19 May 2023 10:56
1 778
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Mustafa Kamal Atatürkün Samsuna çıxaraq Qurtuluş Mücadiləsini başlatdığı hadisənin ildönümü və onun yaxın silahdaşlarından Əhməd bəy Ağaoğlunun anım günüdür. Əhməd bəy Mustafa Kamal paşa və onun görüşləri haqqında bir neçə məqalə yazıb, aralarındakı bəzi problemlərə rəğmən ona və düşüncələrinə olan sədaqətini hər zaman qoruyub. 1933-cü ildə Almaniyada Hitlerin iqtidarı ələ alması və güclənməsi nəticəsində onun Atatürkü örnək götürməsinə dair iddialar ortalığa atılır. Ümumiyyətlə, 1930-cu illərin dünyasında vəzifə başında olan liderləri eyni qəlibə qoymaq, onları diktatorluqda ittiham etmək geniş yayılmış haldır. Amma Əhməd bəy Ağaoğlu 1933-cü ildə özünün nəşr etdiyi “Akın” qəzetində bu iddialara tutarlı cavablar verib, kamalizmlə hitlerizmin eyni olmadığını əsas dəyərlər üzərindən isbat edib.

Əhməd bəyin geniş bilinməyən bu yazısını təqdim edirik:

***
Əhməd Ağaoğlu

Kamalizm və Hitlerizm

Rəfiqlərimizdən birinin verdiyi bir xəbərə görə Hitler Qazini nümunə götürdüyünü və Qazini təqlid etdiyini söyləmiş.

Əgər bu xəbər doğru isə bizim anlayışımıza görə Hitler ya kamalizmi olduğu kimi anlaya bilməmiş, yaxud onu fəna təqlid etmişdir.

Çünki kamalizmlə hitlerizm arasında şəkil və mahiyyət, istiqamət etibarilə dərin fərqlər və təzadlar vardır.
Kamalizm yaradıcı bir hadisədir. O, yoxdan bir dövlət vücuda gətirmişdir. Hitlerizm hələ yaradıcılıq əsəri göstərmədi.

Kamalizm irəliyə doğru müsbət və qəti bir həmlələr silsiləsidir.

Hitlerizm isə gah irəliyə, gah geriyə doğru vurnuxmaqdır. Daha doğrusu, hələ yolunu təyin edə bilməmişdir.
Kamalizm geniş və məmləkətçi bir hərəkatdır.

Kamalizmin vücuda gətirmiş olduğu Təşkilati-Əsasiyyə Qanunu [Konstitusiya] “Türk mədəniyyətini qəbul edən hər kəsi Türk kimi qəbul eyləməkdədir.

Hitlerizm isə dar, inhisarçı, bir hərəkatdır. İrqçi - raciste deyə öz-özünü tərif edən bu hərəkat alman mədəniyyətini qəbul edərək bu mədəniyyətin feilən inkişafına xidmət və yardım edənləri yalnız almanlıqdan deyil, alman hüdudu xaricinə atmaqdadır.

Kamalizm milli olmaqla bərabər bəşəridir. O, hüquqda, əxlaqda bədiiyyatda və bilgidə, bütün bəşəriyyətin müştərək çalışması məhsulu olan bütün həqiqətləri, yaxşılıq və gözəlliyi mənimsəməkdə tərəddüd etməz.
Hitlerizm isə qeyri-bəşəridir. Çünki hər sahədə hər şeyi almanlığa, alman irqinə çevirmək xülyasındadır. Alman hüququ, alman əxlaqı, alman bədiiyyatı, hətta alman bilgisi deyə Almaniya ilə bəşəriyyət arasında adətən keçilməsi günah olan bir Çin səddi qurmaq əməlindədir.

Kamalizm ladini bir hərəkatdır. Yəni din xüsusunda hər kəsi öz vicdanı ilə baş-başa buraxmışdır.

Hitlerizm isə dini bir hərəkatdır, luteranizmi rəsmən qəbul və tərviç etməkdə [seçməkdə], katolizmi də Papa ilə son etdiyi Konkordato ilə idarə etmək əməlindədir.

Kamalizm açıq şəkildə xalqçı və demokratdır!

Hitlerizmin isə xalqçılığı hələ şübhəlidir. Həqiqətən də, qəbul edilən rəsmi proqramda xalqçılıq əsas olaraq tanınmışdır. Fəqət feiliyyətə gəlincə xalqçılığı tətbiq etməkdə acizdir. Çünki firqəsində [partiyasında] xalq kütlələri olduğu kimi böyük malikanə sahibləri, keçmiş xanədana mənsub şahzadələr və yüksək maliyyəçi mühitlərə mənsub insanlar da az deyildir.

Son zamanlarda Hitler firqəsinə mənsub olan həqiqi xalqçılar kəndliyə vəd edilmiş olan torpağın paylanılmasına başlanmasını tələb etdikləri üçün sərt münasibətə və hətta təqibata məruz qaldılar və Hitler inqilabın bitmiş olduğundan proqramın bütün təfərrüatının tətbiqi üçün zamanın keçməsi və müsait şərtlərin mövcud olması lüzumundan bəhs etdi!

Kamalizm qurulduğu gündən etibarən milli təmsilə riayət etməkdə və Milli Məclisin əlində olan bütün səlahiyyətləri dəqiqliklə mühafizə eyləməkdədir.

Halbuki Hitlerizm Milli Məclisin səlahiyyətlərini hər gün təhdid eyləməkdədir. Məclis üzvlərini çıxarmaqda və son günlərdə isə cümhur rəisinə aid olan referendum səlahiyyətini də üzərinə götürərək birbaşa diktatorluğa getməkdədir.

Kamalizm qəti və gerçək olaraq cümhuriyyətçidir.

Hitlerizmin isə bu xüsusdakı təmayülü hələ tamamən bəlli olmamışdır. Fəqət bir tərəfdən Almaniyada cümhuriyyəti quran Veymar Qanuni-Əsasini alt-üst etdi, özündə qanun mahiyyətində fərmanlar çıxarmaq səlahiyyətini gördü, digər tərəfdən də mühiti və əlaqələri etibarilə səltənətçiliyə doğru yürümək istedadını da daşıdığını hər gün bir az ziyadə göstərməkdədir.

Budur, kamalizmlə hitlerizm arasında ilk ağlımıza gələn əsaslı fərqlər!

Ona görə də bu iki hərəkəti bir-birinə qarışdırmaq, birinin digərindən ilham aldığını iddia eyləmək həm xəta, həm də günahdır!

Hitler böyük adam ola bilər, bu xüsusu biz münaqişə etmirik, fəqət onun qurmaq istədiyi bina və getdiyi yol başqadır. Bu yolun və bu binanın alman milləti üçün xeyirli olub-olmayacağı da başqa və mübahisə təşkil edən bir məsələdir! Bu məsələyə bizim qarışmağımız da münasib olmaz. O tamamən və xüsusilə alman millətinə aiddir. Fəqət nəticə nə olursa-olsun bizim kamalizmlə alman hitlerizmi arasında nə təşəkkül, nə də mahiyyət etibarilə heç bir əlaqə və münasibət olmadığını da söyləmək bir vəzifədir.

“Akın” qəzeti, sayı 51, 18 iyul 1933


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər