7 May 2023 18:39
399
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Yüksəliş” müsabiqəsinin onlayn mərhələsinin qabiliyyət üzrə imtahanı keçirilib.

Teleqraf.com xəbər verir ki, bununla da müsabiqənin onlayn mərhələsi başa çatıb. İştirakçıların onlayn formada qatıldıqları imtahanda 7 024 nəfər namizəd iştirak edib.

Suallar verbal məlumatlarla işləmək bacarığı, rəqəmsal məlumatlarla işləmək bacarığı və abstrakt düşüncə olmaqla 3 blok üzrə aparılıb.

Müsabiqədə ədalətli rəqabəti təmin etmək məqsədilə test sualları bir çox beynəlxalq sistemdə tətbiq edilən T-şkala ilə qiymətləndiriləcək. T-şkalası təhsil üzrə test xidməti tərəfindən təsdiqlənən və bir çox beynəlxalq imtahanlarda (Toefl, GMAT, SAT və s.) tətbiq olunan üsuldur.

Qabiliyyət üzrə imtahan nəticələrinin 5-7 iş günü ərzində açıqlanması nəzərdə tutulub.

Qarşıda iştirakçıları müsabiqənin əyani mərhələsi gözləyir. Əyani mərhələ qabiliyyət üzrə yoxlama idarəetmə bacarıqları üzrə olmaqla 2 imtahandan ibarətdir. Əyani mərhələnin idarəetmə bacarıqları üzrə imtahanına yalnız qabiliyyət üzrə yoxlama imtahanından uğurla keçən iştirakçılar buraxılacaq.

“Yüksəliş” müsabiqəsinin 20 qalibini 1 il ərzində idarəçi rəhbərlərdən – iri şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxil edilmə və 20.000 AZN dəyərində pul mükafatı gözləyir.

“Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə 5 mərhələdən – qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqə qalibləri idarəçi rəhbərlər (https://yukselish.az/mentors.html) tərəfindən 1 illik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf qrantı əldə edirlər.

Qeyd edək ki, növbəti, sayca 3-cü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 20 dekabr 2022-ci il tarixində Sərəncam imzalanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər