“İrəvan yazıları”
Layihəmizdə budəfəki yazı gümrülü Tağı bəyin həyatı və Mustafa Kamal paşaya həsr etdiyi şərqi haqqındadır.
***
1924-cü ildə Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal paşa ölkədaxili səfərə çıxır. Bu səfərdə onu xanımı Lətifə Uşaklıgil, Yozqat millət vəkili Salih Bozok, İstanbul millət vəkili Hamdullah Suphi Tanrıöver, Qaziantəp millət vəkili Ali Kılıç, Rizə millət vəkili Rauf Benli və b. müşayiət edirdi. Qarsa gələn paşa 6 oktyabrda Qars Türk Ocağını ziyarət edir. Atatürk Qarsa gəldiyi əsnada Qars Türk Ocağı Təmsil və Musiqi Heyəti onu “Xoş gəlişlər ola, Mustafa Kamal paşa” adlı türkü ilə qarşılayır. Bu nəğmənin bəstəkarı Azərbaycan əsilli Tağı Öşenyüzen idi.
Tağı bəy haqqında, demək olar ki, əlimizdə yetərli materiallar yoxdur. Qarsın ictimai-mədəni həyatı ilə bağlı yazılan kitab və məqalələrdə adıçəkilən nəğmə ilə bağlı xatırlanır. Bunun xaricində həyatı ilə bağlı bilgilər məhduddur.
Sevindirici haldır ki, ötən il Semra Eren-Nijhar imzası ilə ““Hoş Gelişler Ola, Mustafa Kemal Paşa” Eserinin Bestecisi Takı Oşenyüzen – Tağı Bey” adlı əsər işıq üzü gördü. Kiçik həcmli bu əsərdə ən önəmli hissə Tağı bəyin qızı Sülhiyyə Günay Öşenyüzendən (1925, Qars-16.04.2020, İstanbul) alınan müsahibədir.
Semra xanımın yazdığına görə, Tağı bəy ötən əsrin birinci rübündə İrəvanın Molla Musalı kəndindən Qarsa köçüb, burada musiqi heyəti quraraq sənət fəaliyyətinə başlayıb. Əvvəlcə Qars Türk Ocağı çərçivəsində çalışıb, daha sonra Tuluatçı Teatr Heyəti qurub. Azərbaycan musiqisini təbliğ edib, eləcə də Üzeyir bəyin “Arşın mal alan”, “Məşədi İbad” əsərlərinin səhnəyə qoyulmasında iştirak edib. 1935-ci ildə Tağı bəy qurduğu teatr heyəti ilə birgə Suriyaya gedib, Şam və Hələbdə səhnəyə çıxıblar. 1937-ci ildə Tağı bəy turnedə olduğu zaman Cumhuriyet adlı vapurda basabas nəticəsində dənizə düşüb, həlak olub. Bəzi iddialara görə maddi çətinlik səbəbindən özünü dənizə ataraq intihar edib. Cəsədi Qarsa gətirilməyib, Trabzonda dəfn edilib.
Sülhiyyə xanımın xatırladıqları
Sülhiyyə xanım müsahibəsində atası haqqında bunları danışıb:
“Atamı itirdiyim zaman 12 yaşımda idim. Atam musiqiçi idi. Çox kitabı vardı, çox yazırdı. Bəzən də şeirlər qələmə alırdı... Atam kübar və təhsilli insandı. Ətrafındakıların təhsili üçün çalışırdı. Dolanışığı teatr və musiqidən idi. Evimizə dərs almağa gəlib-gedənlər vardı... Bələdiyyə tədbirlərinə, toylara musiqiçi olaraq çağırılırdı. Atam həyatda olduğu zaman heç korluq çəkmədik... Atam kasıblıqdan ölmədi, intihar da etmədi. Bu məlumatlar doğru deyil... Atam turnedə ikən öldü. Gəmi ilə Trabzona səyahət edərkən dənizə düşür və ölür. Belə ki, gəmi limana yaxınlaşarkən sərnişinlər göyərtədə toplanmağa başlayırlar. Bu zaman bir hərəkətlilik olur. Atam və dostu da qaldıqları kameranın önünə çıxırlar. Yaranan qələbəlik, səs və gurultu içində atam gəmi ilə göyərtə arasındakı boşluğa, yəni dənizə düşür. İnsanlar yıxıldığını fərq edincə panika halında gəminin dayanması üçün bağırırlar. Gəmi dayanır, kimsə atlayıb atamı çıxarır, amma atam artıq ölmüşdü. Əslinə, o qarışıqlıq içərisində müvazinətini itirib dənizə düşdü, yoxsa kimsə atamı yanlışlıqla və ya bilərəkmi dənizə atdı, hələ də dəqiq deyil. Bunları mənə gəmidə eyni kamerada qalan dostu Qarsa gəldiyi zaman danışdı. O dostunu da polis əvvəlcə tutur, sonra azad edirlər. Çünki hər şey onun gözünün önündə və yanında meydana gəldiyi üçün sorğu-sual edirlər. Qarsda sonralar atamın yanında olan o adamın dənizə atdığına dair şayiələr çıxdı... Atamın öldüyünə dair xəbəri bələdiyyədən aldıq. Sonra anamı və məni məhkəməyə çağırdılar. İki böyük bacım evlənmişdilər. Evdə bizimlə birgə qardaşım vardı. Atamdan qalan əşyalar Trabzondan göndərilərək bizə təhvil verildi. Ölərkən yanında olan pul da daha sonra mənim adıma Qarsa göndərildi... Məhkəmənin mənə verdiyi əşyalar arasında atamın gündəliyi də vardı. Köhnə əlifbada gündəlik yazardı. Atam və çıxdığı turnelərlə bağlı bəzi bilgiləri o gündəlikdən öyrəndim... Məhkəmə atamın cənazəsini istəyib-istəmədiyimizi soruşdu. Anamla məsləhətləşdik. Anam dedi ki, “qızım, biz evdə tək sayılırıq, təkcə qardaşın var, könül istəyər, amma Trabzondan kim gətirəcək, kim maraqlanacaq?” dedi və orada dəfn edilməsinə qərar verdik... Məzarı Trabzondadır, amma harada olduğunu bilmirik... Atam teatr, musiqi, sənətlə iç-içə idi. Hətta bacım Əzəmət Oşenyüzen də teatr heyətində yer alırdı, skripka çalırdı... Atatürk Qarsa gəldiyi zaman Əzəmət bacım da onu qarşılayan aktyorlar arasında idi. Dədələrimiz İrandan Azərbaycana zəngin bir ailə olaraq köç ediblər. Azərbaycanda da zəngin idilər. Uşaq ikən adını çox eşitdim, Məhəmmədqasım olaraq xatırlayıram. Əmim Həsən Oşenyüzen Azərbaycanda ikən qarışıqlıq zamanı öldürülür. Babam həyatda olmadığı üçün nənəm qaçışı həyata keçirir. Yanına kiçik oğlunu, yəni atamı, gəlinini (anam Gülü) və üç nəvəsini alaraq Türkiyəyə doğru yola çıxırlar. Mənə deyilənə görə, üç-dörd kilo qızıl dəyərində pulla Türkiyəyə gəlmişlər. Sərhəddən qızılları keçirmək üçün onları manata çeviriblər. Anam pulları qarnına bağlayaraq hamiləlik görüntüsü yaradıb... Nənəm çox güclü qadındı. Yanında gətirdiyi pulla yeni bir evə yerləşirlər... Atam Atatürkün başlatdığı “yurdda sülh, cahanda sülh” fikrinə inanan biri idi, ona görə də “sülh” sözündən gələn Sülhiyyə adını mənə qoyur. Atam Sarıqamışda turnedə ikən qızı doğulduğunu öyrənir... Qardaşım Cabbar da əski türkcə ilə şeirlər oxuyurdu. Təhsilimiz üçün evimizə xocalar gəlirdi. Atam və dostları həmişə yeni nəğmələr yaratmağa çalışırdılar. Evdə “Çırpınırdı Qara dəniz” türküsünü də çox dinləyərdik. Bu əsər də ilk dəfə Atatürk Qarsa gəldiyi zaman Türk Ocağında söylənilib. Doğulduğum gündən bəri Atatürkçüyəm və həyatım boyunca onun dəyərlərinə bağlı bir Cümhuriyyət qadını olaraq yaşadım və yaşayıram. Bu mirası atamdan aldım və ailəliklə davam etdiririk... Atatürk “Xoş gəlişlər ola, Mustafa Kamal paşa” türküsünün bəstəkarını, yəni atamı da digər sənətçilər kimi mükafatlandırmaq istəyir. Onu da yanına çağıraraq nə istədiyini soruşur. Atam Atatürkdən ev istəyir və Atatürk ona Qarsda bir ev verir. Atatürkün verdiyi o ev atamın vəfatından sonra mənə qaldı, o evdə illərlə yaşadıq, sonra da satdıq”.
Qeyd edək ki, Tağı bəylə bağlı iddialardan birinə görə, Atatürk ona 500 lirəlik çek verib, amma o, üzərində paşanın imzası olduğuna görə çekin qarşılığı olan pulu almayıb. Sülhiyyə xanım bu iddianı təkzib edib.
Mustafa Kamal paşa türküsü
Atatürk Qars gəldiyi zaman onu qarşılayan heyət Qars vağzalında bu türkünü tar və dəflə oxuyublar. Paşa və xanımı ifanı çox bəyəniblər. Bir neçə rəsmi ziyarətdən sonra Qars Türk Ocağında tərtib edilmiş gecəyə qatılıblar. Bu gecədə Tağı bəy və heyəti nəğməni yenidən oxuyublar, hazırladıqları bir oyunu səhnələşdiriblər. Atatürk və xanımı aktyorları bir neçə dəfə salamlayıblar. Heyəti bəyənən paşa onları Ankaraya dəvət edib. Heyət Ankarada Karpiç qazinosunda səhnəyə çıxıblar. Onlar arasında Tağı bəy və qızı Əzəmət də olub. Tağı bəy Ankaraya Qarsın tanınmış aktyoru, özü kimi Azərbaycan əsilli Səttar Güldürlə birlikdə gedib. Birlikdə səhnəyə çıxan bu heyətin 18 üzvü olub.
Qeyd edək ki, Tağı bəyin bəstələdiyi bu türkü daha öncə Ənvər paşaya yazılan marş əsasında yenidən düzənlənərək hazırlanıb. Gümrüdən olan, qəzet və kitab sataraq dolanan Mehmet Türkel bəyin köməyi ilə yeni sözləri yazıblar. Bu şəkildə formalaşan əsər geniş şəkildə yayılıb. Türk Xalq Musiqisi sənətçisi, folklorşünas Müzəffər Sarısözenin bu nəğməni TRT-nin repertuarına almasından sonra əbədilik qazanıb.
Tədqiqatçı Ələşrəf Uzundərənin yazdığına görə, nəğmənin sözlərini irəvanlı şair Mirməhəmməd (Mehmed Türkel) qələmə alıb, musiqisini isə xalıçı Hümmət ağa, Molla Musa kəndindən Tağı bəy və qarmonçalan Mehmed oğlu Seyid bəstələyib.
“Kars Eli” jurnalındakı məqaləsində İslam Özinan adlı müəllif Səttar Güldürə istinadən nəğmənin sözlərinin Hacı adlı bir şəxsin yazdığını bildirib. Musiqişünas, jurnalist Salih Şahinə görə 1918-ci ildə Ənvər paşanın Qarsa gələcəyi xəbərini eşidən 9-cu kolordunun rusca tərcümanı Yusuf Arpaçayın atası gümrülü Hacı Mehmed ağa Ənvər paşa şərqisinin sözlərini yazıb, irəvanlı qarmonçalan Mehmed oğlu Seyid Ağdam bəstələyib.
Bu şeir Mustafa Kamal paşa üçün yenidən yazıldıqdan sonra da bəzi dəyişikliklər edilib. Ona görə də türkünün sözləri mənbələrdə fərqli şəkildə ortaya çıxır. İrəvan əsilli sənətçilərdən Ayla Çapanın ifasında bu türkü sonrakı dövrlərdə daha da məşhurlaşır.
Şərqinin mətni Semra Eren-Nijharın kitabında bu şəkildədir:
Xoş gəlişlər ola, Mustafa Kamal paşa
Əsgərin, millətin, bayrağınla çox yaşa
Ərş Ərş Ərş irəli, irəli ərş irəli
Marş irəli, dönməz geri, türkün əsgəri
Sağdan sola, soldan sağa
Salla bayrağı düşmən üstünə
Cəbhədə süngülər ayna kimi parlıyor
Azəri türkləri bayraq açmış bəkliyor
Ərş Ərş Ərş irəli, irəli ərş irəli
Marş irəli, dönməz geri, türkün əsgəri
Sağdan sola, soldan sağa
Salla bayrağı düşmən üstünə