ADA universitetininin on nəfər tələbəsinin bakalavr dərəcəsi üzrə diplom işlərinin sənaye mentorluğu Fövqəladə Hallar Nazirliyinin Rəqəmsal texnologiyalar və innovasiyaların inkişafı Baş idarəsi tərəfindən həyata keçirilib. Layihələr Fövqəladə Hallar Nazirliyi ilə ADA universiteti arasında əməkdaşlıq çərçivəsində icra edilib.
Teleqraf.com xəbər verir ki,bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, diplom işlərinin sənaye mentoru olaraq Baş idarənin Proqram təminatlarının inkişafı şöbəsinin rəisi mayor Murad Qasımov, təşkilati məsələlər üzrə məsul şəxs kimi həmin şöbənin baş məsləhətçisi Cavid İbrahimli diplom işlərinin ərsəyə gəlməsində tələbələrə öz töhfələrini veriblər. Təyin edilmiş müddət ərzində tələbələrə hərtərəfli dəstək göstərilib, layihələr üzrə zəruri istiqamətlər verilib. Son mərhələdə hazırlanmış cihazlar, proqram təminatları tələbələrlə birlikdə test olunaraq diplom işlərinin tamamlanması həyata keçirilib.
3 may 2023-cü il tarixində ADA Universitetində həmin tələbələrin diplom işlərinin müdafiəsi baş tutub. Diplom işlərinin müdafiəsində iştirak edən FHN əməkdaşları M.Qasımov və C.İbrahimli yekun qiymətləndirmədə öz fikirlərini söyləyiblər.
Daha sonra universitetin professor-müəllim heyəti ilə gələcəkdə belə əməkdaşlığın daha da genişləndirilməsinə dair müzakirələr aparılıb.