9 İyun 2023 18:03
349
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Kristal Abşeron” Müşahidə Şurasının sədri Mahayət Nəbiyev və rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Memarlıq və İnşaat Universitetində qonaq olublar.

Görüşün əsas məqsədi iki qurum arasındakı əməkdaşlıq imkanlarının, qarşılıqlı əlaqələrin gücləndirilməsi olub. Xüsusilə təhsil, elm və istehsalat üçbucağının yaradılması, davamlı, həmçinin səmərəli əməkdaşlığın təmin edilməsi ilə bağlı müzakirələr aparılıb.

Mahayət Nəbiyev “Kristal Abşeron” şirkətinin fəaliyyət istiqamətləri, həyata keçirdiyi lahiyələr haqqında geniş məlumat verib. O, qeyd edib ki, AzMİU alimlərinin inşaat sektoru ilə bağlı elmi tədqiqatları “Kristal Abşeron” üçün mühüm əhəmiyyət kəsb edir və şirkət mühəndis kadrların yetişdirilməsi işində universitetlə müxtəlif formalarda əməkdaşlıq etmək niyyətindədir.

Rektor professor Gülçöhrə Məmmədova AzMİU haqqında ətraflı məlumat verib. Texniki profilli ali təhsil müəssisələrinin istehsalat müəssisələri ilə əlaqələrinin önəminə diqqət çəkən rektor “Kristal Abşeron”la AzMİU arasında bir sıra istiqamət üzrə əməkdaşlığın mümkün olduğunu bildirib.

Görüşün sonunda “Kristal Abşeron” və AzMİU arasında əməkdaşlığa dair memorandum imzalanıb. Memorandumda əməkdaşlığın bir sıra istiqamətləri, o cümlədən AzMİU tələbələrinin “Kristal Abşeron” şirkətində təcrübəyə cəlb olunması, universitet məzunları üçün karyera imkanları, birgə konfrans və simpoziumların təşkili, təcrübə mübadiləsi məsələləri əks olunub.

AzMİU-da mühəndislik ixtisasları üzrə təhsil alan tələbələrin şirkət tərəfindən reallaşdırılan böyük miqyaslı layihələrə cəlb edilməsi onların praktik biliklərə yiyələnməsi üçün yaradılan müstəsna fürsətdir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər