“Bir neçə gün öncə Bakıda və Vətənimizin digər bölgələrində yaşayan şəhid analarını ata yurdum olan Xızının Yarımca kəndinə dəvət etdik. Onları layiqincə qarşılayıb, gözəl bir gün keçirdik”.
“Mənim atam qəhrəmandır” və “Mənim oğlum qəhrəmandır” layihələrinin rəhbəri, bir sıra vətənpərvərlik mahnılarının sözlərinin müəllifi Cəlal Qurbanov deyib ki, belə bir tədbirin təşkli onun atasının arzusu idi: “Səhhəti ilə əlaqədar özü iştirak edə bilməsə də, ürəyi şəhid analarının, şəhid ailələrinin yanında idi. Tez-tez zəng edir, havanın bizə maneə yaradıb-yaratmadığını soruşur, kefimizi-halımızı xəbər alırdı.
Hər tədbirimizin sonunda yağış yağdığına artıq alışmışıq və mənə hər dəfə elə gəlir ki, bu yağış göylərdən bizə baxan şəhidlərimizin sevinc göz yaşlarıdır. Mən xoşbəxtəm ki, nəinki özüm, bütün ailə üzvlərim, qohumlarım, dostlarım şəhid analarına, şəhid ailələrinə öz doğmaları kimi yanaşır, az da olsa onların dərdlərini unutmaları üçün əllərindən gələni əsirgəmirlər”.
Cəlal Qurbanov vurğulayıb ki, Vətən üçün qəhrəmanlar yetişdirən, hər şeyi gözə alaraq, onları torpaqlarımızın azadlığı uğrunda döyüşə göndərən analar hər birimizin anasıdır. “Onlar üçün nə etsək azdır. Bu analar bizim baş tacımız, qəhrəmanlarımızın əmanətidir. Allah bütün şəhidlərimizə rəhmət etsin, qəhrəmanların analarını bizim başımızın üstündən əskik etməsin. Şəhid analarının, atalarının və övladlarının yanında olmaq, onların qəlbini az da olsa sevindirmək mənim üçün böyük şərəfdir.
Onları harasa aparanda, onlar üçün nəsə təşkil edəndə sanki şəhid qardaşlarımın əvəzinə bunu edib, məhz onlara hesabat verirəm. İnanıram ki, bu müqəddəs ruhlar bizi görüb sevinir, şad olur. Ömrümün sonuna kimi çalışacağam ki, ən yaxşı nə varsa, şəhid ailələri üçün edə bilim. Bu mənin həm bir insan, həm bir vətəndaş kimi borcumdur. Bizi öz övladı kimi görən şəhid analarının əllərindən öpürük. Hər zaman onların yarımçıq qalan arzularına təsəlli olmağa çalışacağıq”- deyə o bildirib.