9 İyun 2023 13:23
448
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Əməkdar hüquqşünası, Rusiya Elmlər Akademiyasının akademiki, hüquq elmləri doktoru, professor İlham Rəhimov news24.az-a müsahibə verib.

Teleqraf.com həmin müsahibəni təqdim edir:

Əvvəli bu linkdə

- Mümkünsə, bu mövzu ilə bağlı daha bir sual verək. Peyğəmbərin hədisi ilə İslamın sünni və şiə olaraq parçalanması arasında səbəb əlaqəsi varmı?

- Bu barədə uzun müzakirəlr aparmaq olar. Ona görə də, mümkün qədər qısa cavab verməyə çalışacağam. Həqiqətən bu sual çoxlarını maraqlandırır, ancaq təəssüf ki, insanların izahları müxtəlifdir. Ona görə ki, öz dinlərində və Müqəddəs Yazılarında bir çox məsələləri, hətta ziddiyyətləri müzakirə edən xristian və yəhudilərdən fərqli olaraq, biz həm Quranın, həm də Peyğəmbərin hədislərinin mahiyyətini anlamağa çalışanların ağzını qapayırıq. Başqa sözlə desək, İslamın bir çox müddəaları, tarixi, sanki əbədi olaraq qapalı sayılır və müzakirə oluna bilməz. Nəhayət, bu, ona gətirib çıxarır ki, insanlar Quranın ayələri və Peyğəmbərin hədisi haqqında təhrif olunmuş və bəzən zərərli məlumatlar alırlar.

İndi isə sizin sualınıza keçək. Prinsipcə, yazılmış və yazılmamış bütün dinlərdə, yəni İnduizmdə və Buddizmdə parçalanmalar mövcuddur. Məsələn, yəhudilikdə fariseylər və saddukeylər var idi. Xristianlıqda bildiyiniz kimi katoliklər, pravoslavlar, protestantlar və s. vardır. İslama gəldikdə, bir gecə Hz.Məhəmməd (s) məscidə girdi və namaz qılmağa başladı. Onu Xəbab qoruyurdu və o, Peyğəmbərdən bu duanın gözlənilməzliyini, vacibliyini və zəruriliyini soruşdu. Allah Rəsulu cavab verdi: Mənə əzab verən üç suala Allahdan cavab almalıyam. Rəbbim iki suala “xeyr”, üçüncü suala isə “bəli” cavabını verdi. Mən Rəbbimdən soruşdum - O, bizi günahkar millətlərin məhv edildiyi kimi məhv edəcəkmi? Cavab - Xeyr. Mənim ölümümdən sonra imanımız məhv olacaqmı? Allah cavab verdi - Xeyr. Mənim ölümümdən sonra müsəlmanlar bir birilə düşmənçilik edən qruplara ayrılacaqlarmı? Allah cavab verdi - Bəli. Səhər müsəlmanları bir yerə topladı və onlara bu barədə xəbərdarlıq etdi. Həqiqətən də, Məhəmmədin (s) dünyadan köçməsindən sonra müsəlmanlar əsasən hakimiyyət məsələsində parçalandılar. Odur ki, bunun ingilislərin siyasəti olduğu və yaxud da bunda Peyğəmbərin həyat yoldaşı Aişənin günahkar olması iddiası həqiqətə uyğun gəlmir, baxmayaraq ki, onlar öz siyasi məqsədlərinə çatmaq üçün belə bir parçalanmadan məharətlə istifadə edirdilər.

Əli ilə Əbu Bəkr arasında hakimiyyət mübarizəsi başladı. Əli tərəfdarları “Şiətun Əli”, yəni Əli tərəfdarları və ya şiə, Əbu Bəkri dəstəkləyənlər isə isə sünni, yəni Sünnədən “ənənədən” gələn adlanırdılar. Sual belə qoyuldu: xəlifələr necə seçilməlidir? Sünnilər xəlifələrin müsəlman icması tərəfindən seçilməli olduğuna inanırdılar. Şiələr ondan çıxış edirdilər ki, xəlifələr icma rəhbərləri olaraq Peyğəmbərin canişinlərindən olmalıdırlar. Nəticədə sünnəni təşkil edən Quran və hədisin nüfuzunu vurğulayan sünnilər qalib gəldilər. Onlar inanırlar ki, Hz.Məhəmməd (s) canişin təyin etmədən və ümmətə, yəni müsəlman cəmiyyətinə seçim hüququnu buraxaraq dünyadan köçdü. Şiələr güman edirdilər ki, Hz.Əli, Hz.Məhəmməd (s) peyğəmbərin həqiqi ilk varisidir. Ona görə də, şiələr sünni xəlifələrini tanımırlar. Bu da sualınızla bağlı qısa məlumat.

- İncildə Hz.Məhəmməd (s) peyğəmbərin adının çəkildiyi doğrudurmu?

- Quranın “Saff” surəsinin 6-cı ayəsində deyilir ki, İsadan, yəni İsa Məsihdən sonra Əhməd zühur edəcək. Burdan yola çıxaraq İslam hesab edir ki, Əhməd və Məhəmməd (s) eynidir. Bununla belə, nə Tövratda, nə də İsa Məsihin təlimlərində konkret olaraq bu adlar haqqında heç nə yoxdur, baxmayaraq ki, Tövratda belə deyilir: “Allahın, sənin Rəbbin sənin üçün aranızdan, qardaşlarının arasından mənim kimi bir peyğəmbər çıxaracaq. Onu dinləyin. Mən onlar üçün qardaşları arasından sənin kimi bir peyğəmbər çıxaracağam və sözlərimi onun ağzına qoyacağam... O peyğəmbər mənim adımdan danışacaq” (Qanunun təkrarı). Bu Allahın Musaya müraciətidir. Uca Allahın sözlərini – “...onların qardaşlarının arasından ..." - xristianlar İsa Məsihin zühuru kimi başa düşürlər, çünki Hz.İsa da, Hz.Musa kimi yəhudi idi. Ancaq ərəblərlə yəhudilərin əmioğlu olması versiyasını qəbul etsək, o zaman Hz.Məhəmməd (s) peyğəmbərdən də söhbət gedə bilər. Amma Allahın işinə qarışmayaq, O daha yaxşı bilir.

- Hz.Məhəmmədin (s) və İslamın əleyhdarları deyirlər ki, Onun ayələri yəhudi və xristianların müqəddəs kitablarından plagiatdır.

- Keçmişdə və indi də dində ən çox müzakirə edilən məsələlərdən biri Müqəddəs Yazıların Uca Yaradana məxsusluğudur. Və bu mübahisə bu gün deyil, Volter və Spinozanın dövründə yaranıb. Ona görə də, söhbət təkcə Qurandan yox, həm də İncildən gedir. 24 yaşında Əhdi-Ətiqin, yəni Tövratın məzmununu anlamaq cəhdinə görə yəhudi, məşhur filosof Benedikt Spinozaya Amsterdam yəhudi icması xaric edilmənin dəhşətli sözləri ilə cavab verdi: “Ona lənət olsun gündüz və gecə..."

Allaha inanmayan və İncilin, Quranın İlahi mənşəyini inkar edən kifayət qədər böyük elm adamları var. Bir dəfə Berton Rasseldən soruşdular ki, əgər öləndən sonra Ona niyə inanmadığını soruşan Uca Tanrı ilə üz-üzə olsaydı, nə deyərdi? “Həddən az dəlil, İlahi, həddən az dəlil”, - deyə Rassel cavab verdi.

Quran bir çox açılmamış sirləri özündə ehtiva edir ki, hələ üzə çıxarılmalıdır. Quranın İlahi mənşəyi Quranda bəhs edilən hadisələr, təbiətin və insanın sirlərinin bir neçə əsr sonra aşkar olan izahları ilə sübut olunur. Bütün bunlar təkcə Quranın deyil, həm də İncilin İlahi mənşəyinə dəlalət edir, əks halda, onlar müəlliflərdən birinin dediyi kimi, “rəflərdə toz basar və bu qədər qəlbləri fəth edə bilməzdi”. Ümumiyyətlə, hər hansı bir dində, eləcə də Müqəddəs Yazılar arasında ziddiyyətlərə rast gəlmək olar. Lakin Allah Quranı insanlara göndərməklə əvvəlki kitabları ləğv etmir və ya dəyişdirmir, əksinə, onlara riayət etməyə çağırır. Bu haqda “Maidə” surəsinin 48-ci ayəsində deyilir. Uca Yaradana görə üç tövhid dininin mövcudluğu dərin məna daşıyır ki, onun da mahiyyəti ondan ibarətdir ki, Allah hər bir xalq üçün öz qanun və yolunu müəyyən edir. Buna görə də, bu Müqəddəs Kitablar çoxlu ortaq cəhətlərə malik olsalar da, bir-birinə bənzəyə bilməzlər. Başqa cür də ola bilməzdi, çünki müəllif bir və tək olan Allahdır. Prinsipial fərq Müqəddəs Yazıların mahiyyətindədir. Əgər yəhudilik Uca Yaradanın insanlara münasibətdə sərtliyinə əsaslanırsa, bu da təbii olaraq insanların inkişaf səviyyəsinin aşağı olmasından irəli gəlirdi və ibadət üçün daha qəddar təsirə ehtiyacı var idi, xristianlıq insandan daim sevgi və dözümlülük üçün səy göstərməyi tələb edir. Quranda isə Allah yalnız itaət və Allahdan qorxmağı tələb edir.

- Deməli, əgər sən müsəlmansansa, müti olmalısan, yəni, Allahdan kənarda söz, azad fikir, iradə ifadəsi yoxdur?

- Bəlkə də bu, İslamda ən mübahisəli məsələdir. Sualı daha aydın və dəqiq qoymaq olar: Hər hansı əməl üçün biz azad iradəyə malikik ya yox? Əməllərimizin nəticəsi bizdən asılıdır, yoxsa Uca Yaradan tərəfindən əvvəlcədən müəyyən edilmişdir? İslamın fəlsəfəsi ona əsaslanır ki, Yaradanın bu dünyada baş vermiş, baş verən və ya baş verəcək hər şeydən tamamən və əvvəlcədən xəbərdar olmasıdır. Üstəlik, Allah bizim hər davranışımızı ayrı-ayrılıqda bilir, hər addımımızı bilir, bizi eşidir, görür. Qurani-Kərimi oxuyuruq: “Məgər (o münafiqlər) bilmirdilər ki, Allah onların (ürəklərindəki) sirlərini də bilir, gizli danışıqlarını da. Və Allah qeybləri (gizli şeyləri) çox gözəl biləndir?” (“Tövbə” surəsi, ayə 78). Quranda buna bənzər çoxlu ayələr vardır.

Peyğəmbər hədislərində təqdirə (qədərə) kifayət qədər diqqət yetirmişdir. Belə bir ehtiyac insanların Allahın bu tələbini başa düşməkdə çətinlik çəkməsi ilə əlaqələndirilirdi, çünki təqdir insanın əməllərinə görə məsuliyyətlə bağlıdır. Sadə dillə desək, insanlar başa düşə bilmirdilər ki, əgər onların əməlləri Uca Yaradan tərəfindən tənzimlənir və istiqamətləndirilirsə, niyə onlar cinayət əməllərinə görə cavab verməli və cəzalandırılmalıdırlar. Peyğəmbər hər şeyin Allahın qüdrətində olduğunu, bütün əməllərimizin, düşüncələrimizin Uca Yaradan tərəfindən təyin olunduğunu və bir şeyi nə qədər etməyə çalışsaq da, nəticə yenə də Ondan - Allahdan asılı olduğunu təsdiq edir. O, bizdən Onun bütün göstərişlərini yerinə yetirməyi, heç bir şəkk-şübhəsiz, həyat yolunda insana nəsib olan həyatın bütün sevinc və kədərlərini təvazökarlıqla qəbul etməyi tələb edir. Bu o deməkdirmi ki, Allah bununla bizim seçim və yaradıcılığımızı, azadlığımızı əlimizdən alıb? Əgər Uca Yaradan bizim əvəzimizə hər şeyi yazıbsa, belə bir vəziyyətdə həyatımızı və əməllərimizi necə təyin etmək olar? Quranda belə bir ayə var: “Onları siz öldürmədiniz, Allah öldürdü. Bir ovuc qumu atanda, atan sən deyildin, Allah atdı...” Belə bir İslam fəlsəfəsi insanın çətinliklər qarşısında təvazökar olmasına, pisliyə, haqsızlığa, cinayətlərə müqavimət göstərməməsinə, nəzərdə tutulan həyat məqsədlərinə çatmaqda fəallığını itirməsinə kömək etmirmi? Amma ən önəmlisi, təəssüf ki, İslamda təqdirin (qədərin) insan yaradıcılığını məhdudlaşdırmağa yönəlməsidir. Belə bir fəlsəfə, məncə, insanın imkanlarını daraldır, onun üzə çıxmasına imkan vermir. İnsan özünü bir növ qəfəsdə hiss edir və Allahın bu qəfəsi onun üçün açmasını gözləyir ki, öz gücü və imkanları ilə nəyəsə nail ola bilsin. Buna baxmayaraq, belə çıxır ki, qədərdən qaçmaq olar. Bəs necə? Görün, bu barədə Peyğəmbər nə deyib: “... Qədər yalnız dua ilə dayandırıla bilər”. Söhbət hər hansı bir məqsədə çatmaqda və ya pis bir işin baş verməsinin qarşısını almaqda Allahdan ona və ya sevdiyinə kömək etmək üçün bir insanın yalvarmasından, xahişindən gedir. Məsələn, bir ana oğlunu müharibəyə göndərərkən Uca Yaradandan evə sağ-salamat qayıtmasını xahiş edir, yalvarır.

- Niyə hər üç dində bir-birinə qarşı dözümsüzlük var? Məgər hamının bir Allahı yoxdurmu?

- Əgər bu suala çox qısa cavab versəm, cavabım belədir: bu dözümsüzlüyün kökü ondan ibarətdir ki, hər bir din özünü yeganə doğru və hörmətə layiq hesab edir.

- Və son sual... Siz özünüz Allaha inanırsınız?

- Hiss edirdim ki, bu sualı verəcəksiniz. Ümumiyyətlə, yaxşı suallar vermə bacarığı – öyrənmənin yarısıdır. Sualınıza gəldikdə, bilirsiniz ki, mən aliməm və kitablar yazıram, yəni elmi fəaliyyətlə məşğulam. Bu mənim həyatımın mənasıdır. Elmlə maraq və sevgiylə məşğul olduğum zamanda mən həmişə Allaha bu sözlərlə müraciət edirəm: “Ay Allah! Elmdə gizlin qalan şeylər üzərində düşünmək üçün mənə bol vaxt bəxş elə və həqiqəti bilməyə yardım et”. Və mən Uca Allaha minnətdaram ki, O məni eşidir və kömək edir. Ondan mənə daha heç nə lazım deyil. Güman edirəm ki, mən sizin sualınıza cavab verdim.

- Cavabdan növbəti sual yaranır. Siz ibadət edirsiniz?

- Allahın ruhda, ruhun da öz növbəsində Allahda doğulması üçün ibadət etmək (namaz qılmaq) və oruc tutmaq mütləq deyil. Dua edənlərə isə bunları demək istəyirəm: Allah pak ürəkdən, qürurdan, xudbinlikdən, pislikdən təmizlənmiş qəlbdən gələn duaları, Allaha və yaxınlarına məhəbbət ruhu ilə aşılanmış duaları qəbul edər. Ancaq belə halda dua eşidilə bilər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər