Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Səbail, Yasamal və Nərimanov rayon Yanğından Mühafizə hissələrində silsilə “açıq qapı” günü tədbirləri keçirib.
Bu barədə Teleqraf.com-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, tədbirlərin keçirilməsində məqsəd məktəblilərin hərtərəfli inkişafına, onların fiziki və mənəvi cəhətdən sağlam yetişməsinə, onlarda təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin, eyni zamanda ilkin yanğın təhlükəsizliyi biliklərinin formalaşmasına və yanğınsöndürənlərin peşə fəaliyyəti barədə məlumatlılıq səviyyəsinin artırılmasına kömək etmək olub.
Tədbirlərdə Bakı şəhərində fəaliyyət göstərən Avropa Azərbaycan Məktəbinin, Bakı Britaniya Məktəbinin və 45 nömrəli tam orta məktəbin 1-ci və 2-ci sinif şagirdləri, müəllimlər və valideynlər iştirak edib.
Tədbirlərin iştirakçılarına yanğınsöndürənlərin gündəlik rejim qaydaları və hissələrin fəaliyyəti haqqında ətraflı məlumat verilib, onlara ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları və əməkdaşların məşqlərinin bir hissəsi də əyani şəkildə nümayiş etdirilib. Həmçinin, uşaqlar fövqəladə hallar zamanı istifadə olunan zəruri yanğınsöndürmə və digər qəza-xilasetmə texnika və avadanlıqları ilə, eyni zamanda fövqəladə hallarla bağlı rəsm və maketlərdən ibarət sərgi ilə yaxından tanış olublar.
Sonda məktəblilərin sualları cavablandırılıb.