7 Yanvar 2015 11:08
720
12 Punto 14 Punto 16 Punto 18 Punto

İqlimşünas: “Azərbaycanda quraqlığın təkrarlanması 5-6 faiz tezləşib”

Hidrometeoroloqların proqnozlarına görə, bu həftədən başlayaraq Rusiya paytaxtında havanın hərarəti kəskin aşağı düşəcək. Hələ bir neçə gün əvvəl yanvarın 6-da Moskvada havanın temperaturunun mənfi 27 dərəcə, Moskva ətrafında isə hərarətin mənfi 30 dərəcəyə düşəcəyi proqnozlaşdırmışdı.

Soyuq hava kütləsinin Arktikadan gəldiyi bildirilir.

Mütəxəssislər bildirirlər ki, soyuq hava kütləsi Azərbaycana əsasən Rusiyadan daxil olur. Bu da onu deməyə əsas verir ki, yaxın günlərdə ölkəmizi də qar-şaxta “vuracaq”.

Qonşu Türkiyədə də havalar əvvəlki illərə nisbətən olduqca soyuq keçir. Avropa, eləcə də ABŞ-ın bir çox ştatları qar altındadır.

Azərbaycanda havaların soyuyacağı barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosu xəbərdarlıq yayıb.

Bildirilir ki, Bakıda və Abşeron yarımadasında yanvar ayının 7-si axşamdan başlayaraq hava şəraitinin kəskin dəyişəcəyi, şimal küləyinin güclənəcəyi, yanvarın 8-dən 10-dək fasilələrlə yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir.

Yanvarın 8-də havanın temperaturu ötən günlə müqayisədə 10-12 dərəcə aşağı düşəcəyi, yanvarın 8-i gün ərzində 0 dərəcəyə yaxın, axşama doğru 2 dərəcəyədək şaxta, yanvarın 9-u gün ərzində 0 dərəcəyə yaxın, yanvarın 9-10-da gecə saatlarında 4 dərəcəyədək şaxta olacağı ehtimalı var.

Azərbaycanın rayonlarında isə soyuqlar yanvarın 7-si günün ikinci yarısında qərb rayonlarından başlayacaq. Yanvarın 10-dək hava şəraiti fasilələrlə yağıntılı olacaq, sulu qar, qar yağacaq, arabir intensivləşəcək.

Əsasən, Kür vadisi rayonlarında qərb küləyinin güclənəcəyi, temperaturun kəskin enəcəyi gözlənilir. Yollar buz bağlayacaq.

Proqnozlara baxmayaraq hələlik havalar qış ayları üçün xarakterik deyil. Hətta mülayim havalar bölgələrdə gəmiricilərin sayını artırıb ki, bu da fermerlərin narahatlığına səbəb olub. Aqrar sahə üzrə mütəxəssislər bildirir ki, hazırda torpaqda qar örtüyünün olmaması məhsuldarlıq dövründə ciddi nəticələrə gətirəcək.

Məlum olduğu kimi, ötən il havaların quraq keçməsi kənd təsərrüfatına zərərsiz ötüşmədi. Bu səbəbdən meyvə-tərəvəzin qiyməti əvvəlki illərlə müqayisədə baha oldu.

Mütəxəssislər tövsiyə edir ki, iqlim şəraitindən asılı olan kənd təsərrüfatına riskli sahə kimi qabaqlayıcı tədbirlər görmək vacibdir.

Bakı Dövlət Universiteti hidrometeorologiya fakültəsinin dosenti Əsgər Məmmədov bildirir ki, quraqlığın təkrarlanma dərəcəsinin artması barədə hələ 10 il öncə proqnoz verib.

İqlimşünas bildirir ki, Azərbaycanda quraqlığın təkrarlanması 5-6 faiz tezləşib: “Həmin proqnozlar açıqlanan məqalələrdə də göstərilmişdi ki, quraqlığın təsirlərini minimuma endirməklə bağlı əlaqədar təşkilatların tədbirlər proqramı hazırlamasına ehtiyac var. Qış ayında havaların bu şəkildə keçməsi sözsüz ki, anomaliyadır. Yanvar ayının orta temperaturu 4-5 dərəcə olmalıdır, amma hazırda hardasa 10 dərəcədən yuxarıdır.

Hazırda qlobal istiləşmənin, yoxsa soyuqlaşmanın olması ilə bağlı mübahisəli fikirlər var. Azərbaycanda havaların belə anomal keçməsi o demək deyil ki, bu, qlobal istiləşmənin nəticəsidir. Bəs Avropa qar altında qalıb, bunun qlobal istiləşmə ilə nə əlaqəsi var?

İqlim baxımından temperaturun dəyişməsi başqadır, gündəlik həyat tərzinə görə hava dəyişikliyi başqa. İqlim dəyişmələrini bir neçə il ərzində müşahidə etmək olmaz. İqlim hər biri 67 milyon ilə bərabər tsikillər üzrə dəyişir. Müəyyən dövrlərdə qlobal istiləşməni təbii şəkildə qlobal soyuqlar əvəz edir. Azərbaycanda iqlimin isti olması ümumi planet üçün xarakterik deyil, biz əslində, kiçik buzlaşma dövrünə doğru gedirik".

Alimin sözlərinə görə, hazırda azərbaycanlı tədqiqatçılar hava məlumatlarını almaqda çətinlik çəkirlər ki, bu da müvafiq sahə üçün elmi tədqiqat aparmağa, müəyyən fikirlər söyləməyə, konkret təkliflər verməyə problemlər yaradır: “Hidrometeoroloji müşahidə məlumatları nə səbəbdənsə elmi təşkilatlara göndərilmir. Akademiyanın Coğrafiya İnstitutuna bu məlumatlar verilmir. Bütün dünyada müvafiq internet saytlarının hamısında müşahidə məlumatları açıqdır, bizdə isə qapalı. Heç olmasa, bu, ayrı-ayrı jurnallarda verilə bilər. Sovetlər dönəmində aylıq, illik hər məntəqələr üzrə hava məlumatları dərc olunurdu. Rusiyanın müvafiq saytlarına daxil olduqda temperatur, külək, yağış, radiasiya məlumatları hər 3 saatdan bir yenilənib saytlara qoyulur, son 50-100 ilin məlumatları verilir.

Amma biz Azərbaycan üçün hava məlumatlarını əldə etməkdə çox çətinlik çəkirik. Axı bu məlumatlar Azərbaycan elminə lazımdır. Alimlər, tədqiqatçılar xam müşahidə məlumatları üzərində tədqiqat aparıb, rəy verməli, müvafiq fikir söyləməlidirlər. Bu məlumatlar olsa, biz də qabaqlayıcı tədbirlər üçün müvafiq təkliflər verərik və bu işin praktiki əhəmiyyəti olar".

İqlimşünas bildirdi ki, faktiki müşahidə məlumatları olmadığı üçün yalnız havada təbii proseslərin dəyişməsinə görə bu qış quraq keçsə də, yaz ayları quraq keçməyəcək: “Mövcud quraqlıq payızlıq əkinə çox böyük zərər verəcək. Amma güman edirəm ki, yaz əkinləri vaxtında aparılsa, hava şəraiti məhsul əldə etməyə imkan verəcək. Çünki müşahidələrə görə ehtimal etmək olar ki, bu yaz quraqlıq olmayacaq”.

Sevil Hilalqızı


Müəllif:

Oxşar xəbərlər