Neftçala rayonunda “Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” mövzusunda görüş keçirilib.
Ulu öndər Heydər Əliyevin 22 may 1998-ci il Sərəncamına əsasən 26 iyun Silahlı Qüvvələr Günü elan olunub və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd olunur.
Teleqraf.com xəbər verir ki, Neftçala rayonunda bu əlamətdar günlə əlaqədar olaraq “Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” mövzusunda rayon ictimaiyyətinin iştirakı ilə görüş keçirilib.
Görüşdən öncə Neftçala rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, YAP Neftçala rayon təşkilatının, idarə, müəssisə, təşkilat rəhbərləri, müharibə iştirakçıları, şəhid ailələri, hərbi qulluqçular, digər ictimaiyyət nümayəndələri ilə ümummilli lider Heydər Əliyevin şəhər mərkəzində yerləşən abidəsi və şəhidlərin əziz xatirəsinə ucaldılan Şəhidlər abidə kompleksi ziyarət olunub, önünə gül dəstələri düzülüb və ehtiramla yad edilib.
Tədbir Neftçala şəhər Mehman Səfərov adına İnteqrasiya təlimli internat tipli gimnaziyada Neftçala rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə hazırlanan toplantı ilə davam edib.
Öncə ulu öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçularımızın ruhu bir dəqiqəlik sükutla yad olunub və dövlət himni səslənib.
Tədbirdə Neftçala rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən Mühariəbəsi iştirakçıları və Şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri İlqar Həsənov, Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev, Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayılovun atası Vidadi İsmayılov, Hərbi Hava Qüvvələrinin mayoru Sabir Nəsirov çıxış edib. Tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin xalqın təkidilə yenidən hakimiyyətə gəldikdən sonra bütün sahələrdə olduğu kimi, ordu quruculuğunda əvəzsiz rolu olduğunu, 44 günlük Vətən Müharibəsində əldə olunan tarixi qələbədən söz açıblar. Çıxışçılar Azərbaycan ordusunun gücündən, qüdrətindən danışıblar, şəhid ailələri, Qarabağ müharibəsi iştirakçıları, qazilərə göstərilən dövlət qayğısına görə Prezident İlham Əliyevə və Birinci vitse- prezident Mehriban Əliyevaya öz təşəkkürlərini, minnətdarlıqlarını bildiriblər.
Tədbirdə çıxış edən Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov fikirlərini ulu öndərin sözləri ilə davam etdirib: "Biz Cəmşid Naxçıvanski adına Hərbi Liseyin ilk bünövrə daşlarını qoyanda o bizim üçün nəzəriyyə deyildi, böyük gələcəyə, Azərbaycanın gələcəyinə baxış idi. Azərbaycanın milli zabit kadrlarının hazırlanması üçün ilk uğurlu addımlar idi. Biz bu addımları atarkən düşünürdük ki, zaman gələcək, Azərbaycan xalqı öz milli azadlığına qovuşacaq, öz dövlət müstəqilliyini əldə edəcək, müstəqil Azərbaycan dövləti yaranacaq. Yarandı da. Məhz bugünkü müstəqilliyimizə görə mən bu məktəbi yaratdım, yaşatdım, böyütdüm. Bilirsiniz, sizə səmimi deyirəm, C.Naxçıvanski adına lisey mənim üçün bir övladdır. Ona öz övladım kimi baxıram və nə qədər yaşayıramsa, ona bax, bu cür baxacağam".
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qalibiyyət tariximizi yazan, dövlətimizi qalib, müzəffər edən Azərbaycan Silahli Qüvvələrinin yaranma tarixindən söz açan RİH-in başçısı tarixin bu gününün düşmənin qorxulu kabusuna çevrilən qüdrətli ordumuzun, yurdumuza azadlıq, xalqa fəxarət bəxş edən hünərli, şücayətli oğullarımızın günü olduğunu bildirib və Silahlı Qüvvələr günü ilə əlaqədar təbrik edib.
Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında, o cümlədən hərbi xidmətləri zamanı fərqlənən bir qrup hərbi qulluqçulara Neftçala Rayon İcra Hakimiyyətinin fəxri fərmanları təqdim olunub.
Tədbirin sonunda Vətən Müharibəsi iştirakçıları ilə xatirə şəkli çəkilib.