Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 31 yanğına çıxış, 3 halda köməksiz vəziyyətdə qalma və 1 partlayış faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən sutka ərzində 2 nəfər xilas edilib, 1 nəfər partlayış zamanı xəsarət alıb. Həmçinin, Kür çayının Şirvan şəhərinin Bayramlı qəsəbəsi ərazisindən keçən hissəsində batmış 1 nəfər azyaşlının axtarışları davam etdirilir.