İyunun 24-də Məhkəmə-Hüquq Şurasının yeni tərkibdə ilk iclası keçirilib.
Teleqraf.com xəbər verir ki, iclasda Məhkəmə-Hüquq Şurasının sədrliyinə Şuranın üzvü İnam Kərimovun namizədliyi irəli sürülərək səsverməyə qoyulub. Şura üzvlərinin yekdil səsi ilə İnam Kərimov Məhkəmə-Hüquq Şurasının sədri seçilib.
Göstərilən yüksək etimada görə Şuranın üzvlərinə təşəkkürünü bildirən İnam Kərimov qeyd edib ki, əsası Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyev tərəfindən qoyulan məhkəmə-hüquq islahatları bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Sədr "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" ölkə Prezidentinin 2019-cu il 3 aprel tarixli Fərmanının məhkəmə sistemində yeni mərhələnin başlanması kimi qəbul edildiyini diqqətə çatdırıb.
İclasda, həmçinin məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində qarşıda duran vəzifələr müzakirə olunub və müvafiq təkliflər verilib.