Ötən həftələrdə azərbaycanlı mütəfəkkir, ictimai-siyasi xadim Əhməd bəy Ağaoğlunun “Akın” qəzetində Hitlerin partiyası və hitlerizm, faşizm əleyhinə olan yazılarını təqdim etmişdik.
Ağaoğlunun 1933-cü ildə bu mövzulara olan diqqəti onun uzaqgörənliyinin göstəricisidir. Əhməd bəy sanki altı il sonra baş verəcək II Dünya müharibəsini, almanların dünyaya fəlakət gətirəcəyini hiss etmişdi. Ona görə də bir tərəfdən Hitlerin görüşlərini tənqid edir, digər tərəfdən buna səbəb olan “nəzəriyyə”ləri ifşa edirdi.
Almanların bəşəriyyəti “fövqəlbəşər” (ali insan) və “dunülbəşər” (aşağı insan) olaraq ikiyə bölmələrini, özlərini birincinin birincisi olaraq görmələrini Ağaoğlu barbarlıq kimi göstərib. Bunun kökünü isə alman filosofu Nitşenin görüşlərində olduğunu qeyd edib.
Beləliklə, Əhməd Ağaoğlunun Nitşenin və alman irqçiliyinin əleyhinə yazdığı növbəti məqaləsini təqdim edirik:
***
Əhməd Ağaoğlu
“Untermenschentum”
Dunülbəşər
Məqaləmə başlıq olaraq qoyduğum bu barbar kəlmənin nə ifadə etdiyini bilirsinizmi? Suala cavabımı yalnız aşağıdakı izahı verdikdən sonra söyləyəcəyəm.
Alman alimləri çox dərin olurlar, fəqət bəzən də çox dərin olmağa çalışarkən azırlar. Vaxtilə alman mütəfəkkirlərindən Nitşe supermenschentum – fövqəlbəşər nəzəriyyəsini qurmuşdu. Fövqəlbəşər insan yaxşılıq və pislik məfhumlarının üstündə olan, özünü adi insanları əhatə edən əxlaqi qaydalardan azad görən, feil və hərəkətlərində heç bir qaydaya bağlı olmayaraq düşünən və hərəkət edən birisinə deyilir!
Nitşe belələrinə “qəhrəman” deyərdi və bir “qəhrəmanlıq məzhəbi” quraraq bu məzhəbin Avropada qüvvət tapmasına xeyli xidmət etdi.
“Fövqəlbəşər”ləri təbiətilə “fövqəl irq” çıxarır. Yəni qəhrəmanlar yatağı - irqlərin fövqündə olan irqdir. Bu irq isə mütləq ari irqidir. Fəqət ari irqinə mənsub olanlar arasında da fərqlər vardır. Bunların ən təmizi, ən əsli və ən mümtazı almanlardır! Ona görə də bəşəriyyətə yol göstərmək, onun önünə keçərək müqəddəratına doğru yürütmək, xülasə bəşəriyyətin öndə gedəni və imamı olmaq alman millətinin tarixdə bir növ missiyası, bir növ təbii vəzifəsidir.
Qürur və kibr təlqin edən bu fikir mənzuməsi alman gəncliyini gizlicə bəslədi və ona almanların hər millətin və hər şeyin fövqündə olduğu və ona görə də bütün sair millətləri özündən aşağı görmək hissini verdi!
Bir sıra müvəffəqiyyətlər alman gəncliyinin daşıdığı bu ruhi haləti təsdiqlədi. Avstriyanın məğlubiyyəti, Fransanın 1878-ci ildə əzilməsi, alman elminin, alman fənninin, alman sənayesinin fövqəladə inkişafı almanlardakı bu qürur və kibri son dərəcəyə vardırdı.
Fəqət ümumi hərbin verdiyi nəticə bu millətdə dərin qırılmalar və kədərlər oyandırdı. Müharibənin ertəsi günü alman müfəkkirəsi tamamilə başqa istiqamət aldı. Almanlar bu dəfə də mistisizmə söykənərək idealı Buddada, həyatı inkarda, dünyanın puç olduğu fikrində axtardılar.
Fəqət yorğunluğun, kədər və ümidsizliyin doğurduğu bu ruhi hal uzun davam etmədi. Yenidən əski qürur və kibr hissləri oyanmağa başladı. Almanlar yenidən bəşəriyyətin imamı olduqlarını, onu qurtarmağa namizəd olduqlarını xatırlayaraq inkişafa qədəm qoydular. “Rasist”, yəni irqçi namını daşıyan bu cərəyan Hitlerin qurduğu Nasional-Sosialist firqəsində təmərküz etdi.
Bu firqənin necə böyümüş, necə iş başına gəlmiş və bugünkü Almaniyada yeganə siyasi qüvvət olmaq üzrə mövqeləndiyi cümləcə məlumdur. Biz bu təfsilat üzərində dayanmayacağıq. Hazırda bizim üçün mühüm olan cəhət bu firqənin daşıdığı zehniyyət və irəli sürdüyü iddialardır. Zira aşağıdakı görüləcəyi vəchilə bizim məmləkətimiz dəxi bu iddialar ilə əlaqədardır.
Firqə rasistdir, irqçidir, yəni firqənin daşıdığı imana görə dünyada ancaq və ancaq ari irqi əsasdır. O irqdir ki, hakim olmağa namizəddir. O irqdir ki, ən ali və ən təmiz fikirləri, düşüncələri, hissləri daşıyır və o irqdir ki, bütün mədəniyyəti yaratmışdır. Bu irqə mənsublar arasında isə ən təmizi və ən alisi almanlardırlar. Ona görə də alman qanını, alman nəbzini digər irqlərin ixtilatından qorumalı, onun təmizliyinə etina etməlidir. Buna görədir ki, Hitlerin ilk işlərindən biri almanların başqa irqlər ilə evlənmələrini qadağan etmək oldu. Digər tərəfdən nasional-sosialistlər bəşəriyyəti ikiyə bölürlər: Bir qismi başda Almaniya olmaqla arilərdirlər: Supermensch – yəni fövqəlbəşərləri onlar və bilxassə almanlar yetişdirirlər.
Digər qismi isə - untermenschentum, yəni dunülbəşərdir, bütün Şərq insanları bu məyandadır. Şərqlilər bəşəriyyətin aşağı məxluqu olduqlarından mədəniyyətə, ali, yaradıcı həmlələrə, əsil və nəcib fikirlərə və hisslərə istedaddan məhrumdurlar. Onlar mənfi bir ünsür olduqlarından mədəniyyət üçün bir təhlükə təşkil edərlər. Ona görə də mədəniyyət amili olan “fövqəlbəşərlər”, bilxassə almanlar bu “dunülbəşərlər”dən mədəniyyəti qorumalıdırlar və buna görə də onları hakimiyyətləri altına almalıdırlar!
Budur rasist firqəsində bizi əlaqədar edən cəhət! Bu firqənin daşıdığı iqtisadi, ictimai, siyasi fikirlər üzərində hələlik dayanmayacağıq.
Əgər iş yalnız tarixi və fəlsəfi bir qrup nəzəriyyələrdən ibarət olsaydı, qeyd etdiyimiz cəhət dəxi bizi çox əlaqədar etməzdi. Tarixdə bu kimi xülyalarla özlərini məşğul edənlərə çox təsadüf edilmişdir. Biz bu dəfə də bu rasist nəzəriyyəsinə bu kimi keçici zehni meyillərdən biri kimi baxaraq əhəmiyyət verməzdik.
Fəqət iş belə deyildir. London Konfransında mühüm bir hadisə olmuşdur və bu hadisə isbat etmişdir ki, rasistlər yalnız nəzəriyyə sahəsində qalmır, nəzəriyyələrini siyasi və feili sahələrə daşımaq həvəsindədirlər. Belə ki, Hitlerin dostlarından olan və bu gün Almaniyanın iqtisadiyyat naziri olan Huqenberq adı çəkilən konfransa təqdim etdiyi bir raportda yuxarıda izah etdiyimiz rasistlərin “dunülbəşər” olan Şərq millətləri arasında müstəmləkələr axtarmaq və yayıla bilmək icazəsini tələb eyləmiş və bu tələbini əvvəla, mədəniyyəti bu “dunülbəşər”ləri istismar etmək yolu ilə alman borclarının ödənməsinə imkan tapmaq düşüncəsi ilə təsdiqləmişdir.
Hadisə hələlik, məsələn Almaniyanın yaxınlığında olan Rusiyaya təmas edir, ona görə də rus hökuməti də bu raportu şiddətlə protest etmişdir.
Fəqət “dunülbəşər” nəzəriyyəsi bütün Şərqi ehtiva etdiyindən heç bir Şərq məmləkəti və bilxassə bizim kimi “fövqəlbəşər”lərə çox yaxın olan məmləkətlər fəaliyyətə keçmək istəyən bu nəzəriyyəyə laqeyd qala bilməz.
Ümumi hərbdə bizim müttəfiqimiz olan və hərbdən sonra da bu qədər əzilməkdə olan almanlara qarşı bizim simpatiya göstərməyimiz təbii idi. Bu simpatiyanı biz istər beynəlmiləl siyasətdə və istərsə də, xüsusi milli işlərimizdə almanları, alman sərmayəsini və alman fənnini tərcihən əlaqədar etməklə tamamən isbat etmişik.
Fəqət əgər beynəlmiləl siyasətdə də bizim yardımımızdan və bizim içimizə qədər gələrək elm və sərmayələrini istifadə edən almanlar bizə “dunülbəşər” nəzəri ilə və bir gün istismar və müstəmləkə mövzusu ola biləcəyimiz fikri ilə gəlirlərsə, onlara haqlı olaraq bu sözləri söyləyə bilərik: “Əvvəla, sizin bəşəriyyəti “fövqəlbəşər” və “dunülbəşər” deyə ikiyə bölməniz heç bir həqiqətə istinad etməyən zehni bir dəlalətdir. İkincisi, əgər həqiqətdə fövqəlbəşər bir irq var və bu irq də ari isə bəşəriyyətə imamət şərəfini arilərin əsli və kökü olan və bu baxımdan sizdən çox əsil və nəcib olan hindlərə buraxmalısınız! Üçüncüsü, eyni arilərin təzyiqləri altında inləyib əzilərkən Şərq haqqındakı bu istismarçı və müstəmləkəçi fikirlərinizi London Konfransı kimi bəşəriyyət toplumu olan bir yerdə söyləməkdən çəkinmədiyiniz halda sabah bu təzyiqlərdən qurtularaq tam sərbəstliyinizi tapdığınız zaman, həqiqətən, bəşəriyyətin başına bəla olmayacağınızı kim təmin edər? Bu xüsusdakı fransız iddialarını özünüz belə təsdiq etmirsinizmi?
Bu gün Rusiya kimi qüvvətli bir məmləkətdə müstəmləkə axtarmaq fikrini bəsləyən bir dövlət sabah daha zəif olan Şərq millətlərinin hansının üzərinə cummaz?
O halda sizə necə etimad edilər?
Əcəba, bugünkü Almaniya bu suallara nə cavab verə bilər?
“Akın” qəzeti, sayı 33, 30.06.1933