25 İyun 2023 18:17
401
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin qurum və regional mərkəzlərində 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə tədbirlər keçirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirib ki, tədbirlərdə, əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin və xalqımızın müstəqilliyi və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Toplantılarda Ordumuzun keçdiyi şərəfli inkişaf yoluna tarixi ekskurs olunub, ulu öndər Heydər Əliyevin Silahlı Qüvvələrimizin formalaşması istiqamətində misilsiz xidmətlərindən danışılıb. Bildirilib ki, bugünkü rəşadətli Azərbaycan Ordusunun möhkəm əsasları Dahi Rəhbərin müdrik və uzagörən siyasəti, yorulmaz fəaliyyəti nəticəsində formalaşıb. Ulu Öndər ölkəmizə rəhbərlik etdiyi bütün dövlərdə milli hərbçi kadrların hazırlanması, onların vətənpərvərlik, xalqına və dövlətinə sədaqətli insanlar kimi yetişməsi məsələlərinə xüsusi həssaslıqla yanaşıb. Dahi Rəhbərin bilavasitə təşəbbüsü ilə Cəmşid Naxçıvanski adına Hərbi Məktəb yaradılıb və bu təhsil ocağı peşəkar milli hərbçi kadrların yetişməsində mühüm rol oynayıb. Bundan başqa, hər il onlarla Azərbaycan gənci İttifaqın nüfuzlu hərbi məktəblərinə təhsil almaq üçün göndərilirdi.

Ümummilli lider Heydər Əliyevin xalqın təkidi və tələbi ilə hakimiyyətə qayıdışından sonra digər sahələrdə olduğu kimi, ordu quruculuğu istiqamətində də mühüm addımlar atıldı, genişmiqyaslı, köklü islahatlar həyata keçirildi.

Tədbirlərdə çıxış edənlər xüsusi vurğulayıblar ki, dahi rəhbər Heydər Əliyev tərəfindən başlanılan qüdrətli Milli Ordu quruculuğu istiqamətində davamlı islahatlar ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Silahlı Qüvvələrinin müdafiə qüdrətinin və döyüş qabiliyyətinin daha da artırılması, onun ən müasir silahlarla təchiz edilməsi, hərbi qulluqçuların sosial müdafiəsinin daim gücləndirilməsi ordu quruculuğu siyasətinin əsas istiqamətləri kimi diqqət çəkir. Ordumuz son illər ərzində daha da modernləşib, Silahlı Qüvvələrimizin arsenalı ən son hərbi texnologiyalarla zənginləşdirilib.

Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərlə hərb tarixinin yeni və şanlı salnaməsini yazıb. Şanlı Ordumuzun şücaəti, Vətən uğrunda apardığı müqəddəs savaşı sayəsində torpaqlarımız düşmən tapdağından azad olundu, ərazi bütövlüyümüz bərpa edildi. 44 günlük Vətən müharibəsində Ordumuz əsl gücünü dünyaya nümayiş etdirdi.

Tədbirlərdə ulu öndər Heydər Əliyevin Azərbaycanda ordu quruculuğu sahəsindəki fəaliyyətini əks etdirən film nümayiş olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər