27 May 2023 17:55
1 470
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu il Azərbaycan Cümhuriyyətinin ədliyyə naziri, ömrünü mühacirətdə başa vurmuş Xəlil bəy Xasməhəmmədin doğumunun 150-ci ildönümüdür. Bu münasibətlə onun həyat hekayəsini və silahdaşı, əqidədaşı, ilk Baş nazirimiz Fətəli xan Xoyski haqqında olan yazısını təqdim edirik.

***

Xəlil bəy Xasməhəmməd 7 noyabr 1873-cü ildə Gəncədə doğulub. Gəncə gimnaziyasında orta təhsil alıb, 1895-ci ildə Moskva Universitetinin hüquq fakültəsini bitirib. Düşüncələrinin formalaşmasında İsmayıl bəy Qaspıralının mühüm rolu olub. “İsmayıl bəy Qaspıralıya aid bir xatirə” adlı məqaləsində 1895-ci ildə Moskvada Fətəli xan Xoyski ilə birlikdə onunla görüşməsindən bəhs edib: “İsmayıl bəyi məktəbin son siniflərində ailəmin abunə olduğu “Tərcüman” vasitəsilə tanıdım... İsmayıl bəyin milli türk məktəblərinin açılması, Rusiya türkləri üçün milli və müştərək bir dilin yaradılması, nəhayət, türk ittihadı haqqındakı çıxışlarından təsəlli tapırdıq... Moskva Universitetində tələbə olarkən artıq özüm “Tərcüman”a abunə yazılmışdım. Yeganə milli qidamız o idi... Nəhayət, bir gün İsmayıl bəyi şəxsən tanımaq şərəfinə nail oldum. 1895-ci ilin mayında mərhum Fətəli xanla bərabər universitetin binasından çıxarkən qapıda bizi bir nəfər qarşıladı, ünvanımı bir yanlışlıq nəticəsində itirdiyini, tələbə Xəlil Xasməhəmmədi tanıyıb-tanımadığımızı soruşdu. Müsbət cavab verdikdən sonra ona qoşuldum... Məlum oldu ki, Moskva İslam Cəmiyyəti Malmada Ermitaj hotelində İsmayıl bəyin şərəfinə bir ziyafət tərtib edib, mən də İsmayıl bəyin təklifi ilə bu ziyafətə dəvət edilmişəm. İsmayıl bəy şəxsən mənimlə bərabər bu ziyafətə getmək üçün məni axtarırmış. Ziyafət çox canlı və maraqlı keçdi... İsmayıl bəy nitqində bir daha bizə türklük idealı aşıladı, bizə böyük bir iman və ümid verdi”.

Xəlil bəy Dumada Qafqaz türklərini təmsil edərkən İsmayıl bəylə daha yaxın əlaqədə olub, Peterburqda onunla dəfələrlə görüşüb.

Dörd qardaş olan Xasməhəmməd ailəsinin üçü—Xəlil bəy, Ələsgər bəy, Ələkbər bəy hüquqşünas idi. Qardaşlardan Ələkbər bəy “Difai” partiyasının Mərkəzi Komitəsinin, Gəncə Müsəlman Xeyriyyə Cəmiyyətinin, onun Təftiş Komissiyasının üzvü olub, 1918-ci il iyulun 15-də mart soyqırımını araşdırmaq üçün Azərbaycan Cümhuriyyəti Hökumətinin qərarı ilə yaradılmış Fövqəladə Təhqiqat Komissiyasının sədri təyin edilib. Nazirlər Şurasının 1919-cu il 28 fevral tarixli qərarı ilə Ələkbər bəy Azərbaycan Məhkəmə Palatasının böyük sədri vəzifəsinə gətirilib.

Xəlil bəy 1897-1907-ci illərdə Yekaterinodar Dairə Məhkəməsi prokurorunun yoldaşı (müavini) işləyib. 1907-ci ildən vəkillik edib. 7 fevral 1907-ci ildə Gəncə valiliyindən Rusiya II Dövlət Dumasına deputat seçilib. Dumanın Müsəlman Fraksiyasına daxil olub, Xalq Azadlığı Partiyasında təmsil olunub. Çar II Dumanı buraxdıqdan sonra Xasməhəmməd Gəncəyə dönüb və ildə 3 min manat maaşla vəkillik edib. 14 oktyabr 1907-ci ildə Bakı, Gəncə və İrəvan valiliklərindən III Dövlət Dumasına deputat seçilib. 9 iyun 1912-ci ildə III Duma fəaliyyətini dayandırıb və Xəlil bəy Gəncəyə dönərək, 1913-1917-ci illərdə vəkilliklə məşğul olub, Gəncə Şəhər İdarəsinin sədri işləyib. 23-26 may 1915-ci ildə Tiflisdə Qafqaz diyarı şəhər ictimai xadimlərinin 4-cü qurultayı keçirilib. 24 mayda Qurultayın Rəyasət Heyəti təşkil edilərkən Gəncə şəhərinin başçısı Xasməhəmmədov sədrin müavini seçilib. 1917-ci il Fevral inqilabından sonra yerli hakimiyyət orqanı olan Gəncə Qəza İcraiyyə Komitəsini yaradaraq, onun sədri vəzifəsində çalışıb. Gəncədə Nəsib bəy Yusifbəyli və başqa əqidədaşları ilə birgə 1917-ci ildə Türk Ədəmi-Mərkəziyyət Firqəsinin, həmin ilin martında isə birləşmiş Türk Ədəmi-Mərkəziyyət Firqəsi Müsavatın yaradıcılarından olub. 26-31 oktyabrda Müsavatın I qurultayında onun Mərkəzi Komitəsinin üzvü seçilib. Zaqafqaziya Komissarlığı hökumətində nəzarət komissarı (naziri) təyin edilərək, 1917-1918-ci illərdə bu vəzifədə çalışıb.

Zaqafqaziya Seyminin, Azərbaycan Milli Şurasının (1918, 27 may), 1918-ci ilin fevral-mart aylarında Trabzon Sülh Konfransında Zaqafqaziya nümayəndə heyətinin üzvü olub. Eləcə də, 1918-ci ildə İstanbul konfransına göndərilən, Rəsulzadənin sədri olduğu Azərbaycan Cümhuriyyəti nümayəndə heyətinə daxil edilib. X.Xasməhəmməd Azərbaycan Cümhuriyyətinin 1-ci Hökumət kabinəsində ədliyyə naziri, 2-ci kabinədə əvvəlcə portfelsiz nazir, sonra ədliyyə naziri, 3-cü kabinədə daxili işlər naziri, 5-ci kabinədə ədliyyə naziri vəzifələrində çalışıb. Müsavat Partiyasından Azərbaycan Məclisi-Məbusanının üzvü olub. Azərbaycan nümayəndə heyətinin tərkibində Cənubi Qafqaz respublikaları konfransında (1919, aprel-iyun) iştirak edib.

Xəlil bəy 1920-ci il aprelin 1-dən Azərbaycanın Osmanlı dövlətindəki səfiri təyin olunub.

1920-ci ildə rusların Azərbaycan Cümhuriyyətini işğalından sonra Xəlil bəy də mühacirət həyatı yaşamaq məcburiyyəti qarşısında qalıb. Ermənilər Fətəli xan Xoyski ilə Həsən bəy Ağayevi qətlə yetirsələr də, Xəlil bəy yaralı şəkildə xilas ola bilib.

Xəlil bəy 1924-1927-ci illərdə İstanbulda Qafqaz Konfederatları Komitəsinin, 1927-1932-ci illərdə Azərbaycan Milli Mərkəzi katibliyinin, 1934-1939-cu illərdə “Qafqaz” qrupunun üzvü olub. Mühacirətdaxili qarşıdurmalar dövründə Xasməhəmmədlə Rəsulzadənin yolları ayrılıb. Nəticədə, “Müsavat”ın 1936-cı ildəki Varşava konfransında Xəlil bəy partiyadan çıxarılıb.

1942-ci ildə Almaniyanın Xarici İşlər Nazirliyinin xətti ilə Berlinə görüşə dəvət edilmiş tanınmış Qafqaz siyasi mühacirləri sırasında Xəlil bəy də olub.

Xəlil bəy mühacirətdə aktiv siyasi fəaliyyətlə yanaşı, mətbuatda yazılarla da çıxış edib. Azərbaycan Cümhuriyyətinin yaradılmasının 15 illiyinə həsr edilmiş jurnalda yaxın dostu, silahdaşı Fətəli xan Xoylu haqqında yazıb, onu “28 Mayın böyük qurbanı” adlandırıb.

Türkiyə Cümhuriyyətinin qurulmasının 10-cu ildönümü münasibətilə yazdığı məqalədə Xəlil bəy İstanbuldakı xatirələrindən bəhs edib: “1918-ci ildə hələ müharibə davam edərkən İstanbulda idim. Mənim buraya gəlişim təsadüfi deyildi. Azəri türkləri Rusiya daxilindəki siyasi inqilabdan istifadə edərək, bir əsrdən çoxdur uğrunda qan axıtdıqları ideala qovuşmuş, cümhuriyyət idarəsi şəklində milli istiqlallarını elan etmişdilər. Mən də milli və müstəqil Türk Azərbaycan Cümhuriyyətinin mürəxxəs üzvü kimi Türkiyə, Almaniya, Avstriya və dörd Qafqaz Cümhuriyyətinin siyasi konqresində iştirak etmək üçün İstanbula gəlmişdim. Fəqət məğlubiyyət nəticəsində konqres toplanmadan dağılmağa məcbur oldu. Mudros müqaviləsi məğlub Türkiyənin vəziyyətini təyin etmişdi... İstanbulun bu ağır vəziyyətində “Antanta”nın İstanbulu işğalı ərəfəsində müstəqil Azərbaycana döndüm. Bu, tarixin nə qədər acı bir cilvəsi idi. Məmləkətimin yeni doğan istiqlaliyyətini Türkiyəyə tanıtmaq üçün gəldiyim halda, bir neçə ay sonra qüvvətinə möhtac olduğumuz ölkəni dağılmış, istiqlaldan məhrum, boyunduruq altına alınmaq üzrə ikən tərk etdim”.

Xəlil bəyin mühacirət həyatı ilə bağlı digər mühacir Əhməd Cəfəroğlu belə bilgi verib: “Mühacirət illərində mərhum Xəlil bəy hamımız üçün mətin və çox şeylər öyrədən bir qaynaq olub. Hər toplantıya çağırılır, fikrinə, bilgisinə və imanına müraciət edilirdi... Məsələləri qavramaqda çətinlik çəkənlərə dəstək olardı”.

Rəsulzadənin İstanbuldan Parisə Ceyhun Hacıbəyliyə göndərdiyi 1 fevral 1925-ci il tarixli məktubda da Xəlil bəyin mühacirət həyatı ilə bağlı maraqlı məlumatla rastlaşırıq: “Xəlil bəyə bələdiyyədə bir məmur vəzifəsi verilib. Ayda 70 lirəyə qədər bir gəliri var. Bunu Əhməd bəy (Ağaoğlu – D.Ə) düzəltmişdi. Onun heç olmasa həyat yoldaşı türkdür. Yazıları (“Yeni Kafkasya” jurnalındakı –D.Ə.) onunla birlikdə birtəhər yoluna qoyur”.

Mühacirətdə Xəlil bəyə ağır itki də üz verib. Belə ki, 1931-ci ilin martında Xəlil bəyin Qalatasaray liseyinin məzunu olan 12 yaşlı oğlu Rauf bəy xəstəlikdən vəfat edib.

Xəlil bəy 1945-ci il avqustun 11-də xərçəng xəstəliyindən İstanbulda həyata gözlərini yumub, bir gün sonra dəfn olunub. Əhməd bəy Ağaoğlunun məzarının yanında torpağa tapşırılıb. Məzarın üzərində belə yazılıb: “Azerbaycan Milli Mücahidi Halil Has Mehmet Gürgören. 1870-1945”.

Onun ölümünü professor Əhməd Cəfəroğlu belə qələmə alıb: “İsti bir bahar sabahı yatdığı Bolqar xəstəxanasında gözünü açan kimi bir-iki dostunu yanına çağırdı. Saatını bir əqrəbasına, evdəki kiçik şeyləri xanımına, yastığının altında saxladığı 5-10 qəpiyi də cənazə xərcləri üçün vəsiyyət edərək gözlərini yumdu. Budur, əlli illik Azərbaycan istiqlal mücahidinin son günü. Azərbaycan onunla necə iftixar etməsin?!”

***
XƏLİL BƏY XASMƏHƏMMƏD

28 Mayın böyük qurbanı Fətəli xan

1918-ci ilin 28 mayı Azərbaycan türklərinin milli varlığını yüksəldən bir gündür. Bu gün Azərbaycan türkləri yeni bir tarixə qədəm qoymuş və bu tarixdə Azərbaycan öz milli, müstəqil həyatının təməlini qurmuşdur.

Qəddar rus imperializminin bir əsrlik zavallı qurbanı Azərbaycan hər bir xüsusda özünə yad, ruhuna düşmən Rusiyanın qaranlıq əsarətində inkişafdan məhrum qalmış və dayanmadan, yorulmadan bu əsarətə qarşı canla, qanla mücadilə yürütmüşdür. Zaman və məkanla başqa-başqa cərəyan alan bu milli mücadiləmiz tarixi, müstəqbəl milliyyətçi tarixçimizin müvəffəqiyyətlə bacaracağı şərəfli bir vəzifəsindən olduğu imanı ilə bu gün mövzumuz xaricindədir. Yalnız burada bu tarixi bir daha anmaqla məqsədimiz onun o qüdsi xatirəsini yenidən yaşatmaq və qovuşacağımız idealı canlandırmaqdır.

Nəhayət 15 il bundan əvvəl o müqəddəs 28 may günündə Rusiyanın keçirdiyi böhran və inqilabdan istifadə edən Azərbaycan türkləri öz milli varlıqlarını əldə etmiş və bir əsrlik rus əsarət pəncəsindən, rus zülmündən milli Türk Azərbaycanını xilas etmişlərdir. Yalnız bu gün Azərbaycan milləti əzəli düşməni Rusiyadan əlaqəsini kəsmiş və yalnız bu gün Azərbaycan iradəsi hakimiyyətini qurmuşdur. İştə 28 mayda Azərbaycan Milli Şurasının cahana elan etdiyi misaki milli bu yılmaz və sönmək bilməyən Azərbaycan türklərinin milli iradəsinin əsəridir. Buna görədir ki, 28 may hər bir Azərbaycan türkünün milli bayramıdır. Zatən başqa cür də ola bilməz.

Ancaq bu milli və tarixi günümüzü hər daim xatırlayarkən gözümüzün önündə bu milli iradə qurbanlarından biri olan və bu sətirlərim özünə hörmətlə ithaf edilən mərhum Fətəli xanın əziz şəhid ruhu qəlbimizdə bütün ağrısı ilə canlanmaqdadır. Ona Azərbaycanla bərabər ağlamamaq mümkün deyildir. O, Azərbaycanla doğmuş və Azərbaycanla sönmüş bir ulduzdur. Nə yazıq ki, keçirdiyimiz bugünkü fitrət dövrü onun yüksək şəxsiyyətini və milli istiqlal mücadiləsindəki, milli Azərbaycan dövləti quruluşundakı rolunu xidmətləri ilə ölçmək imkanını verməməkdir. Bununla birlikdə müvərrixlərimizin [tarixçilərimizin] bu nöqsanı da təlafi edəcəklərinə qüvvətlə əminik.

Mərhum Fətəli xan, həqiqətən, təbiətin ona bəxş etdiyi bir çox müsbət vəsfləri olan qiymətli şəxslərimizdən birisi idi. Əslən aristokrat, fəqət qəlbən demokrat olub dövlətşinas və qanunpərəst idi. Gözəl natiq, qüvvətli məntiq sahibi mərhum Fətəli xan mühüm və külfətli dövlət məsələlərinin halında dərin zəka göstərən bir ricaldı. Səmimi milliyyətpərvərliyi, yılmaz iradəsi ilə məmləkətinin müqəddəratına bağlı bir Azərbaycan dövlət adamı idi. Xarici görünüşü ilə mütənasib ruhi zənginliyi mərhuma böyük bir cazibə bəxş etmişdi. Nəhayət, mərhum Fətəli xan özünü sevdirən və özündə şəfqət və əlaqə oyandıran bir yoldaş idi.

İştə bu qədər ali və müsbət vəsfləri olan kimsələr yalnız milli oyanış və milli quruluş anlarında həqiqi və milli qüvvətləri öz ətrafında toplayar və müştərəkən milli quruluşa sağlam bir təməl ata bilir. Mərhum Fətəli xan Milli Azərbaycan Cümhuriyyətinin quruluşunda, həqiqətən belə bir rəhbər olmuşdur. Onun rəyasəti taxtında və bacarıqlı rəhbərliyi ilə Milli Şura yuxarıda bəhs etdiyimiz və Azərbaycan münəvvərləri ilə bütün millətin duyğu və milli idealına tərcüman olan qətiyyən münaqişə götürməz olan misaqi-millini elan etmişdir. Hətta onun rəhbərliyi ilə belə tənzim edilmişdir.

İstiqlal misaqının elanından sonra Milli Şura ilk Azərbaycan Cümhuriyyəti hökumətini qurarkən mərhuma haqqını vermiş və onun əlinə ilk heyəti-vəkilə rəyasətini təvdi etmişdi. Bu isabətli qərar sırf onun həqiqi rəhbərliyi ilə dövlətimizin sarsılmaz bir təməl quracağından doğmuş idi.

Mərhum Fətəli xanın bu mövqeni tutması ilə sabit oldu ki, artıq milli dövlət və cümhuriyyət əmin və sağlam əllərə təvdi edilmiş bulunur. Bilxassə onun təkcə Azərbaycan əhalisi deyil, əksinə ümum Qafqaz millətləri arasındakı şöhrət və hörməti milli cümhuriyyətimizin yüksək bir prestijə malik olduğuna bir dəlil təşkil edirdi. Buna görədir ki, qırmızı imperializmin qaba istilası ilə nəticələnən mənhus istila Azərbaycan Cümhuriyyətinin işğalından sonra istiqlalın ən canlı və sağlam övladlarının canına qıymaya başladı.

Bu qətllərin ilk şəhidi mərhum Fətəli xan idi. Azərbaycan istiqlalının düşmənləri Azərbaycan məfkurəsinin zəhərli qatilləri qanlı əllərini mərhuma uzatdılar. Onu sırf öz millətinə xidmət etdiyindən və ölkəsinə olan dərin mərbutiyyət [bağlılıq] və eşqindən dolayı ana torpağından uzaq qürbət ellərinin küçəsində acınacaqlı bir surətdə qətl etdilər. Milli Cümhuriyyətimizin təməlli bir banisi, sevgili yoldaşımız küçə arxasından qətl edildi və qəhr edilmiş millətin qurşunu ilə istiqlaliyyətə gözünü qapadı.

Mərhum Fətəli xanın bu acınacaqlı hailəsi Azərbaycanın ən əngin köşələrində dərin və dəhşətli ağrı oyandırdı. Bu itki Milli Cümhuriyyətin münəvvər zümrəsinin bel kəmiyinə endirilən zərbələrin, bəlkə ən həssası və ilki idi. Buna rəğmən biz bu qaba intiqam hissindən uzaq olub, onun da canını qoyduğu milli ideal uğrunda əmin addımlarla yürüməklə milli intiqamımızı almış oluruq.

Şübhəsiz, bir gün gələcək Azərbaycan türkləri də Milli Cümhuriyyətin bu fitrət dövründən qurtulmuş olacaqdır. İştə o zaman azad məmləkətimizin borclu olduğu həqiqətli övladları qürbət ellərin tərk edilmiş məzarıstanında istirahət edən mərhum Fətəli xandan geriyə qalanları onun qəlbimizdə yaşayan əziz ruhu ilə bərabər milli yurda, çox görmüş və keçirmiş zavallı ölkəmizə nəql edəcək və şairin dediyi kimi ona kimsənin çata bilməyəcəyi iftixarlı bir abidə tikəcəkdir.

Bunu bizim həm vicdanımız, həm də milli qürurumuz tələb etməkdədir.

Qaynaq:

Halil Has Mehmet. İsmail Bey Gaspirinskiye ait bir hatıra. “Azerbaycan Yurt Bilgisi”, sayı 16, 1933-cü il

Misir Mərdanov, Ədalət Tahirzadə. 1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar. (Ensiklopedik soraq kitabı). III cild. F-İ. Bakı, 2019, ss. 339-342

Halil Has Mehmet, “28 mayısın büyük kurbanı”, “Azerbaycan Yurt Bilgisi”, sayı 17, 1933-cü il

Halil Has Mehmet. Kardeş Cümhuriyetin onuncu yıllığı. “Azerbaycan Yurt Bilgisi” jurnalı, sayı 21-22, 1933-cü il

Caferoğlu A. Bereketli mücahit Halil Bey Hasmehmet. “Mücahit” jurnalı, sayı 33-34, 1960-cı il


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər