Keçmiş məcburi köçkünlərin məskunlaşdırılması prosesində Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və müvafiq icra hakimiyyəti orqanı nümayəndələrindən ibarət işçi qrup tərəfindən bu prosesdən xeyli əvvəl doğma yurd-yuvalarından didərgin düşənlərin könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıdışının reallaşmasına hazırlıq tədbirləri görülür.
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Qarabağ üzrə xüsusi nümayəndəsi Emin Hüseynov “Xalq qəzeti”nə müsahibəsində bildirib.
"Bu zaman, ilk növbədə, sosial şəraiti ağır olan, qəzalı vəziyyətdəki müvəqqəti məskunlaşma yerlərində yaşayan, eyni zamanda, tərkibində iş qabiliyyəti olan şəxslərə aid ailələrin məskunlaşmasına üstünlük verilir. Məsələn, Böyük Qayıdış Proqramı çərçivəsində martın 16-da Tərtər rayonunun Talış kəndinə ilkin mərhələdə bu cür şəraitdə yaşayan 20 məcburi köçkün ailəsinin (90 nəfər) köçürülməsi bunun bariz ifadəsidir", - deyə o bildirib.