Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti təşəbbüsü ilə dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə yanğın hadisələrinin qarşısının alınması, eləcə də meşələrdə yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə Masallı, Göyçay və Şəmkir rayonlarında seminar-müşavirələr keçirilib.
Bu barədə Teleqraf.com-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Şəmkirdə keçirilən tədbirdə Gədəbəy rayonunun da aidiyyəti qurumlarının məsul şəxsləri iştirak ediblər.
Tədbirlərdə qeyd olunan rayonların icra hakimiyyətlərinin məsul əməkdaşları və inzibati ərazi dairələri üzrə nümayəndələri, Dövlət Aqrar İnkişaf Mərkəzinin işçiləri, bələdiyyə sədrləri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Meşə Təsərrüfatı mərkəzlərinin və “Aqroservis” ASC-nin vəzifəli şəxsləri, yerli sahibkarlar və fermerlər iştirak ediblər.
Tədbirlərdə dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə, eləcə də meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyinin təmin edilməsi, həmçinin rayonların ərazisində açıq sahələrdə yanğın təhlükəsi yaradan quru ot, kol-kos, məişət tullantılarının vaxtında təmizlənməsi ilə əlaqədar aidiyyəti təşkilatlar qarşısında məsələlər qaldırılıb, yanğın təhlükəsizliyi ilə bağlı müvafiq qaydalar izah olunub.
Seminar-müşavirələrdə yerli idarəetmə orqanları tərəfindən də əhali arasında sözügedən sahəyə dair maarifləndirmə işinin aparılmasının vacibliyi diqqətə çatdırılıb.
Tədbirlərdə mövzu ilə bağlı geniş müzakirələr aparılıb, zəruri tövsiyələr verilib, suallar cavablandırılıb.