“Azərbaycanda dinini dəyişmək istəyən insanlarla tez-tez rastlaşırıq”.
Bunu Teleqraf.com-a Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazilər Şurasının üzvü Hacı Surxay Məmmədli deyib.
O, Azərbaycana gələn turistlərin İslam dinini qəbul etməsini belə şərh edib:
“İslam humanist, mütərəqqi, ictimai dindir. Bütün səmavi dinlərdə qardaşlıq, dəyərlərə xidmət etmək var. 19 ilə yaxındır ki, İçərişəhər “Cümə” məscidində icma rəhbəri və QMİ-nin Qazilər Şurasının üzvüyəm. Təbii ki, təcrübəmizdə dinini dəyişmək istəyən insanlarla tez-tez rastlaşırıq. Pandemiyadan öncə Almaniyadan gələn jurnalistlər Azərbaycanın mədəniyyətini, ölkəmizin multikultural dəyərlərə necə sahib olduğuna şahid oldular. Onlar din-dövlət münasibətlərini görəndə çox məmnunluq hissi keçirdilər. Alman jurnalistlərdən biri həftə boyunca İslam dinini qəbul etdi və “Azər” adını seçdi”.
Hacı Surxay analoji halın son cümə günü də yaşandığını deyib: “Ötən gün Rumıniyadan Azərbaycan gəlmiş tanınmış baytar həkim İslam dinini qəbul etdi. Onun baytarlıqla bağlı bir neçə elmi əsərləri də var. Həkimin praqmatik baxışları bizim diqqətimizi cəlb etdi. Dediyinə görə, 8 ilə yaxındır ki, İslam dini ilə bağlı araşdırmalar aparırmış. Həkim xristian dinindən İslama keçməsinin səbəbini dəyərlərə bağladı. Dedi ki, İslami dəyərlər xoşuna gəlib və bu din onun ruhunda mənəvi dönüş yaradıb.
Peyğəmbərlərlə bağlı çox söhbətlərimiz oldu. Təxminən iki saatlıq danışıqdan sonra rumıniyalı həkim İslamı qəbul etdiyini və adını dəyişmək istədiyini dedi. O, qeydlərində “Saleh”, “Dəmir”, “Təmmur” kimi müxtəlif adlar aparmışdı. Adının “Təmmur” olması isə onun öz seçimi oldu. Meysəm Təmmar səhabələrdən olub”.
İcma rəhbəri dinini dəyişən əcnəbilərin əksəriyyətinin Azərbaycanda ilk dəfə olduğunu deyib:
“Rumınıyalı həkim ölkəmizi çox bəyəndi və dedi ki, bura unikal bir yerdir. Azərbaycanda çox böyük rifah, ruh rahatlıq, insanların səmimiyyətinə şahid olduğunu və bundan sonra buraya tez-tez səfərlər edəcəyini dedi.
İnsanlar davamlı şəkildə İslamı qəbul edirlər. Hətta Avropa ölkələrində yüzlərlə insan İslam dinini qəbul edib. İslam qardaşlıq, bərabərlik, birlikdir. Təmizliyin, paklığın, əqidənin, vəfanın və Vətənə olan bağlılığın İslam dinində öz təzahürünü görürəm.
Həkim bizimlə görüşəndə təqribən bir həftəyə yaxın ölkəmizdə olduğunu dedi. Soruşduq ki, Azərbaycandakı kilsələrə baş çəkibmi? O, kilsələrə getmədiyini dedi. Ancaq otel yaxın olduğu üçün İçərişəhər “Cümə” məscidində dəfələrlə, digər “Hacı Əjdərbəy”, “Təzə Pir” və “Şəhidlər” məscidində bir dəfə olduğunu dedi”.
Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanıb.