II Dünya müharibəsində əsir düşən, düşərgələrdə yaşayan azərbaycanlılara yardım etmək məqsədilə 1947-ci ildə Qərbi Almaniyanın Neu Ulm şəhərində Azərbaycan Milli Emiqrasyon Komitəsi qurulub. Qaynaqlarda təşkilatın ilk sədrləri olaraq Əliəsgər Əsgərzadə və əsl ad-soyadı Həsən Kərbəla olan Dr. Oroysun olduğu yazılıb. Cəmiyyət əsirlərlə bağlı müxtəlif işlər görüb, onların SSRİ-yə təhvil verilməməsi, Avropada yaşaya bilmələri üçün addımlar atıb. Komitənin məqsədi bunlar idi: Möhtacları maddi yardımla təmin etmək; başqa ölkələrə gedənlərə dəstək olmaq; mühacirlərin mənfəətlərini müdafiə etmək.
1953-cü ilin martın 22-də - Novruz bayramı günü Neu Ulmda komitənin toplantısı və seçkilər keçirilib. Dr. Oroys səs çoxluğu ilə yenidən başqan, Həsən Xasay, Allahverdi Abbasoğlu, Semran, Məhəmməd Əmircan komitə üzvlüyünə seçiliblər. Həmin ilin 28 mayında Dr. Oroysun rəhbərliyi ilə Neu Ulmdakı azərbaycanlılar Cümhuriyyətin elanının 35-ci ildönümünü qeyd ediblər. Fətəlibəylinin Ceyhun Hacıbəyliyə yazdığı məktublardan aydın olur ki, Dr. Oroys Məhəmmədəmin Rəsulzadəyə yaxın şəxs olub.
17 iyul 1960-cı ildə təşkilatın ümumi qurultayında cəmiyyətin mövcud şərtlər altında yenidən qurulmasına qərar verilib. Nəticədə 26 mart 1961-ci ildə baş tutan fövqəladə qurultayda yeni nizamnamə qəbul olunub.
Bu yenilikdən sonra Ankarada çıxan “Azerbaycan” dərgisinin səhifələrində bu təşkilatın hansı işləri həyata keçirdiklərini görə bilirik.
29 may 1960-cı ildə Azərbaycan Cümhuriyyətinin istiqlalının 42-ci ildönümü ilə bağlı Neu Ulmda tədbir keçirilib. Törənə Münxendən gələn azərbaycanlılar da qatılıb. Açılış nitqi söyləyən Dr. Oroys Azərbaycanın istiqlala qovuşmasının hüquqi yolları barədə danışıb. Daha sonra Ceyhun bəy Hacıbəyli Cümhuriyyətin qurulması ilə bağlı bəzi tarixi hadisələrdən bəhs edib, son illərdə vəfat edən üç böyük itkinin - Məhəmmədəmin Rəsulzadənin, Mirzəbala Məhəmmədzadənin və Əbdürrəhman Fətəlibəylinin xatirəsini anıb. Ardınca Süleyman Təkinər Azərbaycan istiqlal hərəkatının tarixi-ideoloji faktorlarını təhlil edib, Məhəmməd Altunbay günün əhəmiyyətindən danışıb. Legioner Allahverdi Bəkirin 9 yaşlı oğlu Elmas Bəkir atasının yazdığı “Azərbaycan” şeirini oxuyub. Tədbirdən sonra iştirakçılar Fətəlibəylinin və digər azərbaycanlıların məzarlarını ziyarət ediblər.
17 iyul 1960-cı ildə komitənin böyük qurultayı keçirilib. Qurultayın sədri Ceyhun bəy Hacıbəyli, sədr müavini Süleyman Təkinər, katib Bəşir Əlizadə olub. Heyət təşkilatın rəhbəri Dr. Oroysun fəaliyyət raportunu qəbul edib, ardınca yeni idarə heyəti seçilib. Dr. Oroys, Süleyman Təkinər, Samran Mehmedzadə, Allahverdi Abbasoğlu və Bəşir Əlizadə yeni heyətdə təmsil olunublar. Daha sonra heyət Süleyman Təkinəri sədr, Allahverdi Abbasoğlunu sədr müavini, Bəşir Əlizadəni katib, Samran Mehmedzadəni mühasib üzv olaraq seçib.
1961-ci ildə Neu Ulmdakı azərbaycanlılar 28 May və Qurban bayramını birgə qeyd ediblər. İdil-Urallı, krımlı, türküstanlı, şimali qafqazlılarla birlikdə təşkil edilən tədbirə Münxen, Frankfurt, Ausburq şəhərlərindən gələnlər, eləcə də İsveçrədə yaşayan azərbaycanlı və krımlı 15 nəfərlik heyət də qatılıb. Münxendə yaşayan azərbaycanlıların Neu Ulma gətirilməsi üçün 7 avtomobil təşkil edilib, Allahverdi Bəkirin maşınına böyük Azərbaycan bayrağı sərilib. Neu Ulm məzarlığını ziyarət etdikdən sonra Yaşıl Tuna sahilində yerləşən “Armbrustschützen Fortuna” adlı məkanda 250 nəfərin iştirakı ilə tədbir baş tutub. Amerikan Komitəsinin mühacirətlə irtibat ofisinin şef müavini Mr. Allvort da rəyasət masasında əyləşib. Tədbiri giriş sözü ilə açan cəmiyyətin sədri S. Təkinər naxoşluğu səbəbindən iştirak etməyən keçmiş sədr Dr. Oroysun təbrikini oxuyub. Allahverdi Bəkir və Şamil Atabek istiqlal və hürriyyət mövzulu şeirlərini oxuyublar. Neu Ulm şəhərində gündəlik çap olunan “Donauzeitung” qəzetinin 29 may 1961-ci il tarixli sayında tədbirlə bağlı geniş məlumat verilib.
25 mart 1962-ci ildə Neu Ulmdakı azərbaycanlılar Münxen və İsveçrədən gələn soydaşlarımızın iştirakı ilə Novruz bayramını qeyd ediblər. Aliyə Dadaş adlı azərbaycanlı qız mahnı və rəqslər ifa edib.
4 may 1962-ci ildə Neu Ulmdakı azərbaycanlılardan, lənkəranlı Mirzə Ağaoğlu vəfat edib. Cənazə mərasimində Dr. Oroys və Süleyman Təkinər çıxış ediblər.
28 may 1962-ci ildə təşkil edilən bayram tədbirində Ceyhun Hacıbəyli, Rusiya məhkumu millətlərin məsələləri ilə məşğul olan professor Von Mendenin Münxen təmsilçisi Dr. Adam Grünbaum, Dr. Oroys, Süleyman Təkinər və digər şəxslər iştirak ediblər. Bu, Azərbaycan Cümhuriyyətinin Paris Sülh Konfransına göndərdiyi heyətin üzvü, “Azərbaycan” qəzetinin redaktoru Ceyhun bəyin qeyd etdiyi sonuncu 28 May törəni olub. Tədbirdə Süleyman Təkinər geniş nitq söyləyib, ardınca soydaşlarımızdan Şamil Boyu qarmon ifa edib.
30 sentyabr 1962-ci ildə “Azərbaycan Mültəcilər Cəmiyyəti”nin ikinci böyük qurultayı keçirilib. Tədbirdə Qərbi Almaniyanın müxtəlif yerlərindən gələn 62 nəfər iştirak edib. Səsvermə nəticəsində qurultayın sədri Məhəmməd Əmircan, sədr müavini İsmayıl Əkbər, katiblər Kərim Səlamoğlu və Murad Maratlı seçiliblər. Daha sonra təşkilatın sədri Süleyman Təkinər iki illik fəaliyyətinin altı səhifədən ibarət raportunu təqdim edib. Gizli baş tutan seçkilər nəticəsində idarə heyəti bu şəxslərdən ibarət olub: Dr. Oroys, Süleyman Təkinər, Allahverdi Abbasoğlu, Ata Bala, Qulam Qurbanoğlu. Təftiş heyətinə seçilənlər: Şamil Boyu, Qürbət Cəfərzadə, Şirin Şirvanlı. İntizam divanına seçilənlər: Məhəmməd Əmircan, Bəşir Əlizadə, Kərim Səlamoğlu. Qurultayda Süleyman Təkinər sədr, Allahverdi Abbasoğlu sədr müavini, Qulam Qurbanoğlu katib, Ata Bala mühasib olub.
“Azərbaycan” dərgisində təşkilatın 1963-cü ildə də 28 May bayramını qeyd etdikləri bildirilib. Dərginin növbəti saylarında “Azərbaycan Mültəcilər Cəmiyyəti” haqqında məlumata rast gəlmədik. Amma təşkilatın sədrlərindən Həsən Kərbəla (Dr. Oroys) haqqında bilgi verilib.
H. Kərbəla 01.09.1891-ci ildə Qazaxda doğulub. İbtidai və orta təhsilini Qazaxda və Tiflisdə tamamlayıb. Xarkov Universitetinin Tibb fakültəsindən məzun olub. 1917-ci ilin 1-11 may tarixlərində baş tutan bütün Rusiya Müsəlmanları Qurultayında Rəsulzadənin rəhbəri olduğu heyətdə yer alıb. Cümhuriyyət dövründə həkim kimi fəaliyyət göstərib.
H. Kərbəla gizli Müsavatın üzvlərindən olub. Rusiyanın Azərbaycan Cümhuriyyətini işğalından sonra şair, dramaturq Cəfər Cabbarlının evində gizli toplantı keçirilib, Müsavat Partiyasının gizli Mərkəzi Komitəsi yaradılıb. Komitəyə rəhbərliyi Mirzəbala Məhəmmədzadə edib. Komitənin siyasi komissiyasının rəhbəri parlamentin ən gənc üzvlərindən Rəhim Vəkilli, ikinci rəhbəri isə Cəfər Cabbarlı olur. Komissiyanın digər üzvləri isə bunlar idi: Nəriman bəy Nərimanbəyli, Bədəl bəy Bədəlbəyli (müəllim), Kərbəlayi Vəli Mikayılzadə, Seyid Hüseyn Sadiq (müəllim, yazıçı), Əli Əfsər Nəcəfzadə və Həsən Kərbəla.
H. Kərbəlanın mücadiləsinin bu dövrü haqqında İstiqlal Komitəsində yer alan mühacir Əbdülvahab Yurdsevər yazıb:
“1923-cü ilin 15 iyununda təşkilata qarşı olan ilk kütləvi tətbiqatda siyasi komissiyanın bütün üzvləri ələ keçdi. Fəqət ÇEKA idarəsi komissiyanın mövcudluğunu heç bir zaman təsbit edə bilmədi. Dr. Həsən Kərbəlanı ilk dəfə ÇEKA həbsxanasında tanıdım. Bir-birimizi qiyabi tanıyırdıq. Bir gün təcrid edilmiş məhkumlara məxsus hücrəmin pəncərəsindən çölü seyr edərkən Həsən bəy türk gözətçilərin göz yummasından istifadə edərək yanıma gəldi və özünü tanıtdı. O, xəstə olduğu üçün müayinəxanada qalır, ara-sıra koridora çıxmaq fürsətini tapırdı... Azərbaycanda bir daha görüşə bilmədik. 1943-cü ildə mərhum Əmin bəyin dəvəti ilə Berlinə gedəndə Həsən bəyə yenidən rastladım. Bu, bir səhnə zamanı baş vermişdi. II Dünya müharibəsində almanlara əsir düşmüş gənc azərilər Üzeyir Hacıbəylinin “Arşın mal alan” və “Məşədi İbad” operalarını amatör şəkildə səhnəyə qoymuşdular. Uzun ayrılıqdan sonra qərib bir ölkədə ani şəkildə görüşməyimiz çox həyəcanlı olmuşdu. 1955-dən sonra isə demək olar ki, hər il, iki ildən bir Münxendə görüşürdük. “Paris Blok”unun toplantılarına bərabər şəkildə qatılır, düşüncələrimizi birlikdə müdafiə edirdik. Həsən bəy prinsipial, əxlaqlı, dürüst bir insandı... Almaniyadakı gənc azərilərin atası, hamisi, öndəri kimiydi. İllərlə oradakı Azərbaycan Cəmiyyətinə rəhbərlik etdi. Həsən bəy mərhum Rəsulzadə ilə sıx-sıx məktublaşırdı. Əmin bəyin, mərhum Əli xan Qantəmir və Əhməd Nəbi Mağoma ilə birlikdə qurduğu Qafqaz İstiqlal Komitəsinin ilk konqresində iştirak etmişdi. Mirzəbala ilə də çox səmimi dostluqları vardı”.
H. Kərbəla Frankfurtun yaxınlığında yerləşən Bad-Kreuznach-da 2 may 1964-cü ildə vəfat edib. Vəfatı ilə bağlı verilən məlumatda bildirilib: “Mərhumun cənazəsi Milli Azərbaycan Mərkəzinin Avropa nümayəndələri tərəfindən Münxenə gətirilərək 6 may 1964 tarixində saat 15:30-da Valdfriedhof məzarlığında torpağa tapşırılıb. Almaniyadakı azərilərin və rus məhkumu digər millətlərin təmsilçilərinin iştirakı ilə baş tutan möhtəşəm dəfn mərasimində dostumuz Süleyman Təkinər Milli Mərkəz adına çıxış edib. Törəndə “Paris Bloku” və mühacir Ukrayna Parlamenti adına Livitski, Şimali Qafqaz adına Həsən Kasay, Türküstan adına Sabir İşimbet, ermənilər adına K. Balıkçıyan, İdil-Ural adına Tevbet və “Hürriyyət Birliyi” adına Dr. F.Prillen çıxış ediblər... Mərasimdə amerikalılar adına MR.Klump da iştirak edib”.
Komitənin Dr. Oroysdan sonrakı sədri Süleyman Təkinər 1916-cı il aprelin 16-da Bakının Mərdəkan qəsəbəsində doğulub. 1928-ci ildə Mərdəkandakı 7 nömrəli beş illik məktəbi, 1930-cu ildə Abbas Səhhət adına 5 nömrəli tam olmayan orta məktəbi, 1933-cü ildə Bakıda üç illik Dövlət Pedaqoji Texnikumunu, 1939-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnsitutunun tarix fakültəsini bitirib. 1940-1942-ci illərdə Gəncə Müəllimlər İnstitutunun tarix fakültəsində orta əsrlər dövründən dərs deyib.
1942-ci ildə S. Təkinər sovet-alman müharibəsinə göndərilib. Onun müharibədən göndərilən son məktubları Taqanroq səhra döyüşləri zonasından gəlib. 1943-cü ildə Krasnodar ətrafındakı döyüşlərdə əsir düşüb. Almanlar onu oradan Krıma, daha sonra Kerçə aparıblar. Təkinər 8 noyabr 1949-cu ildə Türkiyəyə gəlib. Bir müddət Türkiyədə yaşadıqdan sonra Almaniyaya gedib, amerikalıların qurduğu Sovet İttifaqı Tarix və Mədəniyyətini Tədqiq İnstitutunda elmi işçi olaraq çalışıb. İnstitutun 26 iyul 1967-ci il tarixli Münxendə baş tutan ümumi toplantısında əsas elmi üzvlüyə seçilib. Bu qurum daha sonra Sovet İttifaqını Öyrənmə İnstitutu adlanıb. S. Təkinərin bu institutun orqanı olan “Dergi” jurnalında çoxlu elmi məqalələri dərc olunub. Azərbaycan 1991-ci ildə müstəqillik əldə etdikdən sonra S. Təkinər Vətənə gələ bilib.
P.S. Növbəti yazımız Almaniyadakı bu komitənin Türkiyə dövlətinə mühüm bir məsələ ilə bağlı müraciəti barədə olacaq.