23 İyun 2023 20:00
471
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Gimnastika Arenasında Bakı Dövlət Universitetinin (BDU) “Məzun günü” tədbiri keçirilib.

Teleqraf.com xəbər verir ki, professor- müəllim heyəti, məzun və qonaqların iştirakı ilə keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev açılış nitqində bildirib ki, ulu öndər Heydər Əliyevin “Azərbaycan xalqının, Azərbaycan Respublikasının milli sərvəti, milli iftixarı” adlandırdığı Bakı Dövlət Universiteti 1919-cu ildə cəmi 2 fakültə, 44 nəfərlik professor-müəllim heyəti və 1094 tələbə ilə fəaliyyətə başlayıb.

Rektor vurğulayıb ki, bu gün ali məktəbdə 16 fakültə, 1500 nəfərlik professor-müəllim heyəti fəaliyyət göstərir, 25000-ə yaxın tələbə təhsil alır: "Universitetdə 120 kafedra, 2 elmi-tədqiqat institutu, 4 elmi-tədqiqat mərkəzi, Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzi, 21 elmi-tədqiqat, 23 tədris laboratoriyası, 5 muzey, Qazax filialı, İqtisadiyyat və Humanitar Kollec, “Gənc istedadlar” liseyi fəaliyyət göstərir. Bakalavriat səviyyəsində 84 ixtisas, magistratura səviyyəsində 246 ixtisaslaşma üzrə kadr hazırlığı həyata keçirilir".

Gənclər və İdman naziri Fərid Qayıbov BDU-nu bitirən məzunlara uğurlar diləyib.

Tədbirdə Azərbaycan təhsil tarixində bir ilk yaşanıb. Eyni anda Məzun Günü keçirən BDU, İstanbul Texniki Universiteti və Azərbaycan Texniki Universiteti (AzTU) ortaq bağlantı həyata keçirib. İstanbul Texniki Universitetinin rektoru İsmail Koyuncu, BDU rektoru Elçin Babayev və AzTU rektoru Vilayət Vəliyev üç ali təhsil müəssisəsinin məzunlarını təbrik edib, Türkiyə-Azərbaycan qardaşlığının daha da güclənəcəyini diqqətə çatdırıblar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər