Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi Xüsusi Riskli Xilasetmə Xidməti ilə birgə 2023-cü il üçün hazırlıq planına uyğun olaraq Xızı rayonu, Altıağac qəsəbəsində “Fövqəladə hal rayonuna qüvvə və vasitələrin cəlb olunmasının təşkili” mövzusunda taktiki-xüsusi təlim keçirib.
Teleqraf.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, təlimin keçirilməsində əsas məqsəd şəxsi heyətin fövqəladə halların nəticələrinin aradan qaldırılması ilə əlaqədar peşəkar vərdişlərinin artırılması, habelə aidiyyəti vəzifəli şəxslərin fövqəladə hal rayonunda idarəetmə bacarıqlarının təkmilləşdirilməsi olub.
Təlim iki mərhələdən – “Şəxsi heyətin yüksək hazırlıq dərəcəsinə gətirilməsi, hadisə rayonuna yürüşü və toplanma rayonunda yerləşdirilməsi” və “Baş vermiş fövqəladə hadisənin nəticələrinin aradan qaldırılması”ndan ibarət olub.
Taktiki-xüsusi təlim zamanı şərti uçqun baş vermiş ərazidə axtarış-xilasetmə işlərinin aparılması, meşə yanğınının söndürülməsi, subasma zonasından suyun çəkilməsi, kanatda köməksiz vəziyyətdə qalmış vətəndaşların xilas edilməsi və ilkin tibbi yardımın göstərilməsi kimi əməliyyatlar uğurla icra olunub.
Təlimə FHN-in Sumqayıt Regional Mərkəzi, Xüsusi Riskli Xilasetmə Xidməti, Xızı Rayon Yanğından Mühafizə Hissəsi, Mərkəzi rayon Xəstəxanası PHŞ-in, rayon Polis Şöbəsinin və Altıağac Milli Parkının ümumilikdə 60 nəfər canlı qüvvəsi və 16 ədəd nəqliyyat vasitəsi cəlb olunub.
Təlim zamanı qarşıya qoyulan məqsədlərə nail olunub.