"Ulu öndər uşaqları çox sevirdi. Ölkəyə ilk rəhbərliyi dönəmində uşaqlar və gənclərlə keçirdiyi tədbirlər gələcək üçün çox böyük zəmin yaradırdı. Azərbaycanda tikilən təhsil müəssisələri, uşaq bağçaları, orta və ali təhsil ocaqları bunun canlı sübutudur".
Teleqraf.com xəbər verir ki, bunu Fövqəladə hallar naziri Kəmaləddin Heydərov “Heydər Əliyev İli”nə həsr olunmuş “Fövqəladə hallar uşaqların gözü ilə” Respublika uşaq yaradıcılıq müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimində deyib.
O qeyd edib ki, ulu öndərin sayəsində yaxşı oxuyan tələbələrin xarici ölkələrə göndərilməsi və sonradan onların ölkəyə qayıtması böyük iş idi: "O vaxtkı gənclər indi həm dövlət, həm özəl qurumlarda mühüm vəzifələr tutur. Bəziləri də Fövqəladə Hallar Nazirliyinin strukturunda çalışırlar".
Nazir qeyd edib ki, “Fövqəladə hallar uşaqların gözü ilə” tədbiri ənənəvi xarakter daşıyır: "Amma bu dəfəki müsabiqə ulu öndərin 100 ollik yubileyi ərəfəsində təşkil olunub. Tədbirin əhəmiyyəti ondadır ki, əl işlərinə baxdığımız uşaqlar son illərdə doğulmuş, boya- başa çatmış uşaqlardır. Onların əksəriyyətinin ataları, babaları bizim Azərbaycanın müstəqilliyi uğrundakı müharibələrdə vuruşmuş, bəziləri şəhid, bəziləri qazi olmuşlar. Nə qədər ki, müstəqil Azərbaycan var, biz həmişə onlarla fəxr edəcəyik. Dövlət başçısı tərəfindən uşaqların, o cümlədən şəhid övladlarının təhlükəsiz və sağlam mühitdə böyümələri, elmi biliklərə yiyələnmələri, Vətənini, xalqını sevən insanlar kimi yetişmələri üçün hər cür şərait yaradılır".
Nazir qeyd edib ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən uşaqlar xüsusi qayğı ilə əhatə olunur, onların təhsili, təlim-tərbiyəsi, sağlamlığı daim diqqətdə saxlanılır.
Daha sonra nazir Fövqəladə Hallar Nazirliyi tərəfindən hər il keçirilən və artıq ənənə halını almış, bu il isə “Heydər Əliyev İli”nə həsr olunan “Fövqəladə hallar uşaqların gözü ilə” Respublika uşaq yaradıcılıq müsabiqəsinin əhəmiyyətinə toxunub. Bu müsabiqənin uşaqlarda təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin, fərdi və ictimai təhlükəsizlik məsələlərinə məsuliyyətli yanaşma hissinin kiçik yaşlarından formalaşması, eləcə də onların vətənpərvər ruhda böyümələri üçün faydalı olduğunu qeyd edib.
Qeyd edək ki, müsabiqənin keçirilməsində məqsəd uşaqlarda təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin formalaşdırılması, ümumilikdə ictimaiyyətin diqqətinin məktəblilər arasında fövqəladə hal probleminə cəlb edilməsi, yetişməkdə olan gənc nəslin vətənpərvər ruhda tərbiyələnməsi, eləcə də istedadlı gənclərin üzə çıxarılması və onlara dəstəkdir.
Müsabiqəyə "Rəsm", "Plakat", "Əl işi", "Yanğın və xilasetmə texnikasının modeli", "Yumşaq oyuncaq" nominasiyaları üzrə işlər təqdim olunub.
Ölkənin bütün şəhər və rayonlarının ümumtəhsil məktəblərində təhsil alan uşaqların, o cümlədən şəhid övladlarının iştirak etdikləri yaradıcılıq müsabiqəsinə 6 fevral 2023-cü ildə start verilib. Müsabiqə rəsm, plakat, əl işi, yanğın və qəza-xilasetmə texnikasının modeli və yumşaq oyuncaq nominasiyalarında məktəb, rayon və ümumrespublika birinciliyi mərhələləri üzrə keçirilib. Müsabiqəyə təqdim olunmuş işlər münsiflər heyəti tərəfindən qiymətləndirilib və qaliblər müəyyənləşdirilib. Yekun olaraq 36 nəfər birinci, 21 nəfər ikinci, 41 nəfər üçüncü yerə, 65 nəfər isə həvəsləndirici mükafata layiq görülüb.