Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri Hulusi Akarın dəvəti ilə Konya şəhərində keçirilən "Anadolu Qartalı - 2023" beynəlxalq təlimini izləmək üçün qardaş ölkəyə səfərə gedib.
Bu barədə Teleqraf.com-a Müdafiə Nazirliyindən məlumat verilib.
Səfər çərçivəsində general-polkovnik Z.Həsənov təlim çərçivəsində keçiriləcək "Yüksək səviyyəli müşahidəçi günü"ndə iştirak edəcək.
Qeyd edək ki, Azərbaycan HHQ-nin bir qrup şəxsi heyəti və Su-25 hücum təyyarələrinin cəlb olunduğu təlim ölkəmizlə yanaşı, Türkiyə, Pakistan, Birləşmiş Ərəb Əmirlikləri, Qətər və İngiltərə nümayəndələrinin iştirakı ilə keçirilir.
"Anadolu Qartalı - 2023" beynəlxalq taktiki-uçuş təlimində ABŞ, Avstraliya, Efiopiya, Mərakeş Krallığı, Fransa, Gürcüstan, İsveç, Qırğızıstan, Şimali Makedoniya, Liviya, Malayziya və İordaniya Krallığının nümayəndə heyəti müşahidəçi qismində iştirak edir.
***
11:10
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov bu gün Türkiyəyə səfərə gedir.
Teleqraf.com xəbər verir ki, nazir Konya şəhərində yerləşən “Anadolu qartalı” Tədris Mərkəzində “Anadolu Qartalı-2023” təlimlərini izləyəcək.
Qeyd edək ki, “Anadolu Qartalı-2023” beynəlxalq taktiki-uçuş təlimləri aprelin 27-də başlayıb.
Azərbaycan Hərbi Hava Qüvvələrinin hərbi qulluqçuları və aviasiya vasitələri təlimlərdə iştirak edirlər.