24 İyun 2023 17:23
556
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu gün müəllimlərin sertifikatlaşdırma imtahanları başa çatdı. Bu imtahanlar xüsusi yeniliklə yadda qaldı. Yaşı 60 və daha yuxarı olan şəxslər üçün sertifikatlaşdırmada iştirak könüllü oldu. Bundan sonra orta məktəbdə çalışan müəllimin yaşı 60-dan çoxdursa, o, heç bir halda məcburi sertifikatlaşdırmağa cəlb edilə bilməz. Yalnız müəllim öz istəyi ilə sertifikaşladırmada iştirak edə bilər”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

İqtisadçının qənaətincə, prosesin daha da təkmilləşdirilməsi vacibdir: “Bu istiqamətdə bir sıra təkliflərimi Milli Məclisə təqdim etmişəm. Birinci, müəllimlərin əməyinin keyfiyyət kriteriyası üzrə qiymətləndirilməsi müsbət hal olsa da, belə meyarların sayının artırılmasına ehtiyac var. Sertifikalaşdırma əməyin dəyərləndirilməsi üçün yeganə meyar olmamalıdır və əksər inkişaf etmiş ölkələrdə olduğu kimi, digər kriteriyalardan, o cümlədən sinif qiymətləndirmə yekunlarından istifadə olunmalıdır.

İkinci, sertifikatlaşdırmada diferensial yanaşma daha məqsədəuyğun olardı. Mövcud qanunvericiliyə əsasən, müəllim 3 dəfə məcburi sertifikatlaşdırmadan keçməlidir. Amma sertifikatlaşdırmanın sayı və müddəti müəllimin topladığı nəticəyə diferensial uyğunlaşdırılmalıdır. Bu müəllimlərin təşviqi baxımdan da vacibdir. Məsələn, 90 faiz və daha çox nəticə göstərən müəllimlər üçün növbəti sertifikatlaşdırma 5 il deyil, daha uzun müddətdən sonra aparıla bilər. Yaxud müəllim iki sertifikatlaşdırmada ardıcıl 90 faiz və daha yüksək nəticə göstərirsə, bu zaman üçüncü sertifikatlaşdırmada iştirak onun üçün məcburi olmaya bilər.

Üçüncü, qiymətləndirmə də diferensial meyarlara əsaslanmalıdır. Mövcud qaydalara əsasən, 30 və 50 bal aralığında nəticə göstərən müəllimlərin əməkhaqqılarına 10 faiz əlavələr olunur. 51 bal və ya daha yüksək nəticə göstərən müəllim hər ay 35 faiz əlavədən istifadə edə bilir. Ancaq 59 və ya 60 bal toplamış təhsil işçisinin əməyi nisbətən az bal yığmış müəllim ilə müqayisədə daha yüksək qiymətləndirilməlidir”.

Deputat bütövlükdə təhsildə əməyin keyfiyyət meyarları əsasında qiymətləndirilməsini təqdirəlayiq hesab edir: “Bu pozitiv yanaşmadır. Bununla yanaşı, qiymətləndirmə meyarlarının artırılması və diferensial yanaşmanın tətbiq edilməsi vacibdir”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər