Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanun layihəsinin qəbul olunması ölkədə ödəniş xidmətlərinə çıxış imkanlarının genişləndirilməsinə, nağdsız ödənişlərin əhatə dairəsinin innovativ texnologiyalar və rəqəmsal ödəniş alətləri əsasında daha da artırılmasına təkan verəcək.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili parlamentin bu gün keçirilən plenar iclasında bildirib.
O qeyd edib ki, layihə innovativ onlayn və mobil ödənişlərin inkişafını, daha etibarlı və təhlükəsiz fəaliyyətini və istehlakçıların daha etibarlı müdafiəsini təşviq edəcək. Nəticədə yeni iştirakçılar olan 3-cü tərəf provayder və “FinTech”lər daxil olmaqla, ödəniş xidməti təchizatçıları üçün bərabər bazar şəraiti yaradılmaqla, onların sıx əməkdaşlıq və güclü rəqabət şəraitində fəaliyyətləri dəstəklənəcək, daha sıx inteqrasiya olunmuş ödəniş bazarının yaradılması mümkün olacaq”.
Deputat bildirib ki, ümumilikdə, layihə ölkənin yeni ödəniş ekosisteminin yaradılmasını, ödəniş bazarında yeniliyi, rəqabəti və effektivliyi təmin edəcəkdir: “İstehlakçılar üçün əlverişli ödəniş xidmətləri üzrə geniş seçim imkanları yaradılacaq, onların hüquqları daha etibarlı hüquqi baza əsasında tənzimlənəcək.
"Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanun layihəsi 9 fəsil və 68 maddədən ibarətdir, dərc edildiyi gündən 3 ay sonra qüvvəyə minəcək.
Bazar iştirakçılar qanun qüvvəyə minəndən sonra 6 ay ərzində öz fəaliyyətlərini bu qanunun tələblərinə uyğunlaşdırmalıdır. Layihə ödəniş xidmətlərinin növlərini, bu xidmətlərin göstərilməsi zamanı ödəniş xidməti təchizatçılarının hüquq və vəzifələrini, ödəniş təşkilatları, elektron pul təşkilatları və ödəniş sistemi operatorlarının yaradılması və fəaliyyətlərinin iqtisadi, hüquqi və təşkilati əsaslarını, bu təşkilatlar üzərində həyata keçirilən dövlət tənzimlənməsi və nəzarətinin əsas aspektlərini, habelə ödəniş sistemlərinin təhlükəsiz və effektiv fəaliyyətinin təmin edilməsi üzrə tələbləri müəyyən edir".