3 İyun 2023 15:20
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Salyan və Neftçala rayonlarına mediatur təşkil edib.

Teleqraf.com xəbər verir ki, mediatur çərçivəsində Kürkənd nasos stansiyası, Birləşmiş Baş Akuşa nasos stansiyası, Neftçala Magistral Kanalı nasos stansiyasına baxış keçirilib, eyni zamanda media nümayəndələri Neftçala şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrası ilə tanış olublar.

Bildirilib ki, 1982-ci ildən fəaliyyət göstərən 2022-ci ildə əsaslı təmir olunmuş 2 aqreqatlı Kürkənd nasos stansiyası uzunluğu 16,2 km olan Ş kanalı altında olan 2840 ha əkin sahəsinə xidmət göstərir. Ümumi məhsuldarlığı 3,2 m3/san-dir.

1957-ci ildən fəaliyyət göstərən Birləşmiş Akuşa nasos stansiyası Vlaqa-7, Vlaqa-8 üzən və Akuşa-2 stasionar nasos stansiyalarından ibarətdir və uzunluğu 34,4 km olan Magistral Akuşa suvarma kanalı altında olan 19200 ha əkin sahəsinə xidmət göstərir, ümumi məhsuldarlığı 20 m3/san-dir. Ulu Öndər Heydər Əliyev təməlini qoyduğu 12 aqreqatlı Akuşa-2 stasionar nasos stansiyası 1981-ci ildə istismara verilib.

2004-2008-ci illər üzrə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına daxil edilən "Neftçala rayonu üzrə pambıqçılığın və taxılçılığın inkişaf etdirilməsi" tədbirinin icrasını təmin etmək məqsədilə "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC "Neftçala Magistral Kanalının nasos stansiyası ilə birlikdə tikintisi" layihəsinin icrasına 2006-cı ildə başlayıb. 24 sentyabr 2017-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə layihənin açılış mərasimi keçirilib. Neftçala Magistral Kanalı nasos stansiyası 8 aqreqatlı 2 ədəd üzən nasos stansiyalarından ibarətdir. Nasos stansiyasının ümumi məhsuldarlığı 14,4 m3/san, ümumi gücü 5040 kvt, beton üzlüklü beton kanalın uzunluğu 24,9-kmdir, Neftçala Magistral Kanalı altında olan 20205 hektar əkin sahəsinə xidmət edir.

Baxış keçirilən növbəti məntəqə Kürün əsas qolunda suaşıran bənd olub. Onun uzunluğu 350 metr, eni 16 metr, hündürlüyü 4,5 m-dir. Bəndin tərkibi çınqıl-çaqıl daş tökmədən ibarətdir, su ötürmə qabiliyyəti isə (layihə üzrə) 735 m3/san-dir. Cari ildə faktiki keçən su (təxmini) 100-120 m3/san-dir.

Xatırladaq ki, Kür çayının aşağı axınında suyun axınının tənzimlənməsi ilə bağlı tədbirlər 25 oktyabr 2022-ci ildə başlanılıb, 5 yanvar 2023-cü ildə yekunlaşıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər