19-23 iyun 2023-cü il tarixlərində Amerika Birləşmiş Ştatlarının (ABŞ) Təhlükənin Azaldılması üzrə Müdafiə Agentliyi (TAMA) Kütləvi Qırğın Silahlarına Qarşı Mübarizə İdarəsinin (CWMD) təşkilatçılığı ilə Təhlükəsizlik üzrə Birgə Əməkdaşlıq Proqramı (CSCEP) çərçivəsində FHN əməkdaşları üçün “510 Pack Bot CBRN” robot təlim kursu keçirilib.
Bu barədə Teleqraf.com-a Fövqəladə Hallar Nazirliyi (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, bu tədbir “Kütləvi qırğın silahlarının yayılmaması” mövzusunda keçirilmiş təlim kursuna əlavə olaraq təşkil edilib.
Təlim kursları ABŞ tərəfindən ölkəmizə sözügedən sahədə təlim və texniki dəstək verilməsi məqsədilə keçirilib.
FHN-in Mülki müdafiə qoşunlarında (MMQ) keçirilmiş təlim kurslarında nazirliyin Aparatının və MMQ-nin Radiasiya və kimya laboratoriyasının kimyaçı mütəxəssisləri, ABŞ-dan gəlmiş mütəxəssis və təlimçilər, eyni zamanda ABŞ-ın Bakıdakı səfirliyinin nümayəndələri iştirak ediblər.
Kurslarda amerikalı təlimçilər tərəfindən kurs iştirakçılarına əməliyyat prosesindən bəhs edilib, həmçinin fərdi mühafizə vasitələrindən istifadə qaydaları, kəşfiyyat zamanı istifadə olunan cihazların seçilməsi və hazır vəziyyətə gətirilməsi barədə məlumatlar verilib.
Kursu müvəffəqiyyətlə bitirmiş iştirakçılara yekunda sertifikatlar təqdim edilib.