"Məktəblilərlə təşkil edilən turlarda təhlükəsiz hərəkət üçün bizə müraciət edilməsini istəyirik. Məktəblilərin səfərlərinin təhlükəsiz təşkil olunmasında onlara dəstək göstərəcəyik".
Teleqraf com xəbər verir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis mayoru Rövşən Tağıyev “Uşaqlar, hüquqlar, qəzalar və çıxış yolları” adlı işgüzar konfransda deyib.
O qeyd edib ki, məktəblilərlə təşkil edilən turlarda qəza hallarına rast gəlinir:
"Qəzaların qarşısını almaq üçün xahiş edirik ki, bütün məktəblər bizə müraciət etsinlər. Onların yollarda təhlükəsiz hərəkəti üçün müvafiq addımlar atacağıq. Səfərlər çox vaxt dağlıq rayonlara olur. Onların həmin ərazilərdə rahat hərəkət edə bilmələri vacibdir. İstəyirik ki, bu yay heç bir uşaq belə qəzalarda xəsarət almasın".
Qeyd edək ki, konfrans Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, “Liatris Holding”, Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi , Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi və AVTO FM Radiosunun birgə dəstəyi və təşkilatçılığı ilə 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı keçirilir.