Taksi fəaliyyəti ilə bağlı məsələ parlamentdə müzakirə edilir. Azərbaycanda taksi fəaliyyəti, sərnişindaşıma və yükdaşıma ilə bağlı yeni qaydaların müəyyənləşməsi ilə bağlı qanunlara dəyişiklik layihələri Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb.
Teleqraf.com xəbər verir ki, layihələri parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edir.
Daha sonra "Avtomobil nəqliyyatı haqqında", "Yol hərəkəti haqqında", "Dövlət rüsumu haqqında" qanunlara və Vergi Məcəlləsinə dəyişikliklər layihəsi ətrafında deputatlar çıxış edəcəklər.
Milli Məclisin deputatı Fazil Mustafa çıxışı zamanı deyib ki, bəzən bir neçə şəxs bir araya gəlib məcbur taksi sifariş edir: "Metroda vəziyyət yaxşı qurulmayıb deyə hamı taksiyə qaçır. "Amma burada da vəziyyətin tənzimlənməsinə ehtiyac var. Çünki şəffalığın necə təşkil ediləcəyi bilinmir. Vaxt var idi deyirdilər ki, filan nazir Bakıda “London” taksiləri gətirəcək. Sonra nə olduğunu hamı gördü”.
O əlavə edib ki, taksi sürücüləri işsiz qalmış müəllim, həkimdir.
Onun sözlərinə görə, ona görə də digər sahələrdə problemlər həll olunmalıdır ki, taksi sahəsinə yalnız peşəkarlar gəlsin:
“Tıxaclarla bağlı məsələdə də məncə, taksini bəhanə etmək düzgün deyil. Metroda xidmət yüksək səviyyədə təşkil olunubmu ki, insanlar taksidən istifadə etməsin?! Buna bir sosial problem olaraq baxmaq lazımdır. Buna nəqliyyat problemi kimi baxsaq, doğru nəticə əldə edə bilmərik".