin fəaliyyətlərimizi və strategiyalarımızı əlaqələndirmək üçün mütəmadi olaraq məsləhətləşmələr aparmaq barədə razılığa gəldiyimizi bəyan edirik.
Biz bu bəyannaməni 7 may 2023-cü ildə Berlin şəhərində qəbul edirik”.