30 May 2023 12:20
416
12 Punto 14 Punto 16 Punto 18 Punto

28 mayda Türkiyədə keçirilən seçkilər son 20 ildə siyasi və mənəvi coğrafiyasını genişləndirən bir dövlətin parlaq qələbəsi oldu. On illərdir hakimiyyət zirvəsində olan liderə verilən 27 milyondan artıq səs həm də xalqımıızın mənəvi-siyasi iradəsinin ifadəsi idi.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Zahid Oruc deyib.

O qeyd edib ki, Prezident İlham Əliyevin təbrikində millətimizin Ərdoğana minnətdarlıq hissinin Qarabağ Zəfəri ilə bağlılığının bir daha vurğulanması Bakı meydanlarında minlərlə insanın coşqusunda, milyonların insanın sevincində nümayiş olundu:

"2-ci tur qarşısında türk xalqını düzgün seçim etməzlərsə, iqtisadi tənəzzüllə, qaçqın seli ilə, vətəndaş qarşıdurması və dünyadan təcridlə qorxudanlar, terror təşkilatları ilə təhdid edənlər də məğlub oldular. Aylardır “Ərdoğan getməlidir” manşeti ilə çıxan qlobal medianın təbliğatı iflasa uğradı. Lakin Ərdoğanın qələbəsi ilk növbədə, Azərbaycan-Türkiyə birliyinin təntənəsi, islam və türk dünyasında, eləcə də Avrasiya qitəsində qurulan yeni təhlükəsizlik arxitekturasının davamlılığının zəmanəti oldu. Əgər Ermənistanla sülh müqaviləsi hələ imzalanmayıbsa, Fransa və NATO dövlətləri Cənubi Qafqaza hərbi qüvvə yeritməyə çalışırsa, Əliyevlə Ərdoğanın Zəfər kursu davam etməlidir".

Millət vəkili hesab edir ki, Türkiyə müxalifətinə özünü yaxın sayan, “orada hakimiyyət dəyişərsə, bizə də fürsət açılar” deyən radikal dini-siyasi qüvvələrə də böyük zərbə oldu:

"Qardaş ölkədəki seçkilərə cəmiyyətimizin yüksək diqqəti 2025-ci ildə Azərbaycanda keçiriləcək prezident və parlament seçkilərinə hazır olduğunun kimi də dəyərləndirilə bilər.

Prezident İlham Əliyev 2018-ci il seçkilərinin ardınca Ulu Öndərin 100 illiyində yeni hakimiyyət quruculuğunu əzmlə davam etdirir. Mərkəzi və yerli idarəetmə orqanlarında inqilabi dəyişikliklər, yeni partiyalar sistemi, neftə alternativ-“yaşıl” enerji iqtisadiyyatı, yeni siyasi elitanın formalaşdırılması Vətən müharibəsində Qələbədən sonra daha da güclənib".

Zahid Oruc vurğulayıb ki, Türkiyədə 90 faizə yaxın seçicinin gələcək taleyini özü müəyyən etməsi ölkəmizdə də aktiv seçki mühitinə təkan verir və partiyalardan kənarda qalan, qeyri-siyasi topluma aid edilən və kənar təsirlərə həssas təbəqənin siyasi proseslərə fəal cəlbini tələb edir:

"Xüsusilə də “Azərbaycan 100 ili” adlı yeni konsepsiyanın, o cümlədən 2-ci Qarabağ müharibəsində Qələbəmizin tək lideri İlham Əliyevin gələcək seçkilərdə haqlı legitim qələbəsinin “yol xəritəsi”nin hazırlanması bir nömrəli məsələdir. Konstitusion islahatların zərurəti, eləcə də Xankəndidə məskunlaşan ermənilərlə birgəyaşayış və inteqrasiya siyasi hüquq və azadlıqlara həssas yanaşmanı şərtləndirir. Siyasi partiyaların ideoloji kimliklərinin müəyyənləşməsi, dini və milliyətçi yönlü, separatizmə qarşı birləşdirici ideologiyaların hazırlanması da son dərəcə vacibdir. Azərbaycanda növbəti seçkilər müstəqillik tariximizdə ilk dəfə ərazi bütövlüyümüzün təminatı və azad torpaqlarda keçiriləcəkdir. Ona görə də Zəfərimizə geridönməz xarakter vermək, Böyük qayıdışın bütün hədəflərinə çatmaq, möhkəm ailə və dini dəyərləri, eləcə də milli təhlükəsizliyi qorumaq üçün Türkiyədə seçkilərdəki Qələbəni 2025-ci ildə ölkəmizdə davam etdirməliyik!".


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər